Qazaxıstan, 7 aprel, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Almatı şəhərində keçirilən “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimində iştirak edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq səviyyədə tanıdılması, xarici tələbələrin ölkəyə cəlb olunması və universitetlərarası əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.
Açılış mərasimində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek çıxış edərək iki ölkə arasında təhsil və elmi əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Sərgidə təmsil olunan MDU-nun rektoru Anar Eminov bu cür təşəbbüslərin Azərbaycan ali təhsilinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması və ölkənin təhsil brendinin gücləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Tədbir çərçivəsində MDU nümayəndələri universitetin təhsil proqramları və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat verib, potensial tərəfdaşlarla görüşlər keçiriblər.
Qeyd edək ki, sərgi Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə təşviqi və yeni əməkdaşlıqların qurulmasına xidmət edir.
Müxbir – Vüsalə Cənnətova