AZ

Cənubi Qafqaz regionuna marağın artması təsadüfi deyil



Azərbaycan və Gürcüstan arasında münasibətlər uzunmüddətli tarixi təməllərə söykənir. Bu iki ölkə əsrlər boyu Şərqlə Qərb arasında körpü rolunu oynayan ticarət yollarının üzərində yerləşib və qarşılıqlı iqtisadi əlaqələr formalaşdırıb. Müasir dövrdə isə bu tarixi funksiyanın daha sistemli və institusional şəkildə bərpa olunduğu görmək mümkündür. Enerji və nəqliyyat sahəsində həyata keçirilən iri layihələr bu əməkdaşlığı region səviyyəsindən çıxararaq beynəlxalq əhəmiyyətli faktora çevirib.
Cənubi Qafqaz regionuna marağın artması təsadüfi deyil. Beynəlxalq güclər arasında rəqabətin dərinləşməsi, Avropanın enerji təhlükəsizliyi ilə bağlı axtarışları və alternativ marşrutlara ehtiyac Cənubi Qafqazın rolunu əhəmiyyətli dərəcədə artırır. Belə bir şəraitdə Azərbaycan və Gürcüstanın koordinasiyalı fəaliyyəti regionda sabitlik və proqnozlaşdırıla bilən əməkdaşlıq modeli kimi çıxış edir.
Geoiqtisadi baxımdan diqqət mərkəzində dayanan əsas məsələlərdən biri Orta Dəhlizin inkişafıdır. Bu marşrutun genişlənməsi ilə Asiya və Avropa arasında ticarət axınlarının yeni istiqamətlər üzrə formalaşması baş verir. Bu isə həm tranzit gəlirlərinin artmasına, həm də regionun beynəlxalq iqtisadi sistemdə mövqeyinin güclənməsinə səbəb olur.
Eyni zamanda, Cənubi Qafqazda post-münaqişə mərhələsinin formalaşması region üçün yeni imkanlar yaradır. Kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələr, iqtisadi inteqrasiya perspektivləri və nəqliyyat əlaqələrinin genişlənməsi bölgəni tədricən əməkdaşlıq məkanına çevirir. Bu prosesdə Azərbaycan-Gürcüstan münasibətləri sabit və davamlı tərəfdaşlıq modeli kimi ön plana çıxır.
Müasir tendensiyalar da göstərir ki, enerji və logistika layihələri artıq təkcə iqtisadi xarakter daşımır, eyni zamanda siyasi təsir alətinə çevrilir. Alternativ marşrutlara artan tələbat bu iki ölkənin rolunu daha da möhkəmləndirir və əməkdaşlığın regional çərçivəni aşaraq daha geniş Avrasiya məkanına təsir göstərməsinə şərait yaradır.
Azərbaycan - Gürcüstan tərəfdaşlığı regionun gələcək inkişaf trayektoriyasını formalaşdırmaqda mühüm rol oynayır, tərəflərin strateji mövqeyini möhkəmləndirir və Cənubi Qafqazın qlobal sistemdə çəkisini artırır. Qarşıdakı illərdə bu tandem təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də regional stabillik və inteqrasiyanın təmin olunmasına yönəlmiş əsas dayaqlardan biri kimi çıxış edəcək.
Əli Səlimov
Seçilən
12
newscenter.az

1Mənbələr