AZ

ABŞ-də Pentaqon rəhbərinə qarşı impiçment təşəbbüsü irəli sürülüb

Demokratlar Pit Heqseti İran əməliyyatına görə məsuliyyətə cəlb etmək istəyir...

Poliqon xəbər verir ki, ABŞ-də Demokratlar Partiyasını təmsil edən, İran əsilli Konqres üzvü Yasəmin Ənsari Pentaqon rəhbəri Pit Heqsetə qarşı impiçment maddələri irəli sürmək niyyətini açıqlayıb. Axios portalının məlumatına görə, bu təşəbbüsə səbəb kimi onun İrana qarşı həyata keçirilən hərbi əməliyyata rəhbərliyi göstərilir.

Məlumata əsasən, Ənsari bəyanatında Heqseti “dəfələrlə andını və Konstitusiya qarşısındakı vəzifəsini pozmaqda” ittiham edib. O həmçinin bildirib ki, müdafiə naziri “ABŞ hərbçilərini məsuliyyətsiz şəkildə təhlükə altına atıb”. Bununla yanaşı, konqres üzvü prezident Donald Trampın İran hakimiyyətinə sosial şəbəkələrdə yönəltdiyi sərt və qeyri-etik ifadələrə istinad edərək, Nazirlər Kabinetini Konstitusiyanın 25-ci düzəlişini tətbiq etməyə və prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdən keçirməyə çağırıb.

Axios Agentliyinin təhlilinə görə, bu cür impiçment təşəbbüslərinin uğur qazanması ehtimalı aşağı qiymətləndirilir. Belə ki, hazırda Respublikaçılar Partiyası Konqresin hər iki palatasına nəzarət edir və icra hakimiyyəti nümayəndəsinin vəzifədən kənarlaşdırılması üçün Senatda üçdə iki səs çoxluğu tələb olunur. Daha əvvəl oxşar təşəbbüs konqres üzvü Şri Tanedar tərəfindən də irəli sürülsə də, məsələ hələ səsverməyə çıxarılmayıb.

Qeyd olunur ki, aparılan sorğular Pit Heqsetin administrasiyanın ən az populyar üzvlərindən biri olduğunu göstərir. Eyni zamanda, İranla bağlı münaqişənin artan maliyyə və siyasi xərcləri onun ictimai imicinə mənfi təsir göstərir və bu kimi təşəbbüslərin ortaya çıxmasına zəmin yaradır.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr