AZ

ÜST Qəzzadan tibbi evakuasiyanı dayandırıb

Ümumdünya Səhiyyə Təşkilatı Qəzzada tibbi evakuasiyanı dayandırıb, təşkilatın əməkdaşının ölümü beynəlxalq narahatlıq doğurub...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza sektorunda baş vermiş təhlükəsizlik insidenti nəticəsində təşkilatla əməkdaşlıq edən şəxsin həlak olmasından sonra tibbi evakuasiya prosesini dayandırıb.

Poliqon xəbər verir ki,bu barədə ÜST-ün baş direktoru Tedros Adanom Gebreyesus sosial şəbəkə platforması X-də məlumat yayıb.

Onun sözlərinə görə, hadisə zamanı təşkilatla müqavilə əsasında çalışan və ÜST-ə xidmət göstərən bir nəfər həyatını itirib. Bildirilib ki, insident baş verən ərazidə ÜST-ün daha iki əməkdaşı da olub, lakin onlar xəsarət almayıblar.

Hadisədən dərhal sonra ÜST Qəzzadan Misirə, xüsusilə Rəfah keçidi vasitəsilə həyata keçirilən tibbi evakuasiyanı dayandırmaq qərarı verib. Qeyd olunub ki, bu qərar təhlükəsizlik vəziyyətinin yenidən qiymətləndirilməsi və risklərin aradan qaldırılması məqsədi daşıyır və evakuasiya prosesi növbəti bildirişədək bərpa olunmayacaq.

ÜST rəhbəri əlavə edib ki, hadisənin bütün təfərrüatları müvafiq qurumlar tərəfindən araşdırılacaq. Beynəlxalq təşkilat baş verənləri ciddi narahatlıqla izlədiyini və humanitar fəaliyyətlərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.

Mövcud vəziyyət Qəzzada humanitar böhranın daha da dərinləşməsi riskini artırır, çünki tibbi evakuasiya ağır xəstələrin və yaralıların həyatının xilas edilməsində mühüm rol oynayır.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr