AZ

Fransa Trampa inanmır: ABŞ-dakı qızıllarını satır

Yazını böyüt
Yazını kiçilt

Fransa Mərkəzi Bankı 2025-ci ilin iyul ayı ilə 2026-cı ilin yanvar ayı arasında ümumi ehtiyatlarının təxminən 5 faizini təşkil edən 129 ton qızılın yerini dəyişdirərək 12,8 milyard avro kapital qazandığını açıqlayıb.

Hafta.az yazır ki, “Reuters”in məlumatına görə, satılan qızıl Fransanın Nyu-Yorkda saxlanılan son ehtiyatı olub. Avropadan alınan qızılın ekvivalent miqdarı Parisdə saxlanılıb.

2005-ci ildən bəri bank tədricən keyfiyyətsiz, köhnə qızıl külçələrini beynəlxalq standartlara uyğun külçələrlə əvəz edir. Fransa 1963-1966-cı illər arasında qızıl ehtiyatlarının əksəriyyətini FED-dən və İngiltərə Bankından geri götürüb.

Bank qalan qızılı ABŞ-da emal etmək və daşımaq əvəzinə, onu satmağı və Avropa bazarından yeni, standart külçələr almağı seçib. Rekord səviyyədə yüksək qızıl qiymətlərindən istifadə edərək cəmi 26 əməliyyat əhəmiyyətli mənfəət əldə edib. Fransanın təxminən 2437 ton qızıl ehtiyatı hazırda tamamilə Parisdə yerləşir. Bu ehtiyatdakı 134 ton köhnə külçə və sikkələrin də 2028-ci ilə qədər standart vəziyyətə gətirilməsi planlaşdırılır.

Dünyanın ikinci ən böyük qızıl ehtiyatlarına malik Almaniyada bəzi iqtisadçılar ABŞ-da saxlanılan qızılın geri götürülməsinə çağırırlar. Bu çağırışlar Donald Tramp administrasiyasının "gözlənilməz" siyasətini vurğulayır.

Almaniya mərkəzi bankı Bundesbank ABŞ-da 1236 ton qızıl saxlayır ki, bu da onun ümumi ehtiyatlarının təxminən 37 faizini təşkil edir.

Almaniya Vergi Ödəyiciləri Assosiasiyasının və Avropa Vergi Ödəyiciləri Assosiasiyasının prezidenti Maykl Jaqer bildirib ki, "Tramp gözlənilməzdir və gəlir əldə etmək üçün hər şeyi edir. Buna görə də qızılımız artıq FED-in seyflərində təhlükəsiz deyil".

Lakin Fransa Mərkəzi Bankının sədri Fransua Villeroy de Qalhau ABŞ-dan qızılın geri götürülməsi qərarının siyasi deyil, iqtisadi səbəblərə əsaslandığını vurğulayıb.

Qərar, Avropa bazarında daha yüksək standartlı qızılın ticarət edildiyi və yeni qızılın əldə edilməsinin mövcud ehtiyatları təmizləməkdən daha asan olduğu üçün verilib.

Bu əhəmiyyətli kapital artımı bankın 2025-ci ildə xalis mənfəətinin 8,1 milyard avroya çatmasına səbəb olub. Bank əvvəlki il 7,7 milyard avro zərər etdiyini bildirmişdi.

Seçilən
18
hafta.az

1Mənbələr