AZ

İranda müharibə dünyanın aviasiya sənayesini sarsıdır

Bizimyol saytına istinadən ain.az xəbər verir.

ABŞ və İsrailin İrana qarşı müharibəsi artıq dünya mülki aviasiyasına ciddi təsir göstərir. Neft təchizatındakı fasilələr və qiymətlərin kəskin artımı səbəbindən dünyanın müxtəlif aviakompaniyaları reysləri ləğv etməyə və tarifləri artırmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, "Business Insider"in məlumatına görə, münaqişə Yaxın Şərqdə neft təchizatı zəncirlərini pozub. Nəticədə, "qara qızıl"ın qiyməti barreli 100 dollardan çox artaraq mart ayının sonunda 195 dollara çatıb – bu, fevralın sonunda, döyüş əməliyyatları başlayanda qiymətin təxminən iki dəfə aşağı olması ilə müqayisədə çox böyük fərqdir. Yanacaq çatışmazlığını xüsusilə öz ehtiyatları və yerli istehsalı olmayan ölkələr hiss edir.

Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birro bildirib ki, apreldə neft itkiləri mart ayındakının ikiqatına çata bilər və bu da aviasiya yanacağı və dizel yanacağı çatışmazlığını daha da artıracaq. Onun sözlərinə görə, ilkin nəticələr artıq Asiyada görünür və apreldə–mayda Avropaya da təsiri çatacaq.

"Sparta Commodities"in baş analitiki Cun Qo qeyd edib ki, aviasiya yanacağı ehtiyatları məhduddur, çünki onun saxlanması xüsusi şərait tələb edir. "Asiyada səyahət xeyli bahalaşıb, bir çox aviakompaniyalar yanacaq əlavələri tətbiq edir və ya reysləri ləğv edir. Avropa da yaxın zamanda oxşar çatışmazlıqla üzləşəcək," – deyə o vurğulayıb.

Avropada ən böyük aşağıbüdcəli hava yolu şirkəti "Ryanair" marşrutların sayını azaltmağı nəzərdən keçirir, "Lufthansa" isə 40 təyyarənin uçuşlarını dayandırmağa hazırlaşır. "Scandinavian Airlines" əsasən Şimali Avropada qısa marşrutlarda təxminən 1 000 reysi ləğv etməyi planlaşdırır və tarifləri artırıb.

ABŞ-da "United Airlines" pik olmayan saatlarda bəzi reysləri azaltmaq niyyətindədir ki, bu da şirkətin illik yanacaq xərclərinə əlavə olaraq 11 milyard dollara qədər yük gətirə bilər. Asiyada "Air New Zealand" maydan etibarən təxminən 5% reysi ləğv etməyi planlaşdırır, "Vietnam Airlines" isə artıq 1 apreldən yeddi daxili marşrutu dayandırıb. "Vietjet Air" və "Bamboo Airways" isə yanacaq qiymətləri daha da artarsa, uçuşları azaltmağa hazırlaşır.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
bizimyol.info

1Mənbələr