AZ

Nə fərdi şəxs, nə də qurumlar olaraq risklərimizi ölçə bilmirik- ÖZƏL

Hər bir valideynin əsas vəzifəsi övladının özündən daha çox inkişaf etməsinə, maddi, mənəvi, etik olaraq daha yüksəklərdə olmasına nail olmaqdır. Bu nəsillərin inkişafını təmin edən əsas yanaşmadır. Hər dövlətin də yanaşması belədir. Hər bir 5, 10, 20, 30 illik dövrlər növbəti 5, 10, 20, 30 illik dövrlərdə daha yaxşı, daha rifah içində və inkişaf etmiş bir cəmiyyət formalaşmasına xidmət etməlidir. Dünyanın inkişaf etmiş, etməkdə olan və kasıb ölkələrini də fərqləndirən əsas cəhət məhz yuxarıda qeyd etdiyim yanaşmalara hansı dərəcələrdə riayət edilib edilməməsi ilə ölçülür.  
Bunları isə hər bir işə qısa, orta və uzunmüddətli yanaşmaların tətbiqinə nail olmaqla təmin etmək olar. Yəni, hər bir iş, fəaliyyətin bir Yol Xəritəsi və həmin Yol Xəritəsinin tərkib hissələri olan əsas mərhələlərin həyata keçirilməsi LAYIHƏLƏRIN İDARƏ EDILMƏSI (PROJECT MANAGEMENT) YANAŞMASI ILƏ OLMALIDIR. Bəlkə də bu haqda olan yazılarımı oxuyanlar vaxtilə buna nə ehtiyac var, işimizi elə bunsuz da görürük də deyiblər. NƏTICƏ GÖZ ÖNÜNDƏDIR!!!
Layihələrin idarə olunması ilə bir neçə beynəlxalq səviyyədə təcrübələrim olub. Amma ən yadda qalanı yaponlarla yerli bir şirkətimizin birgə layihəsi zamanı layihənin draft (ilkin) versiyasının müzakirəsi prosesidir. 9 saat 20 dəqiqə (nahar fasiləsi də olmamışdı, yeməyi müzakirə zamanı ofisdə yemişdik) 6 nəfər arasında (1 yapon, 1 alman, 2 hindli daxil) elə bir müzakirə (sözün həqiqi mənasında beyin fırtınası) olmuşdu ki, o beyin qızmasını hələ unuda bilmirəm. Amma o layihə sonra vaxtında, yüksək keyfiyyətlə elə rahat həyata keçirildi ki, kimsənin ruhu incimədi və nəticə gözlənilən səviyyədən də yüksək olmuşdu. Yaponlar həm sadə (yekəxanalıq, görməmişlik, mənəm-mənəmlik, dikbaşlıq kimi xüsusiyyətlər onlara yaddır), həm də çox qürurlu millətdir. Çəkdiyi yolda kanalizasiyanı unudan bir yapon olmaz. Tutaq ki, möcüzə baş verdi, belə bir yapon oldu. O yapon o səhvi özünə bağışlamaz və özünü öldürər! Çünki, o layihə rəhbəri olan yaponu kimsə aldatmayıb, səhv məlumat verməyib. O özü layihəni yanlış icra edib. Bu bir yaponun özü üçün bağışlanmazdır!
Demək olar ki, yazılarımın 50%-dən çoxunda risklərin idarə edilməsi və bu sahədə məlumatsızlığın aradan qaldırılması, xüsusilə dövlət qurumlarında bu yanaşmanın tətbiq olunması (ÖNƏMLİ QEYD: HƏTTA DÖVLƏT QURUMLARINDA RISKLƏRIN IDARƏ OLUNMASI ILƏ BAĞLI ÖLKƏ PREZIDENTININ IMZALADIĞI FƏRMAN ICRA İNDİYƏ QƏDƏR OLUNMUR. ÖLKƏ PREZİDENTİNİN İCRA OLUNMAYAN DİGƏR FƏRMANLARI HAQQINDA DA BİR NEÇƏ YAZIM OLMUŞDUR. TƏKRARA YOL VERMƏK İSTƏMİRƏM) əvvəldən nəzərə alınmalı risklərin bu gün önümüzə çıxanda ən azı bu vəziyyətlə qarşılaşmamağımızı təmin edərdi. Risklərin idarə edilməsi haqqında minimum məlumata malik olan şəxs normadan artıq yağan yağış ifadəsini işlətməz. Hər şeyin ömür boyu norma daxilində baş verəcəyi qarantiyası da yoxdur, belə bir təcrübə də. Risklərin idarə edilməsini tətbiq olunsaydı ən böyük zərər metodunun nə olduğunu bilirlər. Əgər seysmik zonada yerləşən bir şəhərdə 50-100 il zəlzələ olmursa, bu həmin şəhərdə istənilən anda zəlzələ olmayacağı demək deyil. Bu risklərə isə quyruq riskləri deyilir. Bu risklər gözlənilməzliyi, ölçülməsinin çətinliyi baxımından ən təhlükəli risklər hesab olunur. Bu kimi risklər bir dəfə olur, amma həlledici və geridönməz dağıdıcı nəticələri olur. Zəlzələ hamımızın bildiyi bir sadə misal olduğu üçün quyruq riski ilə bağlı bunu çəkdim. Belə risklər sektor, sahə, ölkə və sairdən asılı olaraq müxtəlifdir!
Biz maliyyə hesabatlarının düzgün analizini, düzgün nisbətləri, çatışmazlıqların müəyyən edilməsini bilsəydik, nə dərəcədə səhvlərə yol verdiyimizi görərdik. Biz büdcədən maliyyələşən bir layihənin düzgün icra olunmamasının əslində gələcək illərin büdcəsi üçün hansı yük və xərcləri formalaşdırdığını ölçməyi bacarmalıyıq! Əksinə, düzgün icra olunan layihə isə gələcəkdə də büdcəyə birbaşa və dolayı mənfəətlər gətirəcəyini də ölçməyi bacarmalıyıq! Deməli, hər bir qurumun hansı vəsaiti hara düzgün və yanlış xərclədiyini ölçmək işin 30%-dir. Məsələ, həmin xərclərin səmərəliliyidir! Bəzən biz bir problemi həll etməklə, dövlətin bir problemini azaltmırıq! Biz həmin problemi həll etməklə dövlətimizə əlavə bir neçə problem də yaradırıq! Biz bir çox sahələrdə rəqəmləri həmin rəqəmlərin həqiqi ifadəsində görə bilmirik! Biz nisbətləri, dünyada qəbul olunan bençmarkları düzgün öyrənə və tətbiq edə bilmirik! Təqdirəlayiq haldır ki, büdcə xərcləmələrinə nəzarət və yanaşmalar sərtləşib! Lakin, qurumlar özləri bu yazıda qeyd etdiyim yanaşmaları vicdanla və peşəkarlıqla tətbiq etməsələr, yenə çox məsələlər öz həllini tapmayacaq və növbəti dəfə də çoxlu qar yağmasının, quraqlığın və digər hadisələrin fəsadları haqqında danışmalı olacağıq! Nəyinsə post-faktum üzə çıxması o məsələni həll etmir! Düzgün yanaşma, planlaşdırma, idarəetmə və icraya nəzarət həlledici amillərdir!
Biz baş vermis hadisələri, ayrı-ayrı məsələləri analiz edərkən də səhvə yol veririk. Günahkar ayrı-ayrı fərdlərdir, yoxsa yanaşma tərzləri? Məsələn, keçən il möhkəm (amma bu dəfəkindən az) yağış yağarkən məmurlarımızdan birinin təxminən belə yanaşması olmuşdu ki, belə yağış 50-60 ildən bir olur. Yəni, daha olmaz. Nəticə? Daha betəri oldu. Özü də 1 həftə fasilə ilə 2 dəfə. Bəs keçən ilin yağışından sonra düzgün yanaşma necə olmalı idi? Yağan yağış miqdarı, zamanı və sair dataları təhlil edərək, həmin dataların hər birini 50%, 80% və 100% artırmaqla növbəti senariyə hazırlıq üçün tədbirlərin görülməsinə başlamaq və hazırlıqlı olmaq. İlkin nəticə də bu olacaqdı ki, kanalizasiya sistemləri öz ömürlərini başa vurmaqdadır, yerüstü tikilələrin sürəti ilə yeraltı infrastrukturun (kanalizasiya, yağış kollektorları) tikiliş həcmi və sürəti arasında ilbəil formalaşan qəp (boşluq, fərq) böyük bir risk formalaşdırıb və sair. Etiraf edək ki, bu yanaşma tətbiq olunmayıb və heç düşünülməyib. 
Prezidentin yanında müşavirə zamanı kanalizasiya sistemləri ilə bağlı təqdimata diqqətlə baxmışam. Amma açıq deyək ki, önəmli bir neçə məsələyə toxunulsa da (bu çox təqdirəlayiq hal idi), bir çox yanaşma və hesablamalara yenidən baxılmasına ehtiyac var!
Mən çox istərdim ki, məsələlərə kimlərinsə (məsələn, həyət evləri tikən camaatı) günahlandırmaqla (günahları var, amma 100% deyil, 20-30%-dir) yanaşmayaq. Bütün su basan ərazilər üzrə dataları düzgün toplayaq, düşən yağışın miqdarı ilə suyun hündürlüyü arasındakı nisbətdən tutmuş, kanalizasiyaların suötürmə qabiliyyəti və sair göstəricilər daxil olmaqla düzgün təhlil edək. Data analitika, risklərin idarə edilməsi tələb edir ki, önyarğı (risklərin idarə edilməsində buna bias, yəni hansısa nəticəyə, düşüncəyə meyllilik) olmasın. Biz təhlilə başlamadan öncə kimlərisə günahlandırmağa çalışsaq, bu təhlil olmayacaq. Önyarğımıza (hansısa öncədən inandığımız və ya inanmaq istədiyimiz fikrə) bəraət qazandırmaq cəhdi olacaq. Əgər görsək ki, bacarmırıq, onda bir neçə hipotez və suallar qoymalıyıq. Məsələn, əgər yaranmış vəziyyət həyət evləri ilə bağlıdırsa, onda yeni salınmış Ağ Şəhər? Badamdarda torpaq sürüşməsi son 30 ildə azı 4-5 dəfə gündəmə gəlməsinə baxmayaraq hansı ciddi tədbirləri görə bilmişik? Axı memarlıq, şəhərsalma sahələrində çalışanlar eşitməmiş və bilməmiş olmazlar ki, orada sürüşmə ehtimalı yüksəkdir və orada sürüşmə sadəcə zamana bağlıdır. Yeri gəlmişkən, elə zonalarda villa tikən imkanlı şəxsləri də anlamıram. Onlar özlərinə, övladlarına və nəvələrinə güvənli, dayanıqlı bir ev, yoxsa yüksək riskə malik qəbir tikirlər? Şan-şöhrət, prestij naminə sağlıqla, həyatla çiling-ağac oynamaq rasional yanaşma deyil. Yeri gəlmişkən, Bakıda bir çox yerlərin havası, radiasiya və çirklənmə dərəcəsi oradan qat-qat aşağıdır. Deməli, imkan və rifah vəziyyətindən asılı olmayaraq nə fərdi şəxs, nə qurumlar olaraq risklərimizi ölçə bilmirik, yanaşmalarımız yanlışdır və atdığımız ölçülməmiş addımlar nəinki dövlət, başqaları, öz karyeramız, hətta öz həyatımız, öz gələcəyimiz, öz övladlarımız və onların gələcəyi üçün formalaşdırmaqda olduğumuz risklərdir!
Psixoloji olaraq, insan ömrü boyu bir neçə dəfə öz xarakterinə, hərəkətlərinə, yanaşma tərzlərinə, davranışlarına tənqidi yanaşmalar tətbiq edərək yenidən baxır. Bəzi insanlar iradəsinin gücü ilə çatışmazlıqlarını aradan qaldırır, kamilləşir, püxtələşir, bəziləri isə belə gəlmişəm, ölməmişəm ki, belə də davam edəcəm deyir. Məncə yanaşma tərzlərimizə yenidən baxmaq, toparlanmaq zamanıdır!"
Elman Sadıqov
İqtisadçı ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
olaylar.az

1Mənbələr