AZ

Kollektor üzərindəki ev söküldü: Suallar cavabsız qaldı...

Son günlər Bakıya yağan aramsız və güclü yağışlar bir daha göstərdi ki, problem təkcə təbiətdə deyil. 

Bu yağışlar torpağa ruzi-bərəkət gətirmədi, əksinə insanların həyatına çətinlik, narahatlıq və hətta təhlükə gətirdi. Evlər su altında qaldı, küçələr keçilməz hala düşdü, insanlar öz evində özünü güvəndə hiss etmədi. Kanalizasiya xətləri isə bu yükün altından çıxa bilmədi və sistem faktiki olaraq iflic vəziyyətinə düşdü. Ən dəhşətli həqiqət bundan sonra üzə çıxdı. 

Bu fəlakətin səbəblərindən biri kimi Xətai rayonu, Keşlə qəsəbəsində kollektorun üzərində tikilmiş evin mövcudluğu müəyyən edildi. Belə ki, Rəşid Bağırov küçəsi 36/12B ünvanında yerləşən həmin tikilinin illərlə qanunsuz şəkildə mövcud olması və heç bir qurum tərəfindən qarşısının alınmaması ciddi suallar yaradır.

Bu isə ciddi suallar yaradır:

Ev tikilərkən onun inşasına hansı qurumlar icazə verib? Bu qurumlar evin kollektor üzərində tikildiyini görməyiblər? Əgər yağış suları daşmasaydı, bu qanunsuzluq aşkar olunmayacaqdımı? Ümumiyyətlə, bu hadisədə kimin və ya kimlərin məsuliyyəti var? Günahkarlar cəzalandırılacaqmı?

Həmin ailə bilərəkdən kollektor üzərində ev tikməyib ki, bu gün evsiz qalsın. Hadisədən sonra həmin evin sökülməsi qərara alındı və tikili dağıdıldı. Bəli, problemə “reaksiya” verildi. Amma bu, problemin həlli demək deyil. Əslində bu, yalnız nəticənin aradan qaldırılmasıdır, səbəblər isə hələ də qalır.

Əslində  yağışa təşəkkür etməliyik. Çünki o, susan problemləri danışdırdı. Məsələ təkcə bir evin sökülməsi deyil. Məsələ insanların təhlükəsizliyi, dövlət nəzarətinin etibarlılığı və cəmiyyətin ədalətə olan inamıdır. Əgər bu suallar cavabsız qalarsa, bu günün problemi sabah daha böyük fəlakətlərə yol aça bilər.

Günel Cəlilova

Seçilən
5
hit.az

1Mənbələr