ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Rumıniyalı həkimlər milli komandanın sabiq baş məşqçisi Mirça Luçeskunun ürəktutmasından sonra xilas edə bilib. “Digi Sport”un yerli xəstəxanaya istinadla yaydığı xəbərə görə, mütəxəssisin huşu yerindədi, onun sağlıq durumunu sakitləşdirmək mümkün olub.Ünlü mütəxəssisin vəziyyəti ilə bağlı həyəcan doğuran xəbər aprelin 3-ü, günorta saatlarında yayıldı. Jurnalist Emanuel Roşu xəbər verdi ki, bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Luçesku çıxmağa hazırlaşdığı məqamda ürəyi tutub. Belədə halı kəskin pisləşən mütəxəssis reanimasiya şöbəsinə yerləşdirilib. Elə həmin axşam tibb müəssisəsindən Luçeskunun özünə gəldiyi, vəziyyətinin sabit olduğu bildirilib:
“Pasient hazırda xüsusi kardioloji müalicə alır, onun sağlıq durumunda heç bir patoloji dəyişiklik yoxdu. Sağlıq durumu sabitdi, huşu yerindədi, tibbi personalla əməkdaşlıq edir”.
Luçesku Rumıniya yığmasının martın 29-da keçirilən məşqindən əvvəl özünü pis hiss etdiyinə görə hospitala aparılmışdı. Bundan üç gün əvvəl onun komandası DÇ-nin pley-offunun yarımfinalında Türkiyəyə 0:1 uduzmaqla turnirə qatılmaq şansını itirmişdi. Luçesku “Golazo”ya müsahibəsində sağlıq durumunu belə dəyərləndirmişdi:
“Türkiyə ilə oyunu təhlil etməyə başlayanda çox qəzəbləndim. Əsəb gərginliyi üzündən halım pisləşdi. Normal şəkildə nəfəs ala bilmədiyimi hiss etdim. Bəzilərinin yazdığının əksinə ürəyim dayanmamışdı. Bu, fibrillyasiya vəziyyəti idi. “Breşiya”da işləyəndə də eyni halla üzləşmişdim. Onda mənə dedilər ki, özüm fibrillyasiyadan çıxa bilməsəm, ertəsi elektroşok verəcəklər. Ancaq ertəsi nəbzim bərpa olundu. Ötən ilin sonunda da belə oldu. Və indi yenidən eyni vəziyyətə düşdüm”.
Elə aprelin 3-də Rumıniya Futbol Federasiyası 80 yaşlı Luçeskunun müqavilə müddəti bitdiyinə görə yığmanın baş məşqçi postundan getdiyini elan etdi. Luçeskunun ürəyi ilə bağlı problemi xatırlatması əbəs deyil. O, hələ 2009-cu ildə - “Şaxtyor”u çalışdıranda ciddi əməliyyat keçirib. Onda mütəxəssisə infarktöncəsi vəziyyət diaqnozu qoymuşdular – damarları genişləndirmək lazım gəldi. 2023-cü ildə Luçesku budundan əməliyyat olunarkən ürəyindəki stend dəyişdirildi ki, cərrahi müdaxilə zamanı risk minimuma ensin.Elə son seçmə mərhələnin gedişində də tanınmış məşqçi xəstəxanaya düşdü. Yanvarda qripə yoluxdu və bu da ürəyində problem yaratdı. Ancaq fevralın sonunda dedi ki, hər şey qaydasındadı və milli komandada işini davam etdirməyə hazırdı.Luçesku yığmanı 2024-cü ilin avqustundan çalışdırırdı. Komanda onun rəhbərliyi altında 11 qələbə qazandı, 1 dəfə heç-heçə etdi, 6 oyunda uduzdu. Mütəxəssis indiyə qədər “Qalatasaray”, “Şaxtyor”, “Zenit”, Kiyev “Dinamo”su, “İnter”, “Beşiktaş”, “Rapid”, “Breşiya” komandalarını və Türkiyə yığmasını da çalışdırıb. “Şaxtyor”la UEFA kubokunu (2008/09), “Qalatasaray”la UEFA Superkubokunu qazanıb.P.S. Buxarestdəki xəstəxananın təmsilçiləri bazar günü Luçeskunun sağlıq durumu ilə bağlı növbəti kommünike yayıb. Həkimlər belə hesab edir ki, onun sağlıq durumu tədricən qaydasına düşür. Amma 80 yaşlı mütəxəssis ən azı bir həftə də müşahidə altında qalmalıdı. Luçeskunun sağlıq durumu onu ölkə xaricinə çıxarmağa imkan vermir. Ən yeni xəbərə görə, məşqçi süni nəfəs aparatına qoşulub, ürəyində yeni əməliyyata ehtiyac var.ORXAN
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.