AZ

ƏZİZ  DOST, GÖZƏL İNSAN

Bir neçə gün bundan əvvəl əziz dostum, böyük şair, gözəl insan Vaqif Aslanla görüşmüşdüm. Söhbət əsnasında şair mənə dedi ki, xəbərin var, bizim  dostumuz, sənin qohumun  Yusif Hüseynovun  70 yaşı tamam olub.  Dedim bilirəm, zəng edib təbrik etmişəm. Şair dedi ki, Yusif müəllimə   ən yaxın olan – həm dost, həm qohum kimi sənsən.  Jurnalist  jurnalist dostunu ona layiq  bir yzı ilə təbrik edər, telefon zəngi ilə yox. Şair sözünə davam edib dedi:

-Mən indi bir elmi məqalə  üstündə fikrimi toplamışam. Onu yazıb başa çatdırandan sonra mən də Yusif müəllim haqqında bir məqalə yazmaq fikrindəyəm. Amma sən tez  bir məqalə yaza bilərsən.

Doğrusu, elə bil yuxudan ayıldım. Evə gəlib bu haqda düşündüm. Yadıma düşdü ki, əziz dostlarım professor Ramiz Əsgər,  Naxçıvanın şərəfli oğlu, tələbə yoldaşım Hüseyn Əsgərov   və bir neçə başqa dostlarım haqqında memorial  xatirələr yazmışam. Hamısı da ictimaiyyət tərəfindən çox böyük hörmət və məhəbbətlə qarşılanıb. Mənə buna görə çoxlu telefon zəngləri olmuşdur. Ömrünün yarıdan çoxunu ölkəmizin ən nüfuzlu mətbuat orqanı olan “Xalq qəzeti”nin müxbiri, tələbə yoldaşım Zərifə xanımın, professor, şair Adil Cəmil,  “Azərbaycan” qəzetinin şöbə müdiri işləyən  İradə xanım Əliyava, yazıçı Mustafa Çəmənli, tanınmış jurnalistlər  Adil İrşadoğlu, Flora Xəlilzadə və başqaları. Onlardan xüsusi qeyd etmək istəyirəm, Azərbaycan Milli Elmlər Akademiyasından əsl el ağsaqqalı, nurlu şəxsiyyət Əli Şamil müəllimin mənə təşəkkür zəngini. Bu böyük şəxsiyyət mənim həmin yazılarıma o qədər yüksək dəyər vermişdi ki, mən bunları xatırladıqca Yusif Hüseynov haqqında da bir yazı yazmaq üçün cəsarətləndim. Beləliklə, başladım Yusif Hüseynov haqqında xatirələrimi çözələməyə.

Əvvəla onu deyim ki, hamının çoxsaylı qohumu ola bilər və vardır. Amma onların arasında yaxın dosta çevrilən qohum tək-tək olur. Mənim üçün onlardan biri də Yusf Hüseynovdur. Əziz oxucularıma bir sirri də açmaq istəyirəm. Bu Yusif  Hüseynova evdə, ailədə başqa  bir ad deyirlər. Biz rəsmiyyətdən kənar yerdə, öz aramızda ona “Mahir” deyirik.  Sonralar öyrənfim ki, bu adı ona əmisi, böyük insan, şərqin dahi jurnalisti, tədqiqatçı alim, saflıq, təmizlik nümunəsi olan professor Şirməmməd Hüseynov verib. Universitetdə tələbə olanda mən Şirməmməd müəllimdən soruşdum  ki, evdə, ailədə hamı onu “Mahir” adı ilə çağırır. Universitetdə jurnalda onun adının Yusif olduğunu biləndə mən çaşdım. Nə üçün Yusifin iki adı var? Şirməmməd müəllim gülə-gülə dedi:

-Sən bilirsən,  “mahir”  sözünün  mənası nədir? 

Dedim ki, bildiyim qədər məharətli sözünün sinonimidir.

Şirməmməd müəllim dedi ki, düz deyirsən, “mahir” məharətli deməkdir, amma ərəb və fars sözləri lüğəti kitabında onun başqa mənaları da yazılıb. Mahir həm də bacarıqlı, bilikli deməkdir və sözünə davam edərək dedi:

-Onun atası,  mənim böyük qardaşım Həsən doktor ona Yusif adını qoyub. Hələ məktəb yaşlarına çatmamış  mən onun hərəkətlərinə, davranışına diqqət etdim. O, özünü yaşından mükəmməl apardığına görə mən onu  “mahir oğlan”  deyə çağırdım. Elə ondan sonra evdə, ailədə hamı onu mənim dilimcə “Mahir” adlandırdı. Sən də ona həmişə Mahir demisən, amma sənəddə atası qoyan adla gedir. Uzun illər sonra mən Şirməmməd müəllimin Yusif Hüseynovu “Mahir” adlandırmasında səhv etmədiyini gördüm.

Yusif Hüseynov universitetin jurnalistika fakultəsinə məndən bir il sonra -  1973-cü  ildə qəbul olmuşdur. O, tələbəlik illərində özünü Şirməmməd müəllimin dediyi  “mahir oğlan”  kimi bacarıqlı, bilikli tələbə olduğunu bir daha təsdiq etmişdi. Yusif Hüseynov həm də özünün milli, mənəvi, əxlaqi dəyərləri  ilə çoxlarından fərqlənirdi.  Yusif müəllim o zamanlar çox nüfuzlu olan fakultə komsomol təşkilatında yüksək vəzifələr tutmuşdu. 1978-ci ildə ali təhsilini başa vuran Yusif Hüseynov Bakıda bir sıra  nüfuzlu mətbuat orqanlarında ictimai-siyasi və publisist məqalələri ilə az vaxtda tanındı. Tezliklə onu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda işə dəvət etdilər. Partoya Tarixi İnstitutu həmin dövrün ən nüfuzlu ali təhsil müəssisəsi idi. Yusif müəllim orada fəaliyyət göstərdiyi illərdə özünü  kamil bir ziyalı kimi göstərdi. Azərbaycanın müstəqillik illərində isə Yusif müəllim Prezident Administrasiyası yanında Politologiya İnstitutunda ikinci ali təhsil alıb və sonra  Prezident Aparatında məsul vəzifəyə dəvət  edilir.  O, burada da özünü ləyaqətli dövlət kadrı kimi göstərdi. 

Yoxlamalara getdiyi rayonlarda nöqsanları aşkar edib, aradan qaldırılmasına nail oldu. Xalqın  şikayət məktublarını  yerində araşdırıb ədalətli  həllində və günahkarların cəzalarındırılmasında prinsipial mövqe nümayiş etdirdi.  Bu, Yusif müəllimin nəsildən gələn – Şirməmməd Hüseynov genetik kodunun bariz nümunəsi idi. O, Prezident Aparatında işlədiyi illərdə həmişə ədalətin, haqqın tərəfində olduğunu bir daha göstərdi. Mən həmin illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsinin tabeliyində  olan Şəki Radio Verlişləri Redaksiyasında böyük redaktor  işləyirdim. Şəki şəhər Partiya Komitəsinin birinci katibləri  və sonrakı dövrdə icra başçıları bizim radio verlişləri redaksiyasını özlərinin təsiri altına almaq istəyirdilər.

Mən rayonda baş verən irili-xırdalı qanun pozuntuları haqqında öz verlişlərimizdə söhbət açanda, hər dəfə bizə rayon rəhbərliyi tərəfindən hücumlar, hədələr olurdu. Mən bu haqda Yusif müəllimə məlumat verəndə o, bəzən rəsmi ezamiyyət, bəzən də öz hesabına məzuniyyət götürüb, rayona gəlib və məsələni yerində araşdırıb, rayon rəhbərliyinə öz iradlarını bildirirdi. Mən bu haqda Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsinə məlumat verirdim. Sonralar mənə deyirdilər  ki, sənin kimi başqa rayonların da radio verlişləri redaksiyalarının rayon rəhbərliyi ilə problemləri olanda, onlara da istiqamət vermişik ki, Yusif Hüseynova müraciət etsinlər. Yusif müəllim başqa rayonlarda da belə məsələlərin ədalətli həllinə nail olurdu.

2005-ci ildə bir sərəncamla bütün rayonlarda radio verlişləri redaksiyaları bağlandı və biz işsiz qaldıq. Həmin il də möhtərəm cənab Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “İctimai televiziya” yaradıldı. Mən “İctimai televiziya”nın Şəki, Oğuz, Qəbələ  və İsmayıllı rayonlarında bölgə müxbiri kimi işə qəbul edildim. O zaman  talehin qisməti ilə Yusif Hüseynov da “İctimai televizya”nın İctimai-siyasi verlişlər departamentində böyük redaktor kimi işə  dəvət edilmişdi.

Mən hər dəfə rəhbərliyin çağırışı ilə Bakıya gedəndə mütləq Yusif müəllimlə görüşürdüm.  Bəzən naharı və ya axşam yeməyini birlikdə olurduq. Mən hər dəfə  onun çox məlumatlı, geniş diapozonlu söhbətlərini maraqla dinləyirdim. O, məndən yaşca kiçik olsa da, mən onunla bəzi məsələlərdə məsləhətləşir, ondan tövsiyyələr alırdım və bundan faydalanırdım.

Sonrakı illərdə Təfəkkür Universitetinin rektoru Mail Dəmirli Yusif Hüseynovu universitetinin mətbuat xidmətinin rəisi vəzifəsinə dəvət etdi. O vaxtlar Təfəkkür Universiteti dövrün ən nüfuzlu ali təhsil müəssisələrindən biri idi.

Universitetin rektoru olan Mail Dəmirli Jurnalistika fakyltəsinin məzunu idi və Yusif Hüseynovu tələbəik illərindən tanıyırdı. Onun savadına, obyektivliyinə və ədalətli bir insan olmasına bələd idi. Ona görə də Yusif müəllimi bu məsul vəzifəyə cəlb etmişdi. Həmin vəzifədə Yusif müəllim öz məsləkinə uyğun  işlədi və bütün kollektivin hörmətini qazandı.

 İllər beləcə  gəlib keçdi ömrümüzdən. Bir vaxt gördük, ikimiz də təqaüdçüyük. İndi mən Bakıya gedəndə və ya Yusif məllim Şəkiyə gələndə çox böyük həvəslə görüşürük. Görüşlərimizdə uzun illərin xoş xatirələrini yada salırıq. Hərdən nərd, bəzən də şahmat oynayırıq. Yusif müəllim bu oyunlarda da öz zəkası ilə məni mat edir. Bu minvalla ikimiz də 70-i geridə qoymuşuq. Allahın izni ilə üzüyuxarı – 80-na doğru gedirik. Hələ qarşıda 90, 100 arzularımız var. Amma jurnalistlik fəaliyyətimiz  gənclik  ilhamı ilə davam edir.

Əziz dostum, gözəl insan, xoşbəxt ailə sahibi olan Yusif Hüseynov” Səni bir daha 70 yaşın münasibətilə təbrik edirəm. Sənə yeni yaradıcılıq uğurları arzu edirəm, sənin əqidən əxlaqın kimi daim sağlam olsun, istedadın tükənməsin. Nəvələrini də övladların kimi Şirməmməd Hüseynov əqidəsində tərbiyə etməyində sənə səbr və uğurlar arzulayıram. Arzu edirəm ki, Şirməmməd Hüseynov tərbiyəsində, əxlaqında milli ruhda olan insanlar ölkəmizi işıqlı gələcəyə aparsın.

Ömür keçir fəsil-fəsil,

Yazın ayrı ləzzəti var.

Kim istəməz yüz yaşasın

Yüzün ayrı ləzzəti var.

 

Nə gözəldir bu təbiət,

Dərə geniş, dağ əzəmət.

Azaldıqca dizdə taqət

Dizin ayrı ləzzəti var.

 

Demə Yusif, yoxuş çətin,

Gəz qoynunda təbiətin.

At belində hər söhbətin,

Sözün ayrı ləzzəti var.

 

Kamil yanır bu çağında,

Haray çəkir qucağında.

Doğma yurdun ocağında

Közün ayrı ləzzəti var.

 

Çingiz Nağıyev,

“Qızıl qələm” mükafatı laureatı

Şəki

Seçilən
9
1
adalet.az

2Mənbələr