AZ

“Uğursuzluqlar məni uğura apardı” Kaliforniya Universitetində oxuyacaq azərbaycanlı gənc MÜSAHİBƏ

ain.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 1-ci kurs tələbəsi, Zəkalar liseyinin məzunu Elcan Əsədli ABŞ-nin aparıcı ali təhsil müəssisələrindən olan Kaliforniya Universiteti, Berkli kampusuna (University of California, Berkeley) qəbul olunub. O, universitetin siyasi elmlər ixtisası üzrə bakalavr pilləsinə qəbul olunan ilk azərbaycanlı kimi tarixə düşüb. Bundan əlavə, Elcan Əsədli dövlət məktəbi məzunu olaraq bu nəticəni əldə edən cəmi iki nəfərdən biri olub. O  eyni zamanda bundan əvvəl - cari ildə Harvard Universitetinin yay məktəbinə qəbul dəvəti alan yeganə azərbaycanlı olub. 

Modern.az saytı Elcan Əsədli ilə həmsöhbət olub, onun uğur hekayəsiylə bağlı təəssüratlarını öyrənib. Müsahibəni təqdim edirik:

-  Elcan bəy, sizi oxucularımıza daha yaxından tanıtmaq istərdik. Təhsil yolunuz necə başlayıb və bu günə qədər hansı mərhələlərdən keçmisiniz?

-  Mənim təhsil yolum hər zaman sadəcə dərs oxumaqdan ibarət olmayıb. Bu, daha çox özümü kəşf etmə prosesidir. Kiçik yaşlarımdan etibarən həm akademik sahədə, həm də intellektual yarışlarda aktiv olmuşam. Zamanla bu maraq məni müxtəlif olimpiadalara, beynəlxalq müsabiqələrə və layihələrə yönləndirdi. Paralel olaraq sosial layihələrdə iştirak etmiş, liderlik və təşkilatçılıq bacarıqlarımı inkişaf etdirmişəm. Bu mərhələlər mənim dünyagörüşümü formalaşdırıb. Nəticədə bütün bunlar nüfuzlu universitetlərin axtardığı tələbə profilini doldurub.

-  Sizi digər yaşıdlarınızdan fərqləndirən əsas xüsusiyyətlər nələrdir?

-  Düşünürəm ki, məni fərqləndirən əsas xüsusiyyətlərdən biri hadisələrə səthi yox, dərin yanaşmağımdır. Mən sadəcə nəticəni yox, prosesin özünü anlamağa çalışıram. Bundan əlavə, davamlılıq və intizam mənim üçün əsas prinsiplərdir. Məqsəd qoyduqdan sonra geri çəkilməmək və hər gün öz üzərimdə işləmək mənim üçün adi haldır. Həmçinin liderlik və təşəbbüskarlıq da məni fərqləndirən cəhətlərdəndir.

-  ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən olan Kaliforniya Universiteti, Berkli kampusuna (University of California, Berkeley) qəbul olunmusunuz. Bu xəbəri ilk dəfə eşidəndə hansı hissləri keçirdiniz?

-  Cavablar gecə açıqlanırdı və mən də həmişəki kimi oyaq qalıb gözləyirdim. Universitet portalına yeniləmə gəldikdə məni nəticədən ayıran sadəcə bir klik oldu. Qəbul xəbərini özüm oxudum, bu, həm böyük sevinc, həm də uzun zəhmətin nəticəsini görməyin verdiyi rahatlıq idi. Eyni zamanda, bu uğurun arxasında dayanan gecələr, zəhmət və risklər bir anlıq gözümün önündən keçdi. Düşünürəm ki, bu an insanın özünə inamının ən yüksək nöqtələrindən biridir.

-  Uğura gedən yolda sizi ən çox ruhlandıran və motivasiya edən nə olub?

-  Uğura gedən yolda məni ən çox ruhlandıran uğursuzluqlarım olub. Ən çox motivasiya edən şey öz potensialımı tam istifadə etmək istəyi olub. Mən hər zaman düşünmüşəm ki, insan öz imkanlarının sərhədini yoxlamadan dayanmalı deyil. Bundan əlavə, ölkəmi beynəlxalq səviyyədə layiqincə təmsil etmək arzusu da mənim üçün böyük motivasiya mənbəyi olub. Özümə görə planlarım və məqsədlərim var, bu yol vətən bağı ilə kəsişdikdə insanı heç kim dayandıra bilməz.

-  Siyasi elmlər ixtisasını seçməyinizin əsas səbəbi nədir, bu sahəyə marağınız necə formalaşıb?

-  Siyasi elmlərə marağım tarix və beynəlxalq münasibətlərə olan marağımdan yaranıb. Zamanla başa düşdüm ki, dünyada baş verən hadisələrin arxasında duran mexanizmləri anlamaq üçün bu sahə çox vacibdir. Mən sadəcə hadisələri izləmək yox, onları analiz etmək və gələcəkdə bu proseslərin bir hissəsi olmaq istəyirəm. Xüsusilə bu ixtisas beynəlxalq münasibətlər, politologiya, dövlət siyasəti, iqtisadiyyat və bir çox sahələri birləşdirir.

-  Təhsil aldığınız Zəkalar liseyi və hazırda oxuduğunuz Dövlət İdarəçilik Akademiyasının bu uğur yolundakı rolu nədən ibarət olub? Sizin üçün əlavə motivasiya rolunu oynayıbmı?

-  Zəkalar liseyi mənim üçün sadəcə bir məktəb deyil, həqiqətən də ikinci evimdir. Burada hər bir şagirdə fərdi yanaşma göstərilməsi və potensialının inkişafına xüsusi diqqət yetirilməsi güclü motivasiya yaradır. Bu mühit mənə həm sağlam rəqabəti, həm də akademik intizamı öyrətdi və müxtəlif yarışlarda komandamızla birlikdə məktəbimizi daim layiqincə təmsil etdik. Qazandığımız hər uğur bizi məktəbimizə daha da bağladı və nəticədə Zəkalar liseyi bizim üçün bir ailəyə çevrilməklə yanaşı, bu gün respublikanın aparıcı təhsil ocaqlarından biri kimi formalaşdı.

-  Siyasi elmlər ixtisası üzrə bakalavr pilləsinə qəbul dəvəti alan ilk azərbaycanlı olmaq sizdə hansı təəssüratları yaradır?

-  Bəli, siyasi elmlər ixtisası üzrə dövlət məktəbi məzunu kimi qəbul olunmuş ilk azərbaycanlıyam. Bu, mənim üçün böyük qürur olmaqla yanaşı, ciddi məsuliyyət də yaradır. Çünki bu cür nəticə yalnız şəxsi uğur deyil, həm də ölkənin təmsil olunması deməkdir. Mən düşünürəm ki, bu məsuliyyət məni daha da çox çalışmağa vadar edəcək.

-  Digər nüfuzlu universitetlərdən də qəbul dəvəti almısınız və bəzilərinin də nəticələri hələlik gözlənilir. Yekun seçim edərkən hansı meyarlar sizin üçün həlledici olacaq?

-  Seçim edərkən əsas diqqət edəcəyim məqamlar akademik proqramın gücü, professor heyəti, təqdim olunan imkanlar və gələcək karyera perspektivləridir. Eyni zamanda mühit və şəxsi inkişaf imkanları da mənim üçün önəmlidir. Düşünürəm ki, son seçimim “University of California, Berkeley” olacaq.

-  Hazırda nəticəsini gözlədiyiniz müraciətlərlə bağlı gözləntiləriniz nədir? Bilmək olarmı, hansı digər ali təhsil müəssisələrinə müraciət etmisiniz?

-  Hazırda bir neçə top universitetdən nəticələr gözləyirəm və ümid edirəm ki, müsbət nəticələr olacaq. Müraciət etdiyim universitetlər əsasən ABŞ-nin aparıcı ali təhsil müəssisələridir və hər biri öz sahəsində çox güclü proqramlara malikdir. Əsas gözlədiyim cavab TOP10-luqda yer alan və “waitlist” aldığım “University of Chicago”dur. Bu gözləmə isə akademik profilimin bir yox, bir neçə aparıcı universitet səviyyəsində olub-olmadığını anlamaq baxımından mənim üçün xüsusi əhəmiyyət daşıyır.

-  Fərqli ixtisaslara da müraciət etmisinizmi, yoxsa sadəcə siyasi elmlər istiqamətini seçmisimiz? Fərqli istiqamətdə ixtisas seçimləriniz nədən ibarətdir?

-  Əsas istiqamətim siyasi elmlər olsa da, seçimlərimi daha geniş çərçivədə quraraq aviasiya və kosmik mühəndislik, kibertəhlükəsizlik, beynəlxalq münasibətlər, hüquq, beynəlxalq siyasət və dövlət siyasəti kimi sahələrə də müraciət etmiş və bu ixtisaslar üzrə qəbul nəticələri əldə etmişəm. Bu istiqamətlərin bir-biri ilə kəsişən tərəfləri və qlobal təsir imkanları mənim maraq dairəmə uyğun olduğu üçün seçimlərim də məhz bu çoxşaxəli yanaşma üzərində formalaşıb.

-  Ailənizin və müəllimlərinizin bu uğurda rolu barədə nə deyə bilərsiniz?

-  Ailəm və müəllimlərim bu yolun ən vacib dayaqlarından olub. Onların mənə inamı və dəstəyi olmasaydı, bu nəticəyə gəlmək çox çətin olardı. Xüsusilə müəllimlərimin verdiyi istiqamət və motivasiya mənim üçün çox dəyərli olub.

-  Siyasi elmlər üzrə ixtisaslaşaraq gələcəkdə hansı istiqamətdə fəaliyyət göstərmək istərdiniz?

-  Gələcəkdə beynəlxalq münasibətlər və dövlət siyasəti sahəsində fəaliyyət göstərmək istəyirəm. Məqsədim qlobal səviyyədə qərarların qəbulunda iştirak etmək və ölkəmə fayda verəcək layihələrdə yer almaqdır.

-  Gələcək planlarınız nədən ibarətdir? Təhsildən sonra Azərbaycana qayıdıb fəaliyyət göstərməyi düşünürsünüzmü?

-  Əsas planım keyfiyyətli təhsil alaraq özümü maksimum inkişaf etdirməkdir. Ölkəyə qayıtmaq yerinə ölkəmi beynəlxalq platformalarda təmsil etmək üçün çalışıram. Uzunmüddətli perspektivdə isə əldə etdiyim bilik və təcrübəni Azərbaycana gətirərək ölkəmin inkişafına töhfə vermək istəyirəm.

-  Yekun olaraq, xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclərə hansı məsləhətləri verərdiniz?

-  Ən vacib məsləhətim odur ki, özünüzə inanın və gec də olsa başlayın. Xaricdə təhsil yalnız akademik nəticələrlə yox, həm də şəxsiyyət və fəaliyyətlərlə bağlıdır. Hər zaman fərqli olun, təşəbbüs göstərin və risk etməkdən qorxmayın. Uğur təsadüf deyil, sistemli zəhmətin nəticəsidir. Uğursuzluqlar uğurlar doğurur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
modern.az

2Mənbələr