AZ

Ədəbiyyatda dəxli, siyasətdə isə yeri olmayan Yunus Oğuz Orxan Saffari yazır…

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan ədəbiyyatında bir gün hamının yerini başa düşəcəm, bu fani dünyada hər kəsi necəsə anlayacam, ola bilsin, Anarı, Kamal Abdullanı, lap elə Seyran Səxavəti də sevib qəbullandım. Fəqət heç bir qüvvə, heç bir şəkildə Yunus Oğuzu mənə sevdirə, qəbullandıra bilməz.

Yenə yaxşıdır, Allaha min şükür olsun ki, Yunus Oğuzu Azərbaycanda tanıdan ədəbiyyat yox, siyasət olub. Ancaq bu gün Yunus Oğuz deyəndə heç siyasət də onu xatırlamır. Elə bir siyasi mövqe yoxdur ki, Yunus Oğuz ağıla gəlsin. Sevindirici haldır ki, Yunus Oğuzun tanınma dairəsi daha çox qələm əhli, bir də 90-cı illər siyasəti ilə yüngülvari maraqlanan adamlardır.

Yox, heç kim düşünməsin ki, Yunus Oğuz Azərbaycan siyasətində inqilab edib, nəsə özünəməxsus bir yeri filan var. Qətiyyən belə deyildir və heç ola da bilməz. Konkret desək, o, siyasətin qarışıq, boşluğun dərin olduğu dövlərdə Xalq Azadlıq Partiyasının sədri, Xalq Cəbhəsinin isə sədrinin müavini olub.

Əks halda, onun romanları ilə ictimaiyyət içinə çıxmaq qeyri-mümkün idi.

Əslində, Yunus Oğuzu “Partiya-partiya gəzən” adam da elan etmək olar.

Çünki bundan əlavə, o, 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri təyin edilib.

1994-cü ildə Azərbaycan Xalq Cəbhəsini tərk edərək Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyniadlı partiyanı təsis edərək partiyanın sədri seçilib.

Yunus Oğuzun təşəbbüsü ilə 1997-ci ildə ABUP və XAP birləşib və birləşmiş Xalq Azadlıq Partiyasının sədri seçilib.

Bəs bununla bitirmi? Bitmir.

1998-ci ildə XAP daxilində bölünmə yaşanmış, Yunus Oğuz və tərəfdarları partiyanın Vəhdət Partiyasına birləşdiyini elan etmişdir.

Yunus Oğuz birləşmiş Vəhdət Partiyasının sədrinin birinci müavini seçilmişdir.

2000-ci ildə Vəhdət Partiyası daxilində bölünmə yaşanmış və Yunus Oğuz başçılığında qrup partiyanın adını Milli Vəhdət Partiyası olaraq dəyişdirildiyini elan edərək yeni partiyanın təsis edildiyini açıqlamışdır. Partiya qurultayında Yunus Oğuz Milli Vəhdət Partiyasının sədri seçilmişdir. 2023-cü ildə Milli Vəhdət Partiyası fəaliyyətini dayandırmışdır.

Nəhayət, Yunus Oğuz siyasi fəaliyyətini bu cür yekunlaşdırıb, zirvədə bərk buraxıb.

Belə ki, 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində namizədliyi qeydə alınıb və Azərbaycan Respublikasının hazırkı prezidenti İlham Əliyevin xeyrinə namizədliyini geri götürüb.

Baaah. Gözlərim yaşardı. Yunus Oğuzdan çıxmayan iş. Axı o amansız şəkildə prinsipial adam idi. Görəsən, niyə belə edib?

Əslində, məhz buna görə də Yunus Oğuza təşəkkür düşür. İşdir də, tutdu tərs damarı, götürmədi geri, gəl indi seçil. Seçilsəydi, qorxudan özü birtəhər olardı. Allah Yunus müəllimin üzünə baxıb. Yenə də özünə sual etmək lazımdır ki, Yunus müəllim, birdən seçildiniz, bax onda nə olacaqdı, neyləyəcəkdiniz?

Ümumiyyətlə, Azərbaycan siyasətində heç bir şəkildə qalmadığı üçün də Yunus Oğuz müəllimə böyük sayğı bəsləmək gərəkdir. Hətta ayağını yerə bərk dirəyib heç nə yazmasa, onda lap olar belə başımızın tacı.

Göründüyü kimi, siyasətə bu formada dəxli olsa da, ədəbiyyata heç bir şəkildə aidiyyəti yoxdur. Ona obrazlə belə demək olar: Ədəbiyyata dəxli, siyasətdə isə yeri olmayan adam.

Yunus Oğuz tarixi romançı kimi tanınır. Ancaq tarixçilər arasında yox, tarixi çox da yaxşı bilməyən oxucular arasında.

Adətən, onu təqdim edəndə, haqqında kimsə yazı yazanda “Tariximizə yeni baxış”, “Tarixi romanların müasir ustası”, “Tariximizi yeni baxışla öyrədən” kimi sözlərlə təqdim edirlər.

Ancaq maraqlıdır ki, yeni, müasir baxış nədir?

Heç kim demir ki, Yunus Oğuz yalandan tarixi nələrsə yazır, ancaq faktları ortababdan aşağı bədii dillə təqdim eləmək nə vaxtdan müasir baxış, yeni baxış olub?

Məsələn, nəyi təqdim edib ki, biz də onu oxuyub demişik, ay aman, vay aman, bu necə bir müasir baxışdır?

Yunus Oğuz elə bilib ki, xronoloji ardıcıllıqla faktları yazanda olursan tarixi roman yazıçısı. Ancaq Yunus müəllimə demək lazımdır ki, adamda gərək yazı bacarığı da olsun, tarixi romanı qismən bədiiləşdirə də bilsin.

Ümumiyyətlə, mənə elə gəlir ki, tarixin canı olsaydı, bilsəydi ki, onu qələmə Yunus Oğuz alacaq, vaxtında üzüsulu yazılmazdı.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
icma.az

1Mənbələr