AZ

“Rehabas” layihəsi əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır - Aslan Əzimzadə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “RehaBus” layihəsi çərçivəsində ötən dövrdə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilməsi ölkədə inklüziv sosial müdafiə və reabilitasiya siyasətinin mühüm göstəricilərindən biri kimi qiymətləndirilir. Mütəxəssislər hesab edirlər ki, bu cür mobil xidmətlər uşaqların reabilitasiya imkanlarını genişləndirməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi, təhsil və sosial həyata çıxışının artırılması baxımından da xüsusi əhəmiyyət daşıyır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, iqtisadçı-ekspert Aslan Əzimzadə QHT.az-a açıqlamasında “Rehabas” layihəsi çərçivəsində əlilliyi olan üç minə qədər uşağa xidmət göstərilməsini olduqca mühüm təşəbbüs kimi dəyərləndirib.

A.Əzimzadə sözlərinə görə, bu layihə xüsusilə regionlarda yaşayan və reabilitasiya xidmətlərinə çıxışı məhdud olan uşaqlar üçün böyük əhəmiyyət daşıyır. O bildirib ki, mobil xidmətlərin təşkili həm əlçatanlığın artırılmasına, həm də erkən müdaxilə imkanlarının genişlənməsinə ciddi töhfə verir.

Ekspert vurğulayıb ki, “Bu cür mobil xidmətlərin təşkili həm əlçatanlığı artırır, həm də erkən müdaxilə imkanlarını genişləndirir". Onun sözlərinə əsasən, bu yanaşma gələcəkdə həmin uşaqların funksional bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyasına birbaşa müsbət təsir göstərir.

Aslan Əzimzadə bildirib ki, ümumilikdə ölkədə əlilliyi olan uşaqlara yönəlik reabilitasiya və sosial dəstək mexanizmlərində son illər müsbət dinamika müşahidə olunur. O qeyd edib ki, dövlət proqramları, sosial xidmətlərin genişləndirilməsi, eləcə də institusional yanaşmadan icma əsaslı xidmətlərə keçid istiqamətində atılan addımlar xüsusi əhəmiyyət kəsb edir.

A.Əzimzadənin fikrincə, bununla yanaşı, xidmətlərin keyfiyyəti, regional balansın qorunması, peşəkar kadr potensialının gücləndirilməsi və fərdiləşdirilmiş yanaşmanın tətbiqi kimi məsələlər də diqqət mərkəzində saxlanılmalıdır.

Ekspert əlavə edib ki, əlilliyi olan uşaqların cəmiyyətə daha effektiv inteqrasiyası üçün bir neçə istiqamətdə ardıcıl fəaliyyət həyata keçirilir. O, bu baxımdan “Rehabas” kimi layihələrin inklüziv və sosial yönümlü dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib.

Aslan Əzimzadə sonda vurğulayıb ki, “Bu təşəbbüslərin davamlılığı və genişləndirilməsi, eyni zamanda sistemli islahatlarla tamamlanması, əlilliyi olan uşaqların həyat keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayacaqdır".

Fatimə Nəbiyeva

Seçilən
27
qht.az

1Mənbələr