AZ

SATİRANIN İKİ SÜTUNU: “MOLLA NƏSRƏDDİN”DƏN “KİRPİ”YƏ UZANAN YOL -Fotolar



7 aprel — Azərbaycan mətbuat tarixində bu gün xüsusi əhəmiyyət daşıyır. 1906-cı ilin məhz bu günündə böyük ədib Cəlil Məmmədquluzadə redaktorluğu ilə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi işıq üzü gördü. Bu hadisə yalnız bir jurnalın yaranması deyil, bütövlükdə milli satira məktəbinin formalaşmasının başlanğıcı kimi tarixə düşdü.

“Molla Nəsrəddin” qısa müddətdə geniş oxucu auditoriyası qazandı, cəmiyyətin sosial bəlalarını, geriliyi və mövhumatı kəskin satira ilə tənqid edərək maarifçilik missiyasını uğurla yerinə yetirdi. Jurnalın fəaliyyəti ötən əsrin 30-cu illərində dayandırıldıqdan sonra ölkədə uzun müddət satirik nəşr boşluğu yarandı.

Bu boşluq yalnız 1952-ci ildə dolduruldu. 15 iyul tarixində “Kirpi” satirik jurnalı nəşrə başlayaraq milli satira ənənələrini yenidən dirçəltdi. Yeni dərgi öz qarşısına böyük məqsədlər qoymuşdu-
Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” məktəbinin ideyalarına sadiq qalmaq.

“Kirpi” jurnalının yaranması dövrün ictimai-siyasi tələblərindən irəli gəlirdi. Nəşr qısa zamanda müxtəlif nəsillərə mənsub peşəkar karikaturaçı rəssamları bir araya gətirərək güclü yaradıcı platformaya çevrildi. Sovet hakimiyyəti illərində jurnal cəmiyyətin problemlərini cəsarətlə qabardır, əsasən karikaturalar vasitəsilə nöqsanları ifşa edirdi.

Mütəxəssislərin fikrincə, “Kirpi”nin fəaliyyəti Azərbaycanda karikatura janrının inkişafında müstəsna rol oynayıb. Dərgi bu sahədə yeni ənənələrin formalaşmasına təkan verərək satiranın təsir gücünü daha da artırıb.

Bu gün həm “Molla Nəsrəddin”, həm də “Kirpi” jurnalları milli mətbuat tariximizin ən parlaq səhifələri kimi xatırlanır və Azərbaycan satirasının ideoloji sütunları hesab olunur.

Arzuman Loğmanoğlu
"Kirpi" jurnalının baş redaktoru









Seçilən
49
1
aia.az

2Mənbələr