7 aprel – Ümumdünya Sağlamlıq Günüdür. Bu gün bütün dünyada insan sağlamlığının qorunması, keyfiyyətli tibbi xidmətin əlçatanlığı və sağlam həyat tərzinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır. Cəmiyyətin rifahının əsas göstəricilərindən biri olan sağlamlıq mövzusu hər il 7 aprel tarixində beynəlxalq səviyyədə diqqət mərkəzinə çıxarılır.
Ümumdünya Sağlamlıq Günü münasibətilə əhalinin sağlamlığının qorunması məsələsinə diqqətin artırılmasının vacibliyi bir daha ön plana çıxır. Bu sözləri “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı QHT.az-a açıqlamasında bildirib və bu münasibətlə Azərbaycanda son illərdə səhiyyə sisteminin inkişafı istiqamətində mühüm addımların atıldığını bildirib.
Çingiz Ramazanlı qeyd edib ki, ölkədə tibbi xidmətlərin əlçatanlığının genişləndirilməsi və səhiyyə infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl işlər görülüb. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi, regionlarda yeni tibb müəssisələrinin tikilməsi və mövcud xəstəxanaların yenilənməsi vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə çıxış imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Sədr vurğulayıb ki, əldə olunan nailiyyətlərlə yanaşı, səhiyyə sisteminin davamlı inkişafı üçün hələ də həllini gözləyən məsələlər mövcuddur. Ç.Ramazanlının sözlərinə görə, xüsusilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, profilaktik tədbirlərin genişləndirilməsi və sağlam həyat tərzinin təşviqi istiqamətində daha sistemli yanaşmaya ehtiyac var.
O bildirib ki, xroniki xəstəliklərin artması və bəzi hallarda xəstəliklərin gec mərhələdə aşkar olunması erkən diaqnostika mexanizmlərinin daha da təkmilləşdirilməsini zəruri edir. “Xroniki xəstəliklərin artımı və xəstəliklərin gec mərhələdə aşkarlanması göstərir ki, erkən diaqnostika və maarifləndirmə mexanizmləri daha da gücləndirilməlidir” – deyə Çingiz Ramazanlı qeyd edib.
Çingiz Ramazanlı vərəm xəstəliyi ilə mübarizənin xüsusi əhəmiyyət daşıdığını da diqqətə çatdırıb. Onun fikrincə, vərəm hələ də sosial əhəmiyyətli xəstəliklər sırasında qalır və bu sahədə effektiv nəticələr yalnız tibbi müdaxilə ilə məhdudlaşmamalıdır.
Sədr əlavə edib ki, vərəmlə mübarizədə əsas prioritetlər risk qrupları ilə hədəfli işin gücləndirilməsi, pasiyentlərin müalicəyə sadiqliyinin artırılması və cəmiyyətdə stigma ilə mübarizədir. “Vərəmlə mübarizədə əsas prioritetlərdən biri cəmiyyət daxilində bu xəstəliklə bağlı stigma və yanlış təsəvvürlərin aradan qaldırılmasıdır” – deyə o vurğulayıb.
Ç.Ramazanlının sözlərinə görə, qeyri-hökumət təşkilatları bu istiqamətdə xüsusilə həssas qruplara çıxış, maarifləndirmə kampaniyalarının təşkili və icma səviyyəsində etimadın formalaşdırılması baxımından mühüm rol oynayır. O hesab edir ki, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi ümumi səhiyyə göstəricilərinin yaxşılaşdırılması üçün vacib şərtlərdən biridir.
Sonda sədr qeyd edib ki, Azərbaycanda səhiyyə sahəsində müşahidə olunan müsbət inkişaf dinamikası gələcək üçün ümidverici əsas yaradır. Bununla belə, profilaktika, erkən diaqnostika, pasiyent yönümlü xidmətlər və ictimai iştirakçılıq istiqamətində səylərin davam etdirilməsi zəruridir.
Fatimə Nəbiyeva