Ümumdünya Sağlamlıq Günü münasibətilə Azərbaycanda səhiyyə sistemində son illər müşahidə olunan inkişaflar və mövcud problemlər yenidən gündəmə gəlib. Xüsusilə icbari tibbi sığorta sisteminin tətbiqi tibbi xidmətlərə çıxışın genişlənməsində mühüm rol oynayır.
Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İntegrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a açıqlamasında bildirib ki, icbari tibbi sığortanın tətbiqi həssas qruplar üçün tibbi xidmətlərə çıxışı artırıb və bu, dövlətin sosial yönümlü siyasətinin mühüm göstəricisidir. O qeyd edib ki, sığorta haqlarının dövlət tərəfindən qarşılanması sosial dövlət prinsipinin bariz nümunəsidir.
Kərimova əlilliyi olan şəxslərin prizmasından baxdıqda səhiyyə sistemində hələ də müəyyən problemlərin qaldığını vurğulayıb. Onun sözlərinə görə, tibbi xidmətlərin tam əlçatan olmaması, reabilitasiya xidmətlərinin məhdudluğu və regionlarda bu sahənin yetərincə inkişaf etməməsi əsas çətinliklərdəndir.
Səbinə Kərimova əlavə edib ki, inklüziv səhiyyə yalnız pulsuz xidmətlərlə məhdudlaşmamalı, həm də maneəsiz mühitin yaradılması, tibb müəssisələrinin uyğunlaşdırılması və həkimlərin ünsiyyət bacarıqlarının inkişafını əhatə etməlidir. O, profilaktik tibbin və erkən diaqnostikanın gücləndirilməsinin əlilliyin qarşısının alınmasında xüsusi rol oynadığını bildirib.
Zəhra Ağayeva