ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Son günlərdə Bakı səmasında sanki göyün qapı-pəncərəsi açılmışdı. Yağış dayanmaq bilmirdi – aramsız, fasiləsiz, nəfəs dərmədən yağırdı. Hidrometeoroloqlar bildirdi ki, düşən yağıntı aylıq normanın 390 faizini keçib. Bu artıq adi hava hadisəsi deyil, təbiətin sərt sınağıdır. El arasında deyildiyi kimi: “Yer Onun, göy Onun – nə vaxt istər, nə qədər istər yağdırar.”
Bu yağış paytaxtın ritmini dəyişdi. Küçələr, yollar, həyətlər su altında qaldı. Bəzi yerlərdə həyat sanki dayanmış kimi oldu. Ağaclar kökündən qopdu, külək budaqları qırdı, su isə qarşısına çıxanı özü ilə apardı. İnsanlar çətinliklə üzləşdi, amma bu çətinliyin içində həm də başqa bir mənzərə ortaya çıxdı - həmrəylik, dayaq, insanlıq mənzərəsi.
Bakı Şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər qurumların əməkdaşları gecə-gündüz demədən işlədilər. Kimisi çiyinlərində yaşlıları, uşaqları təhlükəsiz əraziyə daşıyır, kimisi su basmış həyətləri xüsusi qurğularla boşaldır, kimisi qopan ağacları yığışdırırdılar. Yorğunluq hiss olunmurdu, şikayət eşidilmirdi - yalnız iş, yalnız məsuliyyət.
Bu mənzərədə diqqətimizi çəkən əsas qəhrəmanlar var - bəlkə də çoxlarının gözündən yayınan, amma bu gün özlərini ən ön sırada göstərən insanlar. Bu,Baki şəhərinin Mənzil Kommunal Təsərrüfat Birliyi əməkdaşlarıdır. Bir fotonun prizmasında bu daha aydın göründü.
Onları çox vaxt küçə süpürən, həyət təmizləyən sadə insanlar kimi tanımışıq. Hətta deyirdilər ki, elə bil orada ancaq yaşlı adamlar işləyir. Sən demə, elə deyilmiş. Bəzən fərqinə varmırıq, bəzən qiymətini vermirik. Amma bu dəfə gördük ki, bu “sadə” insanların içində necə böyük ürək, necə böyük güc var. Bu dəfə onlar sadəcə təmizlik işçisi deyil - xilasedici, dayaq, ümid oldular.
Fotolarda, videolarda onları suyun içində görürük. Dizədək, bəzən belədək suyun içində, heç tərəddüd etmədən, heç “bu mənim işim deyil” demədən insanlara kömək edirlər. Kimisi suyun içindən yolu açır, kimisi köməksiz qalanlara əl uzadır, kimisi sadəcə yanında olub güc verir. Onlar sözün əsl mənasında özlərini oda-közə vurdular - suya atdılar.
Ən təsirlisi isə budur: bunu borc xatirinə yox, insanlıq xatirinə etdilər. Heç bir gözlənti olmadan, heç bir təmtəraq olmadan. Sakitcə, görünmədən, amma böyük bir fədakarlıqla. Qeyd etmək yerinə düşərdi ki, Bakıya güclü qar yağan zaman da məhz onlar əllərini, qollarını çirməyib canla-başla bizim köməyimizə çatmışdılar. Həm müasir texnika, həm sadə bellə küçələrin təmizlənməsində müstəsna əziyyət çəkmişdilər. Onların xidmətidir ki, şəhərimiz bu cür gözəl və təmizdir.
Bu gün bəlkə də bir çoxumuz üçün Mənzil Kommunal Təsərrüfat Birliyi əməkdaşlarına baxış dəyişdi. Onlar artıq sadəcə küçə təmizləyən insanlar deyil - bu şəhərin görünməyən qəhrəmanlarıdır. Çətin gündə önə çıxan, yükü bölüşən, insanın yanında olan qəhrəmanlar.
Bax biz beləyik. Çətinlik gələndə bir-birinə dayaq olan, əl uzadan, əldən tutan xalqıq. Bu həmrəylik bizim ən böyük gücümüzdür.
Gəlin biz də öz növbəmizdə bu zəhmətə qiymət verək. Küçələri zibilləməyək, ətrafımızı qoruyaq, bu insanların işini yüngülləşdirək. Çünki onların gördüyü iş təkcə vəzifə deyil - bu, şəhərə, insanlara olan hörmətin təzahürüdür.
Atalar demişkən: “Yağış ilə yer göyərər, alqış ilə ər öyünər.” Qoy bu yağış təkcə fəsad yox, həm də bərəkət gətirsin. Quruyan çaylara can, çəkilən Xəzərə nəfəs olsun.
Xanım Aydın
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.