AZ

Əmlak bazarında TƏLATÜM – Bahalaşma SON HƏDDƏ

Bakı mənzil bazarında 2026-cı ilin ilk rübü daşınmaz əmlakın qiymətlərində nəzərəçarpan bahalaşma ilə yadda qalıb. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) son hesabatı göstərir ki, yanvar-mart ayları ərzində bazarda sabit artım trendi hökm sürüb. Xüsusilə yeni tikilən binalarda 3,6% və inşası hələ “kotlovan” mərhələsində olan layihələrdə 4% müşahidə olunan artım tempinin köhnə tikililəri (2,4%) üstələməsi diqqət çəkir.

Paytaxtın mərkəzi rayonları olan Səbail, Yasamal və Nəsimi isə qiymət artımının lokomotivi rolunda çıxış edir. Nərimanov, Xətai, Nizami və Binəqədi rayonları stabil və yüksək likvidliyə malik orta seqment bazarı kimi mövqeyini qoruyur. Suraxanı, Sabunçu, Qaradağ və Xəzər rayonları isə inkişaf etsə də, qiymət artım tempinin daha aşağı olduğu periferik zonalar kimi qeydə alınıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə qeyd edib ki, bazardakı bu dinamika gözlənilən iqtisadi proseslərin nəticəsidir: “Hazırda mənzil bazarında müşahidə olunan bahalaşma birbaşa maya dəyərinin artması ilə bağlıdır. Tikinti materiallarının qiymətindəki qlobal artım və logistik xərclərin yüksəlməsi yeni binalarda kvadratmetrin qiymətini yuxarı çəkir. Digər tərəfdən, şəhərin mərkəzi hissələrində tikinti üçün əlverişli torpaq sahələrinin məhdudluğu təklifi azaldır ki, bu da tələb qarşısında qiymətlərin artmasına rəvac verir”.

Onun sözlərinə görə, yaxın gələcəkdə bazarda hər hansı kəskin ucuzlaşma ehtimalı görünmür: “Mövcud iqtisadi mənzərə və Bakının baş planına uyğun olaraq aparılan söküntü işləri bazarda tələbi daim aktiv saxlayır. Kompensasiya alan vətəndaşların dərhal yeni mənzil axtarışına çıxması bazarda süni yox, real bir tələb yaradır. Bu səbəbdən yaxın aylarda qiymətlərin aşağı düşəcəyini gözləmək real deyil; əksinə, investisiya məqsədilə mənzil alanların sayının artması, xüsusilə ilkin tikinti mərhələsində olan obyektlərin qiymətini daha da stimullaşdıracaq”.

Seçilən
0
nocomment.az

1Mənbələr