Kaşan yaxınlığında körpünün partladılması əsas logistik marşrutu iflic edə bilər...
İranın İsfahan vilayətində yerləşən Kaşan şəhəri yaxınlığında dəmir yolu xətti üzərində güclü partlayış baş verib.
Poliqon xəbər verir ki, bu barədə Intellinews və yerli mənbələr məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla təxminən saat 13:15 radələrində qeydə alınıb. İlkin məlumatlara əsasən, partlayışın hədəfi “Yəhya-Abad” körpüsü olub və həmin körpü üzərindən dəmir yolu xətti keçir.
Qeyd olunur ki, Kaşan şəhəri Tehran–İsfahan–Şiraz istiqamətində yerləşən mühüm nəqliyyat oxunun üzərində yerləşir. Bu səbəbdən körpünün zədələnməsi ölkənin şimalı ilə cənubu arasında əsas logistik əlaqələrin pozulmasına gətirib çıxara bilər.
Məlumatlara görə, sözügedən marşrut hərbi yüklərin və yanacağın daşınmasında da istifadə olunur. Buna görə də hadisə İranın daxili logistikasına və hərbi təchizat zəncirinə ciddi təsir göstərə bilər.
Hadisənin səbəbləri və mümkün itkilər barədə rəsmi açıqlama hələlik verilməyib.
Analitiklər hesab edirlər ki, bu cür insidentlər ölkə daxilində infrastruktur təhlükəsizliyi ilə bağlı risklərin artdığını və regionda gərginliyin yeni mərhələyə keçə biləcəyini göstərir.
Poliqon.info