Azərbaycan və Gürcüstan arasında qədim tarixi köklərə malik münasibətlər uğurlu inkişaf yolu keçərək dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində yeni mərhələyə qədəm qoyan dövlətlərarası münasibətlər Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək daha da möhkəmlənib.
Cənab Prezidentin Gürcüstana, eləcə də Gürcüstanın dövlət və hökumət başçılarının ölkəmizə səfərləri tərəfdaşlığın çoxistiqamətli yeni hədəflərini müəyyən etməklə əlaqələri sıxlaşdırıb. İki ölkə arasında ali və yüksək səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir. Ümumiyyətlə, Azərbaycan-Gürcüstan münasibətlərində fəal işbirliyinin müşahidə edilmədiyi hansısa bir sahə qalmayıb.
Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da güclənməsinə təkan verməklə, Tbilisi ilə Bakı arasında siyasi-iqtisadi-humanitar bağlantıları daha da möhkəmləndirəcək, eyni zamanda, bölgədə müxtəlif sahələrədə əməkdaşlıqlar üçün mühüm inkişaf zəminləri yaradacaq. Bu səfər həm də regiondakı cari prosesləri müzakirə etmək baxımından mühüm əhəmiyyət daşıyıb.
Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda vurğuladığı kimi, Gürcüstan və Azərbaycan arasındakı tarixi əlaqələr dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr uğurla davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir, hər zaman olduğu kimi bir yerdədirlər və bu səfər iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək.
Tərəflər bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birini dəstəkləyib, o cümlədən ərazi bütövlüyü, dövlət suverenliyi, sərhədlərin toxunulmazlığı məsələsində dönməz mövqe nümayiş etdirib. Baş nazir İrakli Kobaxidzenin mətbuata bəyanatında qeyd etdiyi kimi, Gürcüstan öz müstəqilliyini bərpa etdikdən etibarən hər zaman Azərbaycanın milli maraqlarının, suverenliyinin və ərazi bütövlüyünün güclü tərəfdarı olub, hazırda tərəfdarıdır və münasibətlər müxtəlif istiqamətlər üzrə dinamik qaydada inkişaf edir. ikitərəfli əlaqələrin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları vacib rol oynayır.
Hər iki ölkənin uğurlarını şərtləndirən mühüm amillərdən biri iqtisadi sahədə dayanıqlı inkişaflara nail olunmasıdır. Tərəflər arasında iqtisadi-ticari əməkdaşlığın dinamikası dayanmadan hər il artım nümayiş etdirib və iqtisadi münasibətlərin keyfiyyəti və strukturu genişlənib, ötən il qarşılıqlı ticarət dövriyyəsi 800 milyon dollardan çox olub, eyni zamanda, cari ilin ilk rübündə yenə də kifayət qədər yüksək artım qeydə alınıb. Mövcud dinamika əmtəə mübadiləsinin ilin sonunda bir milyard dollara çatmasına imkan verəcək. Ölkə rəhbərlərinin görüşündə iqtisadi münasibətlər və sərmayələrlə bağlı yüksək səviyyədə dialoqun davam etdirilməsinə dair anlaşma da bu qətiyyətli iradənin bariz ifadəsi sayıla bilər.
İndiyə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulub, mövcud səfər zamanı yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparılması isə birgə sərmayə qoyuluşlarına təkan verəcək.
Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır, bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Həmçinin, qlobal bağlantı arteriyası olan Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir və hər iki tərəf üçün əsas nəqliyyat damarıdır.
Hazırda qlobal mühitdə baş verən geosiyasi proseslər Cənubi Qafqazda da tamamilə yeni vəziyyət yaratmaqdadır. Prezident Əliyevin qeyd etdiyi kimi, hər iki qonşu ölkə daim regional vəziyyəti və təhlükəsizlik məsələlərini diqqətsə saxlayır, bu gün də istisna deyil və Cənubi Qafqazda tamamilə yeni yaranmış vəziyyət region ölkələrini bu imkanları əldən verməməyi şərtləndirir. Çünki sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. “Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir”.
Azərbaycan və Gürcüstan arasında dərinləşən strateji müttəfiqlik regionun digər ölkəsi olan Ermənistan üçün də sülh və sabitlik təminatı verir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan ilə Ermənistan arasında cari sülh prosesini alqışlayaraq, bölgədə dinc yanaşı yaşamağı, konstruktiv əməkdaşlığı və yeni təşəbbüsləri qəti şəkildə dəstəklədiyini bəyan etməklə, Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın bütöv region üçün yeni perspektivlər açdığını, Orta Dəhliz və digər mühüm kommunikasiyalar üçün nə qədər strateji əhəmiyyət kəsb etdiyini xatırlatdı.
Asiya ilə Avropanı birləşdirən körpü olan iki ölkə nəqliyyat və logistika infrastrukturunu inkişaf etdirmək və müasirləşdirilməklə, beynəlxalq enerji və nəqliyyat layihələrində etibarlı və məsuliyyətli tərəfdaş olduğunu təsdiqləyib. Hazırda isə regionda çoxşaxəli və geniş əməkdaşlıq resursları meydana çıxıb, bölgənin dayanıqlı rifahı və uzunömürlü inkişafı üçün sözsüz ki, Azərbaycan və Ermənistan arasındakı sülh prosesi vacib rol oynayır.
Azərbaycan Prezidentinin də səsləndirdiyi kimi, hər addım atıldıqda bu sülhü gücləndirmək vacibdir, bunun ən yaxşı istiqaməti isə ticarətdir. Bu gün Azərbaycanla Ermənistan arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. Bu amil bir daha Gürcüstanın əlaqələndirici rolunu oynamaqla, Cənubi Qafqazda sülh və əməkdaşlıq formatının yaradılmasında mühüm yerini əks etdirir, Gürcüstan-Azərbaycan-Ermənistan formatının qurulmasına töhfə verir.
Bir sözlə, Azərbaycan və Gürcüstan arasında ikitərəfli gündəlik çox genişdir və birgə səylərlə ərsəyə gələn yeni layihələr bütün qonşular üçün nümunə hesab edilə bilər. Cənab Prezidentin səfəri qarşılıqlı hörmət və maraqlar, inam, ortaq mənfəət, dostluq və qardaşlıq üzərində qurulan dövlətlərarası münasibətləri möhkəmləndirməklə, hər iki ölkənin inkişafında və rifahının yüksəlməsində müstəsna rol oynayacaq.
Ramid Namazov,
Milli Məclisin deputatı