AZ

Gözlənilməz bir feykin tarixçəsi

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Rozenkreytserlər deyirdi: "Saata baxmazdan əvvəl vaxtı özlüyünüzdə təxmin etməyə çalışın".Əgər ictimai müzakirə üçün gündəmə yeni bir məsələ, tema atılıbsa, dərhal özünüzə sual verin: "Bu, kimə lazımdır?!" Həm də niyə lazımdır.

Kəlağayı söhbəti gündəmi zəbt eləyib. Məsələnin məğzi məlumunuzdur: saytlarda belə bir xəbər yayılmışdı ki, qadınlar ictimai yerlərdə kəkağayı örtsün. "Xəbər"in kökünü axtardım, heç bir rəsmi, yaxud yarımrəsmi platformalarda belə bir təklifə, çağırışa, heç bir rəsmi şəxsin açıqlamasına rast gəlmədim. Anladığıma, sonradan da öyrəndiyimə görə bu, feyk xəbərdir. Ancaq belə bir saxta kontent ictimai təfəkkürü " dalğalandırıb" - bax, bu, gerçəkdir.

Şərhlərə baxıram. Bu xəbərin ictimai rəyi zondaj eləmək (cəmiyyətin nəbzini yoxlamaq) üçün ortaya atıldığını deyən də var. Kim?! Cavab yoxdur. Yəqin ölkə içində kiminsə, ya da hansı qurumunsa belə bir rəy testi keçirdiyi düşünülür. Amma bu məsələnin kökü daha uzaqlara da gedə bilər. Azərbaycanda toplumunda sekulyar çoxluq kimləri niyə narahat edir - məlumdur. Daha əvvəl etnik kart oynanıldı, geosiyasi vektor üzərindən çevriliş cəhdləri oldu, məzhəb fərqləri üzərində qızışdırıcı gəzişmələr oldu, "sosial partlayış" ssenariləşdirildi. Çox şey oldu. Azərbaycanın daxili tarazlığını pozmaq üçün çox çalışdılar. Həm daxildən, həm xaricdən. Bacarmadılar. İndi də Azərbaycan cəmiyyətinin ən həssas nöqtəsindən "vurmaq" istəmişlər. Hər halda mənə belə gəldi. Qadınlar, hicab məsələləri çox həssas mövzulardır; bunların üzərindən ictimai gərginlik yaratmağa çalışanlar var. Hərçənd söhbət qadınların başını örtməsindən gedir. Bunlar dini inancla bağlı ola da, olmaya da bilər. Dini ayinləri icra etməyən, hətta deist və ateist qadınlar arasında da başını örtən, ictimai ortamda bədən cizgilərini, saçını gizlədənlər var. Bu, kəlağayı ilə də ola bilir, başqa cür örtüklərlə də. İslam dininə mənsub olmaq o demək deyil ki, qadın mütləq başını, üzünü gizlətməlidir. O demək deyil ki, mütləq çadra geyinməlidir.

Həmkarımız Arzu Qazıyevanın bu məsələ ilə bağlı statusunda maraqlı bir fikir var: "Deyirlər ki, dindar qadınların başlarını örtməsi üçün milli örtük təklif olunur. Milli örtük nədir? Kələğayıdır, kələğayı!

Ortada hələ əməli proses başlamayıb, amma etirazlar aşıb-daşır.

Niyə?

Kələğayının nəyi pisdir?

Əsas məsələ başın örtülməsidirsə, onda nə fərqi var, hicab yoxsa kələğayı?

Kələğayı söhbəti niyə bu qədər ajiotaj doğurur ki?

60-70-ci illərədək rayonlarda, kəndlərdə qadınlarımız kələğayı ilə başlarını örtüblər.

Həm yüngüldür, həm zərif, təmiz ipək, həm də əlvan rənglərdə, naxışları ilə. Dindar qadınlara əlavə yaraşıqdır. Hicab kimi altından xeyli başqa örtüklər bağlayıb sancaqlamağa ehtiyac yoxdur. Ən əsası özümüzündür!"

Bəli, doğrudan da, sual yaranır: nə fərqi var?!

Həm də Şekspirsayağı "HEÇ NƏDƏN HAY-KÜY".

Qəribəsi də burasıdır: kimsə, hansı məqsədlə isə hay qaldırır, millətin bir qismi də dərhal küyə gedir. Bu, küyə getməkdən, görəsən, nə zaman qurtulacağıq?!

Budur, kəlağayı söhbəti ortaya atılıb, yenə də insanlar sosial şəbəkələrdə bir-birinə dəyib.

Heç olmasa, Rozenkreytserlətdən öyrənin: bu feyk xəbərin məramını təxmin etməyə çalışın. Baxın, görün, bu, kimə lazımdır?

Orası dəqiqdi: bu ajiotaj bizə lazım deyil.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
bizimyol.info

1Mənbələr