2024-cü ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması ilə bağlı işlərə başlanılıb. İşlərin icrası üçün "EL EPCM" MMC ilə dəyəri 41 milyon 505 min manat olan müqavilə imzalanıb.
Layihənin əsas məqsədi şəhərdə tez-tez baş verən su basmalarının qarşısını almaq, kanalizasiya infrastrukturunu daha da yaxşılaşdırmaqdır.
Müşahidə olunan mənzərə tamamilə başqadır. Yağan intensiv yağışdan sonra şəhərin müxtəlif ərazilərində yollar yenidən su altında qalıb. Küçələrdə toplanan suların isə təkcə hərəkəti çətinləşdirmədiyi, eyni zamanda pis qoxu yayaraq sakinlər üçün əlavə narahatlıq yaratdığı bildirilir.
Bəzi ərazilərdə yağışdan sonra yaranan gölməçələr günlərlə çəkilmir.
Milyonlarla manat vəsaitin ayrılmasına baxmayaraq problemin hələ də qalması, layihənin icrası və görülən işlərin keyfiyyəti ilə bağlı suallar doğurur.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, "Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Master Planı"na əsasən Sumqayıt şəhərinin və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə uyğun olaraq 595 kilometr uzunluğunda magistral və paylayıcı su xətlərinin, 460 kilometr uzunluğunda kanalizasiya kollektor və xətlərinin inşası nəzərdə tutulub.
Qeyd olunub ki, Sumqayıt şəhəri, Corat və Novxanı qəsəbələri, həmçinin bağ massivləri və istirahət mərkəzlərindən Xəzər dənizinə axıdılan tullantı suların qarşısını almaq məqsədilə 15,2 kilometr uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektoru inşa edilib, dənizə birbaşa çıxışı olan kanalizasiya xətləri bu kollektora birləşdirilib, 2 ədəd kanalizasiya nasos stansiyası tikilib:
"Ekoloji mühitin yaxşılaşdırılması məqsədilə icra olunan bu layihə sutkada 40 min kubmetr tullantı suyunun Sumqayıt tullantı sutəmizləyici qurğusuna ötürülməsini təmin edib".
Həmçinin qurumdan verilən məlumata görə, "Yaşıldərə" yaşayış massivi və 76-cı məhəllə ərazisində formalaşan tullantı sularının idarə olunması istiqamətində ilkin olaraq şəhərin bir çox küçələrində kanalizasiya kollektor və xətləri inşa edilir:
"Layihəyə uyğun olaraq İnşaatçılar, Səməd Vurğun, Pərviz Hüseynov, Kamran Hüseynov, Bakı küçələrində və Koroğlu prospektində təmir, yenidənqurma işləri intensiv olaraq davam etdirilir. Layihədə diametri 600, 1000, 1200, 1400 və 1600 millimetrlik dəmir-beton və eyni zamanda diametri 300, 400, 500 millimetrlik koruge borulardan istifadə edilir. Tikinti işləri normativ qaydalara tam uyğun aparılır".
Nəzərə çatdırılıb ki, hazırda 622 metr uzunluğunda diametri 300 və 400 millimetr Koruge borularla xətlərin inşası başa çatıb, 19 ədəd quyu quraşdırılıb və eyni zamanda Pərviz Hüseynov küçəsində diametr 1600 millimetrlik dəmir-beton boruların tikinti-quraşdırma işləri davam edir:
"Məlumdur ki, əhali sayının artması ilə əlaqədar tullantı suların həcmi də artır. Bu səbəbdən sutkalıq məhsuldarlığı 100 min kubmetr olan Tullantı Sutəmizləyici Qurğular Kompleksində də əsaslı təmir və yenidənqurma işləri aparılır".
Mina Mikayılova
Milli.Az