AZ

Diqqət edin: hər şeyi dövlətdən gözləmək olmaz Qalmaqallı hadisəyə reaksiya

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Məlum olduğu kimi, “9 uşaq atası” kimi tanınan Sumqayıt sakininin 6 uşağı dəm qazından zəhərlənib, nəticədə onlardan biri həyatını itirib. Hadisədən sonra atanın övladının dəfnini sosial şəbəkədə paylaşması və ağır günündə bu cür davranışlar sərgiləməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bununla yanaşı, aidiyyəti qurumların məsələyə lazımi qədər diqqət göstərmədiyi qeyd edilib.

Məlumata görə, artıq həmin ailə nəzarətə götürülüb. Həmçinin Dövlət Sosial Müdafiə Fondundan Globalinfo.az-a bildirilib ki, ailəyə hər uşağa görə ayda 140 manat ödəniş edilir.

Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, burada bir neçə vacib məqam var:

“Belə ki, sosial medianın üstünlükləri ilə yanaşı, yaratdığı fəsadları da görürük. Bəzi insanlar ən çətin anlarında belə düzgün davranmırlar. Məsələn, yeni övladı dünyaya gələn və ya yaxınını itirən bir insanın diqqəti daha çox ailəsinə, kədərinə yönəlməlidir. Ancaq bəziləri bu kimi hallarda belə sosial mediada cəmiyyət tərəfindən birmənalı qarşılanmayan davranışlar sərgiləyirlər, sosial şəbəkələrdə canlı yayımlar açırlar və sair”.

Deputat qeyd edib ki, bu istiqamətdə ciddi mexanizmlər üzərində düşünmək lazımdır:

“Araşdırmalıyıq ki, bu kimi halların qarşısını necə ala bilərik. İlk növbədə, valideynlər ailə planlamasını düzgün aparmalıdırlar. Övlad Uca Yaradanın insana verdiyi ən böyük nemətlərdən biridir. Buna görə də hər kəs övladın dəyərini düzgün anlamalıdır”.

C.Məmmədov hesab edir ki, bütün məsələni dövlətdən gözləmək düzgün deyil:

“İnsanlar məsuliyyətli olmalıdırlar. Hər kəs öz imkanlarını və vəziyyətini düzgün qiymətləndirməlidir. Ailə qurarkən və uşaq dünyaya gətirərkən onu böyütmək, qorumaq və təmin etmək məsuliyyətini daşıya biləcəyini əvvəlcədən düşünməlidir.

Eyni zamanda, dövlətin də müəyyən mexanizmləri və yanaşmaları olmalıdır ki, bu problemlər həllini tapsın və belə hallar davam etməsin. Aidiyyəti qurumlar bu məsələlərə nəzarət etməlidir. Çünki uşaqlar bizim gələcəyimizdir, sabahın idarəçiləridir. Onları qorumaq hamımızın borcudur. Bu baxımdan məsələnin nə qədər vacib olduğu bir daha aydın görünür”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
globalinfo.az

1Mənbələr