AZ

Universitetlər Qarabağa köçürülə bilər - İlqar Orucov

"Universitetlərin köçürülməsi zamanı profil və infrastruktur mütləq nəzərə alınmalıdır. Texniki və aqrar profilli universitetlərin laboratoriya və təcrübə sahələrinə ehtiyacı var".

Bunu Redaktor.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirdi.

"Bakının mərkəzlərində geniş sahə tapmaq olduqca çətindir və onların geniş torpaq sahələri olan bölgələrə, məsələn, Qarabağ iqtisadi rayonuna, Gəncə-Daşkəsən iqtisadi rayonuna köçürülməsi elmi təcrübələr üçün daha effektiv ola bilər. Azərbaycan Dövlət Aqrar Universiteti Gəncədədir, mən o universitetdə olmuşam. Universitetin özünün geniş təcrübə sahələri var və orada tələbələrin həm də dual təhsil modelindən istifadəsi üçün geniş imkanlar var. Mənim dünyanın fərqli ölkələrində universitetlərlə çox yaxşı əlaqələrim və münasibətlərim var" - deyən müsahibimiz vurğuladı ki, Macarıstanın ən böyük universitetlərindən biri ölkənin ən turistik və aqrar sahənin inkişafı üçün münbit olan Balaton gölü ətrafında yerləşən bir şəhərdə yerləşir və universitetin özünün kifayət qədər təcrübə sahələri var:

"Aqrar bölmə üçün universitet özü orada fermalar saxlayır, heyvandarlıq təsərrüfatını geniş inkişaf etdirir və böyük əkin sahələrinə malikdir. Yeni toxumlar məhz universitet mühitində alınır. Böyük atçılıq fermaları, qoyunçuluq fermaları və mal-qara fermaları var və s. Balaton gölü ətrafı turistik bölgə olduğu üçün orada turizm obyektlərinin sifarişlərini universitet kampusu qarşılayır. Yəni universitet həm də iş dünyası ilə vəhdət, harmoniya halında fəaliyyət göstərir. Universitet eyni zamanda geniş təsərrüfat sahələrindən böyük gəlirlər əldə edir. Bu həm təcrübə, həm də maliyyə qazancıdır. Universitet yalnız pul qazanmağı və əlavə vəsait əldə etməyi tələbənin ödənişi hesabına reallaşdırmamalıdır".

İ.Orucov hesab edir ki, dünyanın fərqli ölkələrinin təcrübələrini, artıq təsdiq olunmuş nümunələrini təcrübəmizə gətirməliyik:

"İncəsənət və mədəniyyətlə bağlı universitetlərin Şuşada olması və ya Şəkidə yerləşməsi tələbələrin yaradıcılıq potensialını artıra bilər. Bu çox önəmli ola bilər. Məsələn, İdman Akademiyasının Bakıda olmasına nə ehtiyac var? Bunun onsuz da regionlarda bol infrastrukturu mövcuddur ki, biz akademiyanı istənilən böyük olimpiya kompleksləri olan regionlara köçürə bilərik. Köçürülmə prosesində məqsəd tələbə kütləsini şəhərdən çıxarmaq deyil, regionlarda ixtisaslı kadr və innovasiya mərkəzi yaratmaq kimi baxış olmalıdır. Yəni biz kor-təbii şəkildə “tələbələri şəhərdən uzaqlaşdıraq, universitet şəhər yükünü azaltsın” deyə bu baxışa hədəflənməməliyik. Regionlarda ixtisaslı kadr formalaşdırmaq və eyni zamanda innovasiya mərkəzi yaratmaq düşüncəsindən irəli gələrək yola çıxmalıyıq. Məsələn, işğaldan azad olunmuş Qarabağ iqtisadi rayonunda bu işləri görmək olar. Məhz müasir, ağıllı yanaşmalardan istifadə olunaraq qurulan bölgəmizdir".

Aytəkin TOFİQQIZI

Seçilən
39
redaktor.az

1Mənbələr