AZ

“Safeen Prestige” konteyner gəmisi Hörmüz boğazında batıb

Müharibənin ilk həftəsində zədələnən gəminin batması bölgədə ekoloji riskləri də artırıb...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına görə, İranla münaqişənin ilk həftəsində zərər görən “Safeen Prestige” konteyner gəmisi Hörmüz boğazında batıb. Hadisə beynəlxalq dəniz ticarəti üçün strateji əhəmiyyət daşıyan bölgədə təhlükəsizlik narahatlıqlarını daha da gücləndirib.

Pakistanın Hidroqrafiya Xidməti tərəfindən yayılan məlumatda bildirilib ki, gəmi tam şəkildə suyun altına qərq olub. Qəza baş verən ərazidə neft sızması izləri qeydə alınıb ki, bu da ekoloji vəziyyət baxımından əlavə risklər yaradır. Ekspertlər qeyd edir ki, belə sızmalar dəniz ekosisteminə ciddi zərər verə bilər və uzunmüddətli təsirlərə səbəb ola bilər.

Avropa İttifaqının Copernicus Browser peyk xidməti tərəfindən əldə olunan görüntülər hadisənin dinamikasını aydın şəkildə göstərir. Belə ki, 28 mart tarixində çəkilmiş görüntülərdə gəminin alov içində olduğu müşahidə olunub. Lakin 2 aprel tarixində həmin ərazidə gəmidən heç bir iz qalmadığı, onun tamamilə batdığı təsdiqlənib.

Mütəxəssislər bildirirlər ki, Hörmüz boğazı dünya enerji tədarükü üçün əsas tranzit marşrutlarından biridir və burada baş verən hər hansı insident qlobal bazarlara birbaşa təsir göstərə bilər. Gəminin batması həm nəqliyyat təhlükəsizliyi, həm də enerji daşımaları baxımından əlavə risklər yaradır.

Hadisənin dəqiq səbəbləri və mümkün insan itkiləri ilə bağlı rəsmi məlumatlar hələ açıqlanmayıb. Bununla belə, bölgədə müşahidə olunan hərbi gərginlik fonunda bu kimi hadisələrin artması beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr