BAKI, 7 aprel. TELEQRAF
Xalq artisti, professor Yalçın Adıgözəlov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında cərəyan edən proseslərlə bağlı Teleqraf İnformasiya Agentliyinin suallarını cavablayıb.
- Yalçın müəllim, artıq iki ildir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından ayrılmısınız. Lakin bu fakt yalnız son günlərdə ictimaiyyətə məlum olub.
- Bəli, qeyd etdiyiniz kimi, iki ildir ki, teatrla yaradıcılıq əlaqələrimi dayandırmışam. Həmin vaxt bu barədə ictimaiyyətə açıqlama verməyi zəruri hesab etmədim.
- Xalq artistləri Əvəz Abdulla və Kamilla Hüseynova tərəfindən səsləndirilən narazılıqlar, əmək müqavilələrinin uzadılmaması və teatr daxilindəki münasibətlərlə bağlı iddialar fonunda, teatr rəhbərliyinin, xüsusilə direktor Yusif Eyvazovun bu məsələlərə yanaşmasını necə qiymətləndirirsiniz?
- Mən yalnız öz mövqeyim və qərarlarım qarşısında məsuliyyət daşıyıram. Teatrdan uzaqlaşmağımın səbəbi isə ondan ibarətdir ki, həmin dövrdə mənə qarşı ədalətsiz münasibət sərgiləndi və təqdim olunan şəraitdə fəaliyyətimi davam etdirməyi mümkün saymadım. Əvəz Abdulla və Kamilla Hüseynova Azərbaycan Respublikasının Xalq artistləridir və onların səsləndirdikləri iradların əsassız olmadığını düşünürəm.-
- Xalq artisti Yusif Eyvazovun teatr rəhbəri kimi fəaliyyətini necə dəyərləndirirsiniz?
- Xalq artisti Yusif Eyvazovun rəhbərlik fəaliyyətinə qiymət vermək niyyətində deyiləm. Onun fəaliyyəti hər kəsin gözü önündədir və bu barədə nəticə çıxarmaq ictimaiyyətin ixtiyarındadır.
- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?
- Təəssüf hissi ilə qeyd etməliyəm ki, artıq beş ilə yaxın teatr öz binasında fəaliyyət göstərə bilmir-
- Teatr təmir səbəbilə fəaliyyətini dayandırıb?
- Xeyr. Səhnə, orkestr çuxuru və tamaşa zalı tamamilə sökülüb, lakin bu günədək real bərpa-tikinti işlərinə başlanılmayıb.
- Sizcə, teatrın gələcək taleyi necə olacaq?-
- Bu, olduqca mürəkkəb və çoxşaxəli bir sualdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı canlı bir orqanizm kimidir. Kollektiv belə bir vəziyyətə düşübsə, onun əvvəlki bədii və yaradıcılıq səviyyəsinə qovuşması üçün uzun illər tələb olunacaq.
- Teatra yenidən qayıtmaq istərdinizmi?
- Şübhəsiz, istərdim. Lakin mövcud şərait daxilində orada fəaliyyət göstərmək, təəssüf ki, mümkün görünmür.