ain.az bildirir, GlobalInfo portalına istinadən.
ABŞ Prezidenti Donald Trampın İrana göndərilən silahları kürd qruplaşmalarının götürdüyünə dair açıqlaması müzakirələrə səbəb olub. Buna cavab olaraq, Kürdüstan Azad Həyat Partiyası (PJAK), Kürdüstan Azadlıq Partiyası (PAK), İran Kürdüstanı Demokrat Partiyası (PDKI) və KDP kimi kürd silahlı birləşmələri Trampın iddiasını rədd ediblər. Onlar hələ də köhnə silahlardan istifadə etdiklərini, Ağ Ev rəhbərinin nədən bəhs etdiyini anlamadıqlarını bildiriblər.
ABŞ İrana silah göndərməyib? Qruplaşmalar həqiqətən silah almayıb, ya qəsdən təkzib edilir?
Globalinfo.az-a danışan Yaxın Şərq üzər ekspert Vüqar Zifəroğlu deyib ki, Donald Tramp 5 aprel 2026-cı ildə “Fox News” telekanalına verdiyi müsahibədə sensasiyalı bir bəyanatla çıxış etdi:
“O, ABŞ-ın İrandakı etirazçılara dəstək məqsədilə çox sayda silah göndərdiyini bildirdi. Məlumata görə, bu silahların çatdırılmasını kürd vasitəçilər həyata keçirməli idilər. Lakin Tramp kürdlərin həmin silahları özlərinə götürdüyünü və nəzərdə tutulan yerə çatdırmadıqlarını dedi.
Prezident Trampın verdiyi bu açıqlamalar hazırda Yaxın Şərqdə ən çox müzakirə olunan mövzulardan biridir. Ağ Ev rəhbərinin “silah göndərdik, amma kürdlər mənimsədi” iddiası ilə kürd qruplaşmalarının “biz heç nə almamışıq” təkzibi arasında ciddi bir ziddiyyət var.
PJAK, PAK və PDKI bu iddiaları dərhal rədd etdilər.
Nəzərə almaq lazımdır ki, bu qruplaşmaların çoxu İraq Kürdüstanında yerləşir. Rəsmi Bağdad və Tehran tərəfindən “terror qruplaşması”, “separatçı” kimi tanınan bu qruplașmalar müxtəlif yollarla ABȘ-dan dəstək alıblar. Lakin hazırda dəyișən reallıqlar fonunda adı çəkilən qruplașmalar Vaşinqtondan birbaşa silah aldıqlarını etiraf etsələr, həm İraq hökuməti və həm də Kürdüstan regional rəhbərliyi ilə problemlər yaşayar, eyni zamanda İranın onlara qarşı daha şiddətli raket zərbələri endirməsinə (məsələn, 2026-cı ilin əvvəlindəki zərbələr kimi) legitimlik qazandırarlar. Suriya hadisələrindən sonra bu qruplașmaların Vaşinqtona etimadının azalması da unudulmamalıdır.
Vüqar Zifəroğlu
Eyni zamanda, bir çox analitiklərin də qeyd etdiyi kimi, ağır silahların İraq sərhədindən İranın mərkəzinə, etirazçıların əlinə çatdırılması coğrafi baxımdan demək olar ki, qeyri-mümkündür. Kürd qrupları bildirirlər ki, onların imkanları yalnız dağlıq sərhəd bölgələri ilə məhdudlaşır.
Tramp bəzən daxili siyasətdə “biz nəsə edirik” mesajını vermək üçün kəşfiyyat məlumatlarını və ya hələ icra olunmamış planları artıqlaması ilə təqdim edə bilir. Qruplaşmaların iddiasına əsasən, Trampın bəhs etdiyi silahlar reallıqda heç onlara çatmayıb.
Mümkündür ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və digər kəşfiyyat qurumları həqiqətən kiçik həcmli silah partiyalarını sızdırmağa çalışıb, lakin bu, Trampın dediyi qədər böyük miqyasda olmayıb. Həmin silahların əksəriyyətinin isə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən ələ keçirilməsi mümkündür. Xatırlatmaq istərdim ki, bir necə gün əvvəl İran rəsmi mediası Amerika istehsalı olan silahların ələ keçirilməsi ilə bağlı görüntülər paylaşmıșdı”.
Turan Rzayev
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.