AZ

Evləri yağış suyu altında qalan Keşlə qəsəbəsinin sakinləri: “Şəhərin göbəyində özbaşına heç toyuq hini tikmək olmazdı...”

ain.az bildirir, Bizimyol portalına istinadən.

Martın 27-28-də, eləcə də aprelin 4-5-də yağan güclü yağışlar Bakıda infrastrukturla bağlı ciddi problemlər olduğunu ortaya çıxardı. Xüsusən bir sıra ərazilərdə vəziyyətin daha bərbad olduğu ortaya çıxdı. Məlum oldu ki, uzun illər korrupsiya, məmur özbaşınalığı və laqeydlik nəticəsində indi həmin yerlərdə dözülməz vəziyyət yaranıb. Bakının Keşlə qəsəbəsindəki son baş verənlərin də səbəbini başqa cür izah etmək mümkün deyil.

Bizimyol.info xəbər verir ki, Keşlədə Rəşid Bağırov küçəsində tullantı su kollektorunun üzərində tikilmiş ev aprelin 5-i axşamdan başlayaraq sökülüb. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) da təsdiqləyib.

Bu qurumun yaydığı açıqlamada bildirilir ki, ev komissiyanın qərarı əsasında sökülüb: “Kollektorda izafi yüklənmə nəticəsində baş verən qəza hadisəsi suyun ətraf ərazilərə yığılmasına səbəb olub. Hazırda həmin ərazilərdə suyun kənarlaşdırılması istiqamətində intensiv işlər aparılır”.

Açıqlamada qeyd olunur ki, qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib, kollektorun üzərində təmir-tikinti, bərpa işlərinin təhlükəsiz icrası üçün ərazini boşaltmaları tapşırılıb.

Keşlə sakinləri Bizimyol.info-nun əməkdaşları ilə söhbətdə bildiriblər ki, qəsəbədə bundan əvvəl də yağışlarda böyük gölməçələr yaranırdı. Onların sözlərinə görə, martın 27-28-də yağan yağışlarda da Keşlədə küçələrə, həyətlərə kifayət qədər su yığılmışdı və bu barədə bir çox dövlət qurumlarına məlumat vermişdilər. Lakin onların müraciətlərinə heç bir reaksiya verilməyib: “Buradakı kanalizasiya xətləri sovet dövründə çəkiləndir, ondan sonra yenilənməyib. Təxminən 10 il əvvəl problem yarandı, bir neçə yerdə borunu dəyişdilər, vəssalam. Yağış yağanda həmişə su yığılırdı. Bir neçə gün əvvəlki yağışda da əməlli-başlı əziyyət çəkdik. Amma gəlib tədbir görmədilər. Düzdür, vəziyyət indiki kimi deyildi. Su da getdikcə nisbətən çəkildi. Bu dəfə isə lap dəhşətli oldu. Dünən səhər tezdən sanki sel gəldi. Sağ olsun “Fövqəladə”nin işçiləri, onlar olmasaydı, bəlkə də ölüm-itim olardı. Gəldilər, yaşlıları, uşaqları, qadınları çıxardılar. Evlərdən heç nə çıxarmaq mümkün deyildi”.

Üstündən bir sutka keçməsinə baxmayaraq, ərazidə hələ də hündürlüyü bir metrə çatan su vardı. Baxmayaraq ki, müvafiq qurumlar oradan suyu çəkməyə çalışır.

Sakinlərdən onu da öyrəndik ki, 100-ə yaxın insan təhlükəli vəziyyətlə əlaqədar evlərindən çıxarılıb və onlara xəbərdarlıq olunub ki, qərar verilənə qədər evlərinə qayıtmasınlar: “Bəzilərimiz gecəni qohum-tanışın evində keçirmişik. Dövlət işçiləri evsiz qalan sakinlərin bəzilərini otelə yerləşdirib”.

Hazırda əraziyə qırmızı lent çəkilərək, ora kənar şəxslər buraxılmır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Keşlə qəsəbəsində 97 sakin təhlükəsiz əraziyə təxliyə olunub: “Gecə saatlarında da qüvvələr tərəfindən fasiləsiz olaraq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hazırda suyun çəkilməsi tədbirləri davam etdirilir”.

Keşlə sakinlərini narahat edən məsələlərdən biri də evləri söküləcəyi təqdirdə onlara kompensasiya ödənilməsilə bağlıdır: “Belə söz-söhbət gəzir ki, guya kimlərin çıxarışı varsa, onlara kompensasiya veriləcək, kimlərdə yoxdursa, onlara verilməyəcək. Bu nə deməkdir? Bu evlərin bir hissəsinin çıxarışı var. Çıxarışı olmayanların da bələdiyyə sərəncamı var. Adamların qeydiyyatı var, kommunal xidmətlər ödəyirlər onillərdir. Belə qanunsuz ev olur? Şəhərin göbəyində özbaşına heç toyuq hini tikmək olmaz. Bu evlər 20-25 ildir buradadır. Nə qədər avadanlıqlarımız suyun içində məhv olub. Bir televizoru, bir soyuducunu almaq olmur bu çətin zamanda. Görün insanlara nə qədər ziyan dəydi...”

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
bizimyol.info

1Mənbələr