AZ

Elnur Azadov: “Hansı ərazilər ciddi şəkildə su altında qalıbsa və orada kanalizasiya xətləri yoxdursa, həmin ərazilərə tələbat azalacaq”

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son günlər ölkənin müxtəlif bölgələrində müşahidə olunan intensiv yağıntılar bir sıra problemlərə yol açıb. Paytaxtda qeydə alınan su basmaları - bəzi ərazilərdə yaşayış evlərinin su altında qalması daşınmaz əmlak bazarı ilə bağlı yeni narahatlıqlar yaradıb.Su basmaları daşınmaz əmlak bazarında qiymətlərə necə təsir edə bilər?Tez-tez su altında qalan ərazilərdə mənzillərə tələb azalacaqmı?

Əmlak eksperti Elnur Azadov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, problemlər aradan qaldırıldıqca, məsələ cəmiyyət tərəfindən də unudulacaq: “Sözsüz ki, qiymətlər düşməyəcək. Bu hallar ilk növbədə tələbatda dəyişiklik yaradacaq. Hansı ərazilər ciddi şəkildə su altında qalıbsa və orada kanalizasiya xətləri yoxdursa, həmin ərazilərə tələbat azalacaq. Nisbətən hündür və infrastrukturu daha yaxşı olan ərazilərdə isə belə problemlər ümumiyyətlə müşahidə olunmur.

Bu vəziyyət daimi xarakter daşımayacaq. Daha çox müvəqqəti təsir göstərəcək və təxminən bir il ərzində aktual qalacaq. Tədricən problemlər aradan qaldırıldıqca, məsələ cəmiyyət tərəfindən də unudulacaq. Yaxın 1-2 il ərzində bu problem müəyyən qədər qabarıq şəkildə hiss olunsa da, uzunmüddətli təsiri gözlənilmir.

Digər mühüm məqam isə odur ki, artıq 2025-ci ildə Bakı şəhəri və ətraf ərazilərdə kiçik kollektor xətlərinin çəkilməsi ilə bağlı layihə təsdiqlənib və prosesə start verilib. 2026–2027-ci illər ərzində bu layihənin Bakıətrafı ərazilərin böyük hissəsini əhatə etməsi planlaşdırılır. Kanalizasiya xətləri olmayan ərazilərdə bu infrastrukturun qurulması nəzərdə tutulur və proses artıq başlayıb.

Mini kollektor layihəsi bütün Bakını əhatə etməsə də, mövcud problemlərin ən azı 50-60 faizini mərhələli şəkildə aradan qaldıra bilər. Bundan əlavə, əsas kollektorların qurulması və həmin kollektorlar üzrə yerli kanalizasiya xətlərinin çəkilməsi də planlaşdırılır. Mümkün olan ərazilərdə bu xətlərin kollektor sisteminə qoşulması həyata keçiriləcək”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
bizimyol.info

1Mənbələr