ain.az, Oxu.az portalına istinadən məlumat verir.
Emin Quliyev adına 9 nömrəli inteqrasiya təlimli internat məktəbində işdən çıxarılan müəllim vəzifəsinə bərpa edilib.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, həmin məktəbin riyaziyyat müəllimi V.F. əsassız şəkildə işdən çıxarıldığını bildirərək məhkəməyə müraciət edib.
V.F. məhkəmədə bildirib ki, 2015-ci ildən etibarən Emin Quliyev adına 9 nömrəli inteqrasiya təlimli internat məktəbində rus bölməsində riyaziyyat müəllimi kimi çalışıb. 2025-ci tədris ili başlayanda isə direktor tərəfindən qərəzli şəkildə məktəbə buraxılmayıb. O qeyd edib ki, işlədiyi müddətdə heç bir intizam tənbehi almayıb və işinin öhdəsindən layiqincə gəlib. Rus bölməsi ixtisara düşsə də, digər müəllimlər Azərbaycan bölməsinə keçirilib, lakin bu hal ona tətbiq olunmayıb.
Müəllim iddia edib ki, bunun əsas səbəbi məktəbin işdən çıxarılan direktoru Afaqət Əsgərova ilə aralarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində yaranan narazılıq olub:
"Direktora bayram münasibətilə könüllü olaraq 50 manat hədiyyə versəm də, o, məbləğin az olduğunu bildirərək 100 manat istədi. Lakin həmin məbləği vermədiyim üçün aramızda konflikt yarandı. Bundan sonra direktor dərs saatlarını pulla satmağa və bu kimi qərəzli hərəkətlərə başladı".
Məhkəmənin qərarı ilə iddiaçı əvvəlki işinə - məktəbin riyaziyyat müəllimi vəzifəsinə bərpa edilib. Həmçinin 2025-ci ildən etibarən məcburi iş buraxma müddətinə görə əməkhaqqının hesablanaraq ödənilməsi barədə göstəriş verilib.
Qeyd edək ki, Afaqət Əsgərova bir neçə ay əvvəl vəzifəsindən azad olunub. Bu ilin mart ayında isə onun yerinə Samirə Həsənova təyin edilib.
Fotoda Afaqət Əsgərova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.