AZ

Elnur Azadov: Yağışdan sonra su altında qalan qanunsuz tikililərin əsas məsuliyyəti icra hakimiyyətlərinin üzərinə düşür

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Bir balaca yağış yağan kimi Bakı və ətrafındakı kəndlər su içində qalır. İllərdir "rəsmi reaksiya" dəyişmir: “yağış normadan artıq yağıb”. Mərhum şair Baba Pünhanın dediyi kimi: "Bakının dərdi var, Bakı xəstədir". Sağalması indi demək olar ki, mümkünsüzdür. Deyəcəksiniz niyə? Çünki heç kim öz məsuliyyətini dərk etmir. Hamı yola verir işini.Kimdir müqəssir?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər bir dövlət qurumunun öz yazılmış prosedur və qaydaları mövcuddur: “Bu qaydalar müvafiq qanunlara, fərmanlara və digər normativ aktlara əsaslanır. Yaranmış vəziyyətdə isə ilk növbədə aydınlaşdırılmalıdır ki, baş verən hadisə həqiqətən fövqəladə hal hesab olunur, yoxsa yox. Əgər vəziyyət fövqəladə hal kimi qiymətləndirilirsə, bunun konkret meyarları var və həmin meyarlara uyğun olaraq Fövqəladə Hallar Nazirliyi dərhal müdaxilə etməli, əhalinin təxliyəsini həyata keçirməlidir. Təxliyədən sonra isə aidiyyəti digər dövlət qurumları ərazinin sudan təmizlənməsi və nəticələrin aradan qaldırılması istiqamətində fəaliyyət göstərməlidir”.

Elnur Azadov

Qanunsuz tikililərlə bağlı ekspert Elnur Azadov qeyd edib ki, burada məsuliyyət birbaşa yerli icra hakimiyyətlərinin üzərinə düşür: “Hər bir dövlət qurumunun konkret səlahiyyətləri var və bu səlahiyyətlərdən düzgün istifadə olunmaması, yaxud onlara göz yumulması ümumi hüquqi məsuliyyət yaradır. Qanunvericiliyə əsasən, icra hakimiyyətləri vətəndaşların təhlükəsizliyini təmin etməli, potensial risklərin qarşısını əvvəlcədən almalıdır.

Bu baxımdan onlar ərazilərdə hansı tikililərin qanuni, hansının isə qanunsuz olduğunu bilməli və nəzarətdə saxlamalıdırlar. Eyni zamanda, kommunikasiya xətlərinin yerləşməsi, texniki vəziyyəti və riskli sahələr də onların diqqətində olmalıdır. İcra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərən texniki mütəxəssislər və mühəndislər bu məsələlərə bələd olmalıdır.

Bununla belə, məsuliyyəti yalnız bir qurumun üzərinə qoymaq doğru olmazdı. Mövcud vəziyyətdə həm yerli icra hakimiyyətlərinin, həm də digər aidiyyəti qurumların üzərinə düşən məsuliyyət var və bu məsuliyyət bölüşdürülməlidir”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
bizimyol.info

1Mənbələr