AZ

Şair-diplomat Hacan Hacısoyun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda görkəmli neftçi-alim və diplomat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müəllimi, şair Hacan Hacısoyun 80 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Hacan Hacısoyun “Var ilə yoxun arası” və professor Rafiq Əliyevlə birgə yazdığı “Neftçıxarmada qeyri-səlis məntiq” kitablarının təqdim olunduğu toplantıda şairin qələm dostları, alimlər, ziyalılar iştirak edirdilər.

Tədbirin aparıcısı, AYB-nin poeziya şöbəsinin müdiri İbrahim İlyaslı Hacan Hacısoyun poeziyası haqqında bir qədər məlumat verərək bildirib ki, insanın çox şeyləri – mükafatları, müəyyən statusları ola bilər. Amma şair üçün ən yaxşı təqdimat olun şeirləridir. Ona görə də Hacan müəllimi tanımaq üçün insana müdriklik aşılayan şeirlərini oxumaq kifayətdir.

Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, professor Rafiq Əliyev, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru Südeyf İmamverdiyev və başqaları yubilyarı təbrik edərək ona ən xoş arzularını çatdırıblar.

Natiqlər Hacan Hacısoyun insani keyfiyyətlərindən, böyük alim kimi gördüyü işlərdən danışmaqla yanaşı, onun diplomatik fəaliyyəti üzərində dayanaraq ölkəmiz üçün çətin bir dövrdə Gürcüstanda səfir olduğunu, işlədiyi müddətdə Azərbaycanı layiqincə təmsil etdiyini bildiriblər.

Sonra ADNSU-nun müəllimləri, şair Rəfael Tağızadə, şair-naşir Elçin İsgəndərzadə, Şahismayıl Şəmmədoğlu və digərləri çıxış edərək şairi 80 illik yubileyi münasibətilə təbrik ediblər.

Qeyd olunub ki, Hacan Hacısoy diplomat kimi nə qədər müdrik fəaliyyət göstərmişdisə, şeirlərində də bir o qədər incə və məsuliyyətlidir. Onun əsərləri ilə tanış olduqca vətənpərvər, milli-mənəvi dəyərləri uca tutan və təbliğ edən, sözün qədrini bilən, ondan məharətlə istifadə etməyi bacaran bir şairlə tanış olursan. Onun şeirlərində heç zaman artıq sözə rast gəlməzsən. Məhz bu xüsusiyyətlərinə görədir ki, Azərbaycanın müstəqillik illərində qarşılaşdığı ağır problemlər, Vətən ağrıları, Qarabağın işğalı şairin şeir və poemalarında ayrıca bir yer tutur. Onun şeirlərindən aydın olur ki, xalqımıza qarşı törədilən ədalətsizliklərlə barışmır, torpaqlarımızın işğalına dözə bilmir, hər dəqiqə əlinə silah götürüb vuruşmağa hazırdır. Torpaqlarımıza qarşı təcavüz onu nə qədər ağrıdırsa, Qarabağın azadlığa qovuşması, ədalətin bərpası şairi ürəkdən sevindirir. Nəticədə isə nikbin poetik nümunələr yaranır.

Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib və yeni şeirlərini səsləndirib.

Seçilən
33
azerbaijan-news.az

1Mənbələr