AZ

KTMT-də erməni böhranı: Lukaşenko narazılığını gizlətmədi, İrəvana açıq mesaj göndərdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanla işində çox diqqətli və korrekt olması lazımdır. Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-nin Baş katibi Taalatbek Masadıkov ilə görüşdə bildirib.

Ermənistanın KTMT çərçivəsində işi dəstəkləməməsinə baxmayaraq, təşkilatda qalmasına diqqət çəkən Belarus lideri bu ölkə ilə diqqətli davranmağı tövsiyə edib.

“Çox korrekt olmalıyıq. Ermənistanda bu baxımdan vəziyyət mürəkkəbdir, xüsusilə seçki dövründə. Çox çətin vəziyyətdir. Buna görə də Ermənistanla münasibətlərdə çox diqqətli və ehtiyatlı davranmalıyıq”, – Lukaşenko vurğulayıb.

Lukaşenkonun bu fikirləri Ermənistana böyük əhəmiyyət verildiyinin, yoxsa Ermənistandan narazılığın əlaməti hesab oluna bilərmi?

Politoloq Xəyal Bəşirov Musavat.com-a bildirib ki, Aleksandr Lukaşenkonun KTMT çərçivəsində Ermənistanla bağlı səsləndirdiyi fikirlər bir neçə mühüm siyasi mesajı özündə ehtiva edir və bu açıqlamanı həm ehtiyatlı diplomatik siqnal, həm də dolayı narazılıq ifadəsi kimi qiymətləndirmək olar:
“İlk növbədə, Lukaşenkonun “çox korrekt və diqqətli olmaq lazımdır” çağırışı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində yaranmış gərginliyin açıq etirafıdır. Ermənistanın son dövrlərdə təşkilatın fəaliyyətində passiv mövqe tutması, bəzi təşəbbüsləri dəstəkləməməsi və hətta KTMT-ni tənqid etməsi bu münasibətləri xeyli soyudub. Bu kontekstdə Belarus liderinin çıxışı faktiki olaraq “mövcud problemi dərinləşdirməmək” çağırışı kimi görünür. KTMT üçün Ermənistan Cənubi Qafqazda yeganə üzv dövlətdir və təşkilatın regiondakı mövcudluğu məhz bu ölkə üzərindən təmin olunur. Bu baxımdan, Ermənistanın tam şəkildə itirilməsi təşkilatın geosiyasi mövqelərinə zərbə ola bilər. Lukaşenkonun ehtiyatlı ritorikası da məhz bu riski nəzərə alan praqmatik yanaşma kimi dəyərləndirilə bilər”.

Politoloqun sözlərinə görə, bununla yanaşı, açıqlamada açıq şəkildə hiss olunan narazılıq elementi də var: “Ermənistanın KTMT çərçivəsində öhdəliklərə tam əməl etməməsi, Qərbə doğru siyasi manevrləri və təşkilatdan məsafə saxlama cəhdləri Minsk və digər üzv paytaxtlarda narahatlıq doğurur.

Lukaşenkonun “mürəkkəb vəziyyət” və “çətin dövr” ifadələri dolayısı ilə İrəvanın siyasətinə yönəlmiş tənqidi mesaj kimi də oxuna bilər. Bu baxımdan Belarus liderinin fikriləri həm də Ermənistanın mövcud davranış xəttindən narazılığın dolayı ifadəsidir. Lukaşenko həm təşkilat daxilində parçalanmanın qarşısını almağa, həm də İrəvana “körpüləri yandırmamaq” mesajı verməyə çalışır”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
2
8
musavat.com

9Mənbələr