AZ

“Bu, bizim mənəvi və milli borcumuzdur” – Rauf Zeyni

Müasir Azərbaycan tarixində baş vermiş soyqırımı hadisələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan işlər bu gün də aktuallığını qoruyur. Xüsusilə Xocalı soyqırımı ilə yanaşı, digər faciələrin də beynəlxalq səviyyədə tanıdılması mühüm vəzifə kimi qarşıda durur.

 

Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib ki, müasir Azərbaycan tarixində erməni vandalistləri tərəfindən bir neçə soyqırımı törədilib və təəssüf ki, bu hadisələr, o cümlədən Xocalı soyqırımı hələ də dünya ictimaiyyətinə lazımi səviyyədə çatdırılmayıb. Onun sözlərinə görə, Qaradağlı soyqırımı, Ağdaban soyqırımı, Başlıbel soyqırımı kimi digər faciələr barədə də həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə daha geniş məlumatlandırma aparılmalıdır.

 

Rauf Zeyni qeyd edib ki, qeyri-hökumət təşkilatları uzun illərdir bu istiqamətdə fəaliyyət göstərir, soyqırımları, eləcə də Qarabağın işğalı dövründə bir milyondan artıq qaçqın və məcburi köçkünün yaranması faktını dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif beynəlxalq və yerli tədbirlər həyata keçirirlər. O vurğulayıb ki, bu fəaliyyətlər hazırda da davam edir.

 

Sədr bildirib ki, 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu və xalqın birliyi nəticəsində torpaqların işğaldan azad olunmasına nail olunub, 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatları ilə isə ölkənin tam suverenliyi bərpa edilib. Buna baxmayaraq, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər, eləcə də əsir, girov və itkin düşmüş şəxslərlə bağlı işlər hələ də davam etdirilir və bu mövzular beynəlxalq platformalarda gündəmdə saxlanılır.

 

Rauf Zeyni qeyd edib ki, qeyri-hökumət təşkilatları BMT, Avropa İttifaqı, Avropa ŞurasıATƏT kimi beynəlxalq qurumlarla əməkdaşlıq edərək, müxtəlif ölkələrin parlamentlərinə məlumatlar göndərir, tədbirlər keçirir və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mümkün platformalardan istifadə edirlər.

 

O əlavə edib ki, bu fəaliyyətlər 2026-cı ildə də davam etdiriləcək, lakin mövcud işlər kifayət qədər olsa da, hələ də yetərli deyil. Onun fikrincə, qeyri-hökumət təşkilatlarına daha geniş imkanlar və maliyyə dəstəyi yaradılarsa, bu istiqamətdə daha effektiv nəticələr əldə etmək mümkündür.

 

Sədr həmçinin bildirib ki, sosial media və sosial şəbəkələrin imkanlarından istifadə etməklə təkcə layihələr çərçivəsində deyil, təşkilatların gündəlik fəaliyyəti vasitəsilə də dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində mühüm addımlar atılır və bu proses bundan sonra da davam etdiriləcək.

 

Rauf Zeyni vurğulayıb ki, Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin, tarixi abidələrin dünya ictimaiyyətinə çatdırılması hər bir vətəndaşın mənəvi və milli borcudur və bu istiqamətdə fəaliyyətlər gələcəkdə daha da gücləndiriləcək.

Zəhra Ağayeva

Seçilən
39
1
qht.az

2Mənbələr