Qahirə, 7 aprel, AZƏRTAC
İraqda ən böyük Günəş elektrik enerjisi stansiyası olan “Bəsrə Günəşi” (Şəms əl-Bəsrə) layihəsinin birinci mərhələsi istismara verilib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu barədə İraq Parlamentinin üzvü Ziyad Əli Fazil məlumat verib.
Birinci mərhələdə 250 meqavat gücündə yaşıl elektrik enerjisinin istehsalı planlaşdırılır.
Xatırladaq ki, İraqın Elektrik Enerjisi Nazirliyi layihənin “Total Energy” şirkəti ilə əməkdaşlıq çərçivəsində Bəsrə səhrasının 9 min hektar ərazisində həyata keçirildiyini bildirmişdi.
Layihə çərçivəsində dörd generatorla əlaqələndirilmiş təxminən iki milyon günəş panelinin quraşdırılması planlaşdırılır. Hər generatorda 250 meqavat olmaqla, ümumilikdə 1000 meqavat yaşıl elektrik enerjisinin istehsalı nəzərdə tutulur.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə