AZ

Fədakar ana qaraciyəri ilə körpəsini yenidən həyata bağladı

Qaraciyər çatışmazlığına səbəb olan nadir immun sistemi xəstəliyi diaqnozu qoyulan 2 yaşlı Kərəm Ayaza anasından götürülən qaraciyər toxuması köçürülüb.

QHT.az xarici mətbuata istinadən xəbər verir ki, İzmirdə nadir immun sistemi xəstəliyi səbəbindən qaraciyər çatışmazlığı inkişaf edən 2 yaşlı körpə, anasından götürülən qaraciyər toxuması sayəsində yenidən sağlamlığına qovuşub.

Balıkesirin İvrindi rayonunda yaşayan Büşra və Şükrü Ayaz cütlüyü körpələri Kərəmi 9 aylıq olarkən xəstələndiyi üçün xəstəxanaya aparıb.

Aparılan müayinələr nəticəsində körpəyə nadir rast gəlinən xəstəliklərdən biri olan “Langerhans hüceyrəli histiositoz” diaqnozu qoyulub.

Xəstəliklə əlaqədar körpənin qaraciyər göstəricilərinin yüksək olduğu müəyyən edildikdən sonra ailə İzmir şəhərində yerləşən Səhiyyə Elmləri Universitetinin Dr. Behçet Uz Uşaq Xəstəlikləri və Cərrahiyyəsi Xəstəxanasına yönləndirilib.

Aparılan biopsiyadan sonra Ege Universitetinin Uşaq Xəstəxanasına köçürülən Kərəm körpə kimyaterapiya müalicəsi alıb.

Həkimlər 3 ay əvvəl qaraciyər göstəricilərinin artması səbəbindən körpəyə orqan köçürülməsi qərarı veriblər.

Səhhəti hər gün daha da pisləşən Kərəm qaraciyər transplantasiyası üçün İzmir İqtisadiyyat Universitetinin Medical Point İzmir Xəstəxanasına göndərilib.

Anası ilə qan qrupu eyni olan körpə, qida borusunda yaranan varikoz damar qanamalarından sonra 1 ay əvvəl təcili əməliyyata alınıb.

Kərəm körpə anasından götürülən qaraciyər toxuması sayəsində yenidən sağlamlığına qovuşub.


“Onun sağlam böyüməsini istəyirəm”

Ana Büşra Ayaz bildirib ki, körpəsinə nadir xəstəlik diaqnozu qoyulduqda çox üzülüb.

O qeyd edib ki, xəstəlik Kərəmin qaraciyərində çatışmazlığa səbəb olub:
“1 yaşından sonra qarnında bir qədər şişkinlik yarandı. Biz bunu qaz kimi qiymətləndirdik. Həkim müayinə zamanı qaraciyərinin böyük olduğunu dedi və ultrasəsə yönləndirdi. Sonra bizi İzmirə göndərdilər. İyul ayına qədər kimyaterapiya aldıq, amma qaraciyər göstəriciləri düşmədi. Xəstəliklə əlaqədar biliyar sirroz diaqnozu qoyuldu.”

Ana bildirib ki, bu müddətdə oğlunu itirməkdən çox qorxub və qan qrupu uyğun olduğu üçün qaraciyər toxumasını tərəddüd etmədən verib.

Ramazan bayramından əvvəl nəzarət üçün xəstəxanaya gəldikdə, körpənin qida borusundakı varikoz damarlarda qanaxma baş verdiyi üçün həkimlər təcili əməliyyat qərarı veriblər.

Ana sözlərinə belə davam edib:
“Övladım sağalsın deyə əlimizdən gələni etdik. Daha ağır mərhələlərdən də keçdik, sümük iliyi transplantasiyası da ola bilərdi. Kimyaterapiya dövründə çətin günlər yaşadıq. Saçları töküldü, çox zəiflədi. Dedim ki, bu xəstəlik transplantasiya ilə bitəcəksə, verərəm — yetər ki, sağalsın. Çox xoşbəxt oldum, heç vaxt peşman olmadım. Mən onu bir dəfə dünyaya gətirmişdim, indi isə qaraciyərimi verərək sanki yenidən həyata gətirdim. O, mənim bir parçam idi, indi bir parçam daha ondadır. Onun sağlam şəkildə məktəbə getməsini, böyüməsini və qaçıb oynadığını görmək istəyirəm.”


“Həyat yoldaşım mənim üçün böyük qəhrəmandır”

Ata Şükrü Ayaz bildirib ki, oğluna qaraciyərini vermək üçün 2 ay ərzində 15 kiloqram çəki atıb, lakin müayinədə orqan ölçüsünün uyğun olmaması səbəbindən bu mümkün olmayıb.

O, həyat yoldaşının oğluna ikinci dəfə həyat verdiyini vurğulayaraq deyib:
“Həyat yoldaşım mənim üçün böyük qəhrəmandır. Bu hadisə olmasaydı, qaraciyər çatışmazlığı səbəbindən oğlumuzu itirə bilərdik. O, tərəddüd etmədən orqanını verdi və oğlumuz sağlığına qovuşdu.”


“Kərəmin qanaxmaları dayandı”

Əməliyyatı həyata keçirən komandanın üzvü, cərrah Bartu Çetin bildirib ki, transplantasiya əməliyyatı Kərəmin qida borusundakı varikoz damarların qanaması səbəbindən planlaşdırılandan daha erkən icra olunub.

O qeyd edib:
“Bu qanaxma həyati risk yarada bilərdi. Biz də riski gözə almayaraq transplantasiyanı təcili şəkildə həyata keçirdik. Ana qaraciyərinin bir hissəsini oğluna verərək ona ikinci həyat bəxş etdi. Bu, çətin qərardır. Hazırda göstəricilər yaxşıdır, damarlar açıqdır. Ananın ümumi vəziyyəti yaxşıdır və Kərəmin qanaxmaları dayanıb.”

Seçilən
30
qht.az

1Mənbələr