AZ

Dünya bu gecəni gözləyir: Bir sıra ölkələr təhlükəsizlik tədbirlərini gücləndirdi

ABŞ prezidenti Donald Trampın İrana verdiyi sərt ultimatumdan sonra Yaxın Şərqdə gərginlik daha da artıb və bir sıra ölkələr, şirkətlər, eləcə də diplomatik nümayəndəliklər fövqəladə ehtiyat tədbirlərinə keçiblər. 

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Belə ki, Tramp 7 aprel 2026-cı il axşamı İran razılaşmaya getməsə, “bu gecə bütöv bir sivilizasiyanın məhv ola biləcəyini” deyib və bu bəyanat regionda ciddi narahatlıq yaradıb.

Küveyt Daxili İşlər Nazirliyi əhaliyə müraciət edərək 7 aprel gecə yarısından 8 aprel səhər saat 06:00-dək zəruri hallar istisna olmaqla evdə qalmağı tövsiyə edib. Bu addım rəsmi olaraq “ehtiyat tədbiri” kimi təqdim olunub və təhlükəsizlik qüvvələrinin işini asanlaşdırmaq məqsədi daşıdığı bildirilib.

“Reuters”in məlumatına görə, Ər-Riyadda yerləşən bir sıra Qərb və Səudiyyə şirkətləri əməkdaşlarına həftənin sonunadək ofisə qayıtmamağı, uzaqdan işləmə rejimində qalmağı tapşırıblar. Bu qərarın Kral Abdullah Maliyyə Rayonunda, həmçinin “Feysaliya”, “Business Gate” və “Laysen Valley” kimi biznes mərkəzlərində fəaliyyət göstərən şirkətlərdə tətbiq olunduğu bildirilir.

Nəşr qeyd edir ki, həmin zonalarda “Apple” və “Microsoft” kimi iri şirkətlərin də ofisləri var.

ABŞ-ın regiondakı diplomatik nümayəndəlikləri də xəbərdarlıq yayıb. ABŞ-ın Ər-Riyaddakı səfirliyi 7 aprel tarixli təhlükəsizlik bildirişində amerikalı vətəndaşlara otellər, toplaşma məkanları və ABŞ biznes obyektlərinin potensial hədəf ola biləcəyini xatırladıb və əlavə ehtiyatlı olmağa çağırıb.
 

Bəhreyndə ABŞ səfirliyi isə daha əvvəl səyahət xəbərdarlığını Level 3 – “Reconsider Travel” səviyyəsində yeniləyib. Misirdəki ABŞ səfirliyi də 7 aprel tarixində təhlükəsizlik xəbərdarlığı yayıb.


Hindistan da öz vətəndaşları üçün təcili xəbərdarlıq edib. Hindistan tərəfi İranda olan vətəndaşlarına növbəti 48 saat ərzində qaldıqları yeri tərk etməməyi, elektrik stansiyaları və hərbi obyektlərə yaxınlaşmamağı tövsiyə edib. Bu məlumat Hindistan mediasında rəsmi diplomatik xəbərdarlığa istinadla yayılıb.

Bizim.Media

Seçilən
19
1
bizim.media

2Mənbələr