AZ

Qızıl kəskin bahalaşdı

ABŞ prezidenti Donald Tramp ilə İran arasında müharibənin dayandırılması istiqamətində iki həftəlik atəşkəs razılaşmasına dair xəbərlər fonunda dünya bazarlarında qızılın qiyməti yüksəlişə keçib.

VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, külçə qızıl əvvəlki sessiyada qeydə alınan 1,2 faiz artımdan sonra daha da bahalaşaraq 3,1 faizədək yüksəlib və bir unsiya üzrə qiymət 4850 dolları keçib.

Bildirilir ki, Donald Tramp sosial şəbəkədə paylaşım edərək, İranın “bütün sivilizasiyasının məhv ediləcəyi” ilə bağlı daha əvvəl açıqladığı son tarixə iki saatdan az qalmış bombardmanların müvəqqəti dayandırılmasına razılaşdığını qeyd edib. O, həmçinin Hörmüz boğazının yenidən açılmasının atəşkəs üçün əsas şərt olduğunu vurğulayıb. İran tərəfi isə boğazdan təhlükəsiz keçidin iki həftə ərzində mümkün olacağını açıqlayıb.

Atəşkəs gözləntiləri fonunda neft qiymətləri bir barel üzrə 100 dolların altına düşüb, ABŞ dolları zəifləyib ki, bu da dollarla qiymətləndirilən qızılın bahalaşmasına əlavə dəstək verib. Eyni zamanda, fond bazarlarında səhmlərin qiymətləri 2 faizdən çox artıb.

Ekspertlər qeyd edir ki, Yaxın Şərqdə artıq altıncı həftəsinə daxil olan müharibə enerji qiymətlərində sıçrayışa və qlobal inflyasiya risklərinin artmasına səbəb olub. Bu vəziyyət mərkəzi bankların faiz endirimlərini təxirə sala və ya faiz dərəcələrinin artırılması ehtimalını gücləndirə bilər.

Məlumata əsasən, müharibənin fevralın sonunda başlamasından bəri qızılın qiyməti ümumilikdə təxminən 10 faiz ucuzlaşmışdı, lakin son günlərdə atəşkəs gözləntiləri və qlobal iqtisadi artımın zəifləyəcəyi ehtimalı fonunda yenidən yüksəliş müşahidə olunur.

Son məlumatlara görə, Bakı vaxtı ilə saat 04:02-də qızıl 3 faiz artaraq bir unsiya üzrə 4 849,01 dollara yüksəlib. Eyni dövrdə gümüş 5,4% artaraq 76,92 dollara, platin və palladium qiymətləri də yüksəliş nümayiş etdirib. ABŞ dollarının gücünü ölçən “Bloomberg” Dollar Spot İndex isə 0,8 faiz geriləyib.

Seçilən
16
vaxt.az

1Mənbələr