ABŞ-nin İran planları, Bakıdan reaksiyalar: “Azərbaycanlı əhali hədəfə çevrilərsə...”
ABŞ Prezidenti Donald Tramp son açıqlamasında Azərbaycanı da ciddi şəkildə narahat edən fikirlər səsləndirib. O, İrandakı etirazçılara silah göndərdiyini bəyan edib. “Yeni Müsavat”ın məlumatına görə, Tramp bildirib ki, silah göndərdikləri əsas müxaliflər isə kürdlərdir. Hətta o, “ümid edirəm ki, göndərdiyimiz silahlar ünvanlara çatıb”.
Azərbaycanı burada narahat edən iki vacib məqam var. İranda etirazçıların əlinə silahın keçməsi bu ölkədə vətəndaş müharibəsinin baş vermə riskini artıra bilər. Bu isə qonşuluğumuzda xaosun baş qaldırması deməkdir. İkinci narahatedici məsələ isə kürdlərin silahlandırılmasıdır. (Tribuna.az) Bu isə rəsmi Bakını birbaşa narahat edən məsələ sayılmalıdır. Çünki İranda yaşayan kürdlər Güney Azərbaycanın qərb bölgələrində məskunlaşıblar. Onlar uzun zamandır Urmiyə, Xoy, Mahabad, Salmas və digər şəhərlərimizdə məskunlaşmış azərbaycanlılarla ixtilaf içindədirlər. Son zamanlar isə kürdlər bir qədər də irəli gedərək, başda Urmiyə şəhəri olmaqla, digər məntəqələrdə yaşayan azərbaycanlıların dərhal evlərini tərk edərək, ölkənin başqa yerlərinə köçmələrini tələb edirlər. Kürdlərin silahlanması və sözügedən tələblərlə çıxış etmələri Güneydə ciddi qarşıdurmaya səbəb ola bilər. Belə olan halda Azərbaycan tərəfi öz soydaşlarımızı qorumaq üçün addım atmaq məcburiyyətində qalacaq. Bu isə ciddi problem deməkdir. İkincisi isə onların “Vahid Kürdüstan” qurmaq ideyaları bu günə aid deyil. Uzun illərdir bunun üçün bütün terror aktlarına əl atıblar. Türkiyədə PKK, İranda PJAK, “Komili”, Suriyada YPG kimi terror təşkilatlarını da bunun üçün qurublar. Nəzərə alaq ki, İranda yaşayan kürdlərin iddiasına əsasən, Naxçıvana qədər onlara “məxsusdur”. Bu isə onların növbəti hədəflərinin Naxçıvan olacağını deməyəcəklərini istisna etmir. Yəni sabah bu iddianı ortaya atıb, bizim üçün də problem yaratmağa çalışacaqlar. Bu iddialar və planların nə dərəcədə təhlükəli olması, Azərbaycanın hansı qabaqlayıcı tədbirlər görməsi barədə deputat Elçin Mirzəbəyliyə müraciət etdik.

Elçin Mirzəbəyli
Deputat “Yeni Müsavat”a bildirdi ki, regionda baş verən geosiyasi proseslər fonunda ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən fikirlər Cənubi Qafqaz üçün yeni reallıqlar formalaşdırır: “Bu məsələyə emosional və ya şişirdilmiş yanaşmadan daha çox, faktlara və mümkün ssenarilərin rasional təhlilinə əsaslanmaq zəruridir. İranda baş verən proseslərin silahlı qarşıdurma mərhələsinə keçməsi ehtimalı nəzəri olaraq mövcuddur, lakin bu ssenarinin reallaşması bir çox daxili və xarici amillərdən asılıdır. Buna baxmayaraq, belə bir riskin mövcudluğu region ölkələri üçün müəyyən təhlükəsizlik çağırışları yarada bilər. Radikal kürd separatizmi məsələsinə gəldikdə isə bu mövzu Yaxın Şərqin ən mürəkkəb və çoxqatlı problemlərindən biridir. Hazırda xüsusi narahatlıq doğuran məqam kürd silahlı qruplarının gücləndirilməsi məsələsidir. PKK, PJAK, YPG və digər terror təşkilatları uzun illərdir region dövlətləri üçün təhlükə mənbəyi hesab olunur. Bu təşkilatların fəaliyyət spektri yalnız ideoloji təbliğatla məhdudlaşmayıb, silahlı mübarizə və terror aktları ilə müşayiət edilir”.
E.Mirzəbəyli təsdiqlədi ki, Güney Azərbaycanda, Urmiya, Xoy, Mahabad, Salmas kimi şəhərlərdə yaşayan azərbaycanlılarla vaxtilə rejimin özü tərəfindən etnik tərkibin dəyişdirilməsi məqsədilə silahlandırılan kürd qrupları potensial təhlükə mənbəyidir: “Son dövrlərdə bəzi radikal elementlərin azərbaycanlı əhaliyə qarşı təzyiq xarakterli çağırışlar etməsi, hətta köç tələb etməsi artıq lokal münaqişə potensialının mövcud olduğunu göstərir. İranda öz tarixi vətənlərində yaşayan on milyonlarla azərbaycanlı Bakı üçün yalnız etnik deyil, həm də siyasi və humanitar məsuliyyət sahəsidir. Əgər bölgədə silahlı qarşıdurma baş verərsə və azərbaycanlı əhali hədəfə çevrilərsə, Azərbaycanın, Türkiyənin və hər iki qardaş ölkənin müttəfiqlərinin reaksiyası qaçılmaz olacaq. Azərbaycan üçün əsas məsələ regional sabitliyin qorunması və milli təhlükəsizlik maraqlarının təmin edilməsidir”. Deputat qeyd etdi ki, İranda kürd qruplarının silahlandırılması məsələsi təkcə bir dövlətin daxili işi deyil, regionun geosiyasi balansına müəyyən zaman kəsiyində təsir göstərə biləcək amildir: “Bu proses nəzarətdən çıxarsa, Güney Azərbaycanda etnik qarşıdurma, sərhədlərimizdə təhlükəsizlik boşluğu və uzunmüddətli strateji risklər yarana bilər. Azərbaycan üçün əsas vəzifə emosional reaksiyalardan uzaq duraraq, soyuqqanlı, çoxvektorlu və qabaqlayıcı təhlükəsizlik siyasəti həyata keçirməkdir. Trampın adından yayılan son açıqlamaya gəldikdə isə hər hansı dövlətin başqa bir ölkədə daxili münaqişəni qızışdırmaq məqsədilə silah göndərdiyini açıq şəkildə etiraf etməsi beynəlxalq hüququn əsas prinsipləri ilə ziddiyyət təşkil edir. Digər tərəfdən, "İran xalqının bomba səsini eşitmək istəməsi" kimi ifadələr siyasi ritorika baxımından qeyri-adi və emosional xarakterli görünür. Bu tip fikirləri birbaşa siyasi strategiyanın ifadəsi kimi qəbul etmək düzgün olmaz".

Sahib Alıyev
Deputat Sahib Alıyevin də bu mövzu ilə bağlı diqqətçəkən mövqeyi var: “Prezident Tramın açıqlamasından belə anladım ki, ABŞ-nin xeyli vaxtdır əlaqədə olduğu kürd silahlı qruplaşmaları onlara bəslənən ümidləri doğrultmayıblar. Daha dəqiqi, onların əli ilə İranda o qruplaşmalara ki, silah çatdırılmalıydı, çatdırılmayıb. Yəni mənimsənilib, ona görə də ABŞ öz planlarına düzəliş etməli olub. Əlbəttə, mən düşünmürəm ki, ABŞ və digərlərinin İranda silahlandırdıqları və sıralarını genişləndirərək konvensial döyüşlərə cəlb etmək istədikləri ilə bağlı planları təkcə bu səbəbdən alınmayıb”. S.Alıyev xatırlatdı ki, hələ 28 fevral öncəsi Türkiyədən İrana kürd silahlı qruplaşmalarından onlara qarşı istifadə hazırlıqları getdiyi barədə xəbərdarlıq edilmişdi: “Və mən əminəm ki, Türkiyənin bu plana maneçiliyi təkcə kəşfiyyat məlumatları verməklə bitmədi. Diplomatik kanallarla belə bir əməliyyat planlaşdıranlara baş verəcəklərə seyrçi qalmayacaqlarını bildirməklə yanaşı, İraq və Suriya rəhbərliyi ilə də birgə əks addımlar atılması yönündə hərəkətə keçildi və Bərzanilərə də bununla bağlı müəyyən xəbərdarlıqlar edildi. Eyni zamanda açıq deyək ki, kürd silahlı qruplaşmaları da ABŞ-dən və digərlərindən gələn tapşırıqları əvvəlki kimi həvəslə icra etmək fikrində deyillər. Çünki geninə-boluna istifadə edildikləri halda, müəyyən məqamlarda tək buraxıldıqlarını dəfələrlə görüblər və sonuncu dəfə Suriyada da gördülər. Verilən silahı göstərilən yerə çatdırmamaları da onu göstərir ki, onlar da öz oyunlarını oynamağa və başlarını sağ saxlamağa çalışırlar”.
Sonda qeyd edək ki, İran kürd partiyalarının bir neçə lideri ABŞ-dən silah aldığını inkar edib.
E.PAŞASOY,
“Yeni Müsavat”