AZ

Ağdaban fəryadı

Kəlbəcərin qoynunda, dörd tərəfi sıldırım qayalar və zümrüd meşələrlə əhatə olunmuş Ağdaban kəndi sanki dünyanın səs-küyündən uzaq, dinc bir nağıl guşəsi idi. Dağların sinəsindən süzülən büllur bulaqlar söz ustadı Aşıq Şəmşirin misraları ilə birləşib dərələrdə xoş əks-sədaya çevrilərdi. Lakin 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə bu ilahi sükut barıt qoxusu və fəryad səsləri ilə pozuldu.

Erməni silahlıları tank və BTR-lərlə birlikdə bu dinc məkana qəfildən soxuldular. Cənnət Ağdaban bir andaca cəhənnəmə döndü…

Gecənin qaranlığı səhərin üzündən hələ tam çəkilməmişdi. Başıqarlı zirvələrə söykənən Ağdaban kəndi çarəsizcə çırpınırdı. Dan yeri söküləndə, kəndin üzərinə üfüqdə günəşin ilk şüaları yox, ölümün soyuq nəfəsi çökdü. Meşələrdə quşların nəğmələri kəsildi, hər yeri qulaqbatırıcı gurultu və vahiməli atəş səsləri bürüdü. Evlərin damından yüksələn alov dilləri o an sanki göy üzünü də yandırırdı. Uşaq fəryadı, qadın naləsi ərşə dirənirdi. O gün ağdabanlıların heç kimə yetməyən harayı dağların qoynunda əbədi ağıya çevrilirdi. 

Qanla açılan səhər

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara səpələndi. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalmışdı. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırımı aktı törətdilər.

Bu faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər isə girov götürülüb. 

Dədə Şəmşirin nəslindən olan 15 nəfər sakin bu faciənin qurbanı olub. Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, əslində, Kəlbəcər ədəbi mühitinin beşiyi kimi də çoxdan hədəfə almışdılar. Vandallar Ağdabanda yalnız soyqırımı törətmədilər. Erməni quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdıldı, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunaraq məhv edildi.

Erməni faşistləri Ağdaban faciəsi zamanı Azərbaycan ədəbiyyatına misilsiz töhfələr vermiş ağdabanlı şair Qurbanın və onun oğlu, klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmalarını da yandıraraq məhv ediblər. 

Əfsanəvi kəşfiyyatçı 

 

Ağdaban faciəsi törədilən zaman cəmi 14 yaşı olan Mütəllim Hüseynov üçün dünya həmin gün dəyişdi. Bir yeniyetmənin arzularla dolu həyatı elə o gün barıt və qan qoxusu ilə qaraldı. Atalı dünyası yoxa çıxdı. Mütəllim Hüseynov, sadəcə, həmin faciənin şahidi yox, onun yaşatdığı ağrı-acını iliklərinə qədər bu gün də hiss edən şəhid övladı oldu. O, qəhrəman bir atanın - erməni hücumlarına qarşı sarsılmaz mübarizə aparan, son damla qanına qədər doğma torpağı uğrunda qəhrəmanlıqla döyüşən Saşa Saleh oğlu Hüseynovun oğlu idi. Qəhrəman atasının son nəfəsinə qədər səngəri tərk etməməsi və düşmənin zirehli texnikasına, təpədən-dırnağa silahlanmış döyüşçülərinə qarşı az qala yalın əllə mübarizə aparması, bu uğurda canını belə qurban verməkdən çəkinməməsi Mütəllimin qəlbində  həm  sönməz  qürur mənbəyi, həm də ən böyük təsəllidir. 

1943-cü ildə doğulmuş Saşa Saleh oğlu Hüseynov ağdabanlıların yaddaşında bu gün də düşmənə qarşı igidliklə döyüşən kəndin canlı qalası kimi qalıb. O, Birinci Qarabağ müharibəsi dövründə yaşının 50-ni haqlamasına baxmayaraq, 809 saylı hərbi hissənin ən mahir atıcısı və cəsur kəşfiyyatçısı olub. Döyüş yoldaşları onu "əsl kəşfiyyatçı" adlandırırdılar. Komandiri Hicran Abbasov xatırlayır ki, Saşa Hüseynov  dəfələrlə təkbaşına erməni kəndlərinə keçər, ən gizli planları öyrənib onlara çatdırardı: "Ağdabanla həmsərhəd olan Çapar kəndindən edilən hücumların qarşısının alınmasında Saşa daim fərqlənərdi. Onun atdığı güllə hədəfdən yayınmazdı. Saşa tez-tez erməni kəndlərinə kəşfiyyata gedər, lazımi məlumatlar, onların planları haqqında kəşfiyyat xəbərləri gətirərdi. 1991-ci ilin martında Saşa erməni kəndlərinə kəşfiyyata getmişdi. Erməni quldurları ondan duyuq düşmüşdülər, bir gecə mühasirədə qalmasına baxmayaraq, vəziyyətdən çıxıb çox əhəmiyyətli məlumatlar gətirmişdi". 

Döyüş yoldaşı Sərvan Səfərovun şahidliyinə görə, Saşa Hüseynov 1992-ci il aprelin 8-də möcüzə yaradır. Sərrast atəşlə düşmənin bir PDM-ni (BMP) yoldan çıxarır. Texnikanı düzəltmək üçün ətrafına yığılan 20-yə yaxın ermənini avtomatla məhv edir. Bu zaman arxadan gələn böyük bir qüvvə bunu görür və yüksəklikdən Saşanın tutduğu mövqeni güclü atəşə tutur. Onlara elə gəlirmiş ki, burada böyük bir qüvvə var.

 Qəhrəman döyüşçü Saşa Hüseynov həyatı bahasına təkbaşına bütöv bir ordunun qarşısını kəsmişdi ki, kənd sakinləri, qocalar və uşaqlar Ağdabanı sağ-salamat tərk edə bilsinlər. 

Uşaqlığın son gecəsi  

1978-ci ildə Ağdaban kəndində Saşa Hüseynovun ailəsində dünyaya gələn Mütəllimgil ailədə üç qardaş, iki bacı olublar. 

34 il keçdikdən sonra da həmin dəhşətli faciədən danışanda eyni kədərli hisslər keçirən Mütəllim müəllim Ağdabanla bağlı acılı-şirinli xatirələrini belə dilə gətirir: "Biz Ağdabanda çox gözəl uşaqlıq yaşadıq. Qayğımız yox idi. İşimiz məktəbə getmək, gələndə isə kəndin içində oynamaq idi… Kəlbəcər rayonu Ağdaban kənd orta məktəbində oxuyurdum. Əjdər, Əsəd, Zahir, Baba, Xasay, Dilpazə, Yaşar, Mərdan kimi dəyərli müəllimlərimiz var idi. O vaxt məktəbdə təməlimiz elə möhkəm qoyuldu ki, sonradan məcburi köçkünlüyün gətirdiyi çətinliklərə baxmayaraq, ali təhsil alıb müəllim oldum. Deyərdim ki, kəndimiz Yer üzünün cənnəti idi. Ağdabanda hamının imkanı yaxşı idi. Amma müharibə bizim uşaqlığımızı da, xoş günlərimizi də  əlimizdən aldı..."

O danışır ki, 1988-ci il hadisələrindən sonra Çapar kəndindən daim Ağdabana hücumlar edilib: "Ermənilər ruslara məxsus silahlardan, tanklardan, BTR-lərdən istifadə edərək Ağdabana dəfələrlə hücuma keçirdilər. Bizim kəndin 19 nəfərdən ibarət özünümüdafiə batalyonu var idi. Zirehli texnika, tank əleyhinə silahları olmadığı üçün, sadəcə, ov tüfəngi, avtomatla  düşmənin qarşısını alıb geri otuzdururdular". 

1992-ci il aprelin 8-i səhər saat 5 radələri... 

Erməni quldurları zirehli texnika ilə Ağdabana soxulur. Saşa Hüseynov ailəsinə "Mən qayıdana qədər evdən çıxmayın!" deyib, əlinə avtomatını alaraq ölümün üstünə yeriyir. 

Həmin günün dəhşəti Mütəllim müəllimin xatirələrinə belə hopub: "O gün atam posta getməli idi. Birdən bir güllə səsi gəldi, ardınca ikinci güllə pəncərəmizi qırıb divara girdi. Atam pəncərədən baxan kimi dedi: "Ermənilər "əsir düşən" yüksəkliyini alıblar". Sakitcə patron çantasını və avtomatını götürdü. Bizə dönüb sonuncu dəfə baxdı və dedi: "Mən qayıdana qədər heç kəs evdən çıxmasın!" Atam çıxdı və bir daha geri dönmədi..."

Mütəllimgil bir müddət evdə gözləyəndən sonra görürlər ki, burada qalmaq getdikcə daha təhlükəli hal alır. Çünki onların evi düşmən üçün hədəflərdən biri olur: 

- Ermənilər bilirdilər ki, atam hərbçidir. O, düşmənə xeyli zərbə vuran hərbçi olduğuna görə evimizi daha çox atəşə tuturdular. Anam Gülarə dedi ki, evdən çıxıb məhəllədə ağaclıqda gizlənək. Belə də etdik. Təxminən saat 9 radələrinə qədər 19 nəfərdən ibarət özünümüdafiə batalyonumuz ermənilərin və 366-cı alayın hücumunun qarşısını aldılar. Ancaq həmin alayın tərkibində olan BTR-lərin, tankların kəndə girişindən sonra özünümüdafiə batalyonumuz məcburi şəkildə geri çəkilməli oldu. Bu zaman qonşumuz Yusif gəlib dedi ki, ermənilər Əsəd əmimgilin evini yandırıblar, indi bura gələcəklər, çıxıb qaçın.  

Məhləylə qaçıb qonşu qapıya çatanda zirehli maşın evimizin qarşısına çıxdı və ermənilər bizi görüb BTR-dən güllələməyə başladılar. Allahın qismətindən o güllələrdən heç biri bizə dəymədi. Çox çətinliklərlə dərəylə, tikanlıqla kənddən çıxdıq və Bağırlı kəndinə gəldik. Buradan isə bizi bir maşına yığıb, təhlükəsiz ərazi hesab edilən Yanşaq kəndinə gətirdilər. Həmin vaxta qədər atamdan heç bir xəbər ala bilmədik.

"Atamın nəşini tapanda silahı hələ də əlində idi..."

- Aprelin 8-i axşamı hərbçilərimiz Ağdabanı düşməndən geri aldılar. Səhəri günü biz kəndə qayıdanda burada dəhşətli faciələrin törədildiyinin şahidi olduq. Bir günün içində 33 nəfəri şəhid etmişdilər. Camal kişi var idi, qızı Ülviyyəni belinə alıb qaçmaq istəyəndə bir güllə ilə hər ikisini vurmuşdular. Ata-bala bir yerdə can vermişdi.

Musa adlı sindromlu xəstə var idi. Anası Həyat qoca qadın idi. Onlar evdən çıxa bilməmişdilər, kənddə qalmışdılar. Musa ermənilərin üstünə gedib deyib ki, mən sizə nə etmişəm ki, bizi incidirsiniz? Musanı tutub əllərini məftillə bağlayıb, qonşunun ot tayasına atıb diri-diri yandırmışdılar. Oğlunun qışqırtısına çıxan anasını da evin divarına dirəyib bir daraq gülləni onun bədəninə boşaltmışdılar. 

Postda olan əsgərlərimiz güllələri qurtarana qədər ermənilərlə döyüşmüşdülər. Onları əsir götürmüşdülər. İsbəndyarın sinəsini yarıb ürəyini çıxartmışdılar, Qorxmaz və Rayəti yerə uzadıb üstlərindən diri-diri tankla keçmişdilər. 17 yaşlı Ziyəddini güllələmişdilər. 

Həmin zaman yaxın qohumlarımızdan da şəhid olanlar, girov götürülənlər oldu. Dayımın ailəsini tamamilə məhv etdilər. Sovet dayımı və qızı Mehribanı girov götürmüşdülər, dayımın yoldaşını və oğlunu orada güllələyib şəhid eləmişdilər. 

Gördük ki, kənddə tək-tək evlər yandırılmayıb. Əsir, girov, şəhid düşən insanların yaxınlarının ah-naləsi bu gün də qulağımdan getməyib. 

Atamın nəşini üç gün sonra kənddən 3 kilometr aralıda, döyüşdüyü yerdə tapdıq. Silahı hələ də əlində idi... Onu Yanşaq kənd qəbiristanlığında dəfn elədik. Və o gündən də mənim atasız, köçkünlük həyatım başladı. 

Azad Ağdaban

- Amma atamın o son - "Mən gələnə qədər gözləyin" sözü qulağımda hey səslənərək, mənim üçün bir vəsiyyət oldu. 28 il o torpağın azadlığını gözlədik. Bu gün Ağdabana gedəndə atamın və şəhid kəndlilərimizin ruhunun şad olduğunu hiss edirəm. Çünki onların can verdikləri torpaqda artıq düşmən ayağı yoxdur.

Düzdür, düşmən Ağdabanı vəhşicəsinə dağıdıb, evlərimizdən əsər-əlamət yoxdur, amma torpaq həminkidir. Əsas olan da budur. Bu yurdun əsl sahibləri qayıdıblar. Kəlbəcər də, Ağdaban da yenidən dirçələcək, əvvəlki kimi cənnətməkan olacaq. 

Mütəllim müəllim bu gün sinif otaqlarında şagirdlərinə təkcə dərsləri deyil, həm də atası Saşa Hüseynov və torpaqlarımızın bütövlüyü uğrunda canını qurban verən qəhrəman şəhidlərimizdən qalan o böyük dərsi - Vətəni son nəfəsə qədər sevməyi öyrədir. Ağdabanın qanla suvarılmış torpağı indi azaddır. Bu Zəfər elə Mütəllim Hüseynovun timsalında faciələr, məcburi köçkünlük həyatı yaşamış insanlarımıza da ən böyük təsəllidir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Seçilən
14
azerbaijan-news.az

1Mənbələr