AZ

Maşın bazarında gözlənilməz dəyişiklik Alıcıların nəzərinə

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda ardıcıl və güclü yağışlardan sonra sosial şəbəkələrdə suya düşən bəzi maşınların bazarda ucuz qiymətə satışa çıxarılacağı barədə iddialar yayılıb.

Su avtomobilin mühərrikinə və elektron sistemlərinə ziyan vura bilərmi? Alıcılar hansı məqamlara diqqət etməlidir?

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, güclü yağışlardan sonra su altında qalan avtomobillərin sonradan satışa çıxarılması halları realdır:

“Bu, alıcılar üçün ciddi risk yaradır. Su, xüsusilə mühərrik və elektron sistemlər üçün ən təhlükəli amillərdəndir. Əgər su mühərrikə daxil olarsa, nəticədə mühərrik tam yararsız hala düşür və bahalı təmir tələb olunur. Hətta mühərrik işlək vəziyyətdə qalsa belə, daxili hissələrdə korroziya prosesi başlayır və bu da zamanla ciddi nasazlıqlara səbəb olur. Elektron sistemlər isə sudan daha həssasdır. Müasir avtomobillərdə çoxsaylı idarəetmə blokları, sensorlar və kabellər mövcuddur. Su bu sistemlərə daxil olduqda qısaqapanma, kontakt problemləri və qeyri-sabit işləmə halları yaranır. Bu tip nasazlıqlar bəzən dərhal üzə çıxmır, müəyyən müddətdən sonra ortaya çıxır və diaqnostikası da çətin olur”.

Aslan Əsədov

Ekspert bildirib ki, su altında qalan maşınlar bazarda ucuz qiymətə satışa çıxarılacaq:

“Amma bu ucuzluq real qənaət deyil, çünki gələcək üçün daha böyük xərc və təhlükədir. Belə avtomobillər əsasən ya ehtiyat hissə, ya da peşəkar ustaların alıb bərpa etməsi üçün daha uyğundur, adi müştəri üçün isə riskli seçimdir. Bu tip maşınlar ikinci əl bazarda yüksək endirimlə satılır. Bəzi hallarda qiymət 30-70% daha ucuz ola bilir”.

A.Əsədov qeyd edib ki, alıcılar belə risklərdən qorunmaq üçün bir neçə vacib məqama diqqət etməlidir:

“İlk növbədə, avtomobilin salonunda nəm qoxusunun olub-olmamasını yoxlamaq lazımdır. Oturacaqların alt hissəsində, döşəmə örtüyündə və baqajda rütubət izləri mühüm siqnaldır. Elektrik naqillərində oksidləşmə, faraların və arxa fənərlərin içərisində buxarlanma, həmçinin pas izləri də su təsirindən xəbər verə bilər. Eyni zamanda, avtomobil mütləq peşəkar diaqnostikadan keçirilməlidir. Xüsusilə elektron sistemlərin kompüter yoxlanışı vacibdir. Satıcıdan avtomobilin son vaxtlar hansı şəraitdə istifadə edildiyini soruşmaq və mümkün olduqda servis tarixçəsini yoxlamaq da məqsədəuyğundur. Şübhə yarandığı halda, belə nəqliyyat vasitələrindən uzaq durmaq daha təhlükəsiz seçimdir”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
globalinfo.az

1Mənbələr