Rusiya Zəngəzur dəhlizi ilə bağlı kartları açdı - Moskvanın narahatlığı nədən qaynaqlanır?
Rusiya baş nazirinin müavini Aleksey Overçukun “Tramp marşrutu” (TRIPP) ilə bağlı səsləndirdiyi fikirlər regionda ciddi müzakirələrə səbəb olub. Onun ABŞ-nin bu layihəyə qoşulmasını Mərkəzi Asiyadan kritik minerallar üçün qaçaqmal yolu kimi təqdim etməsi əslində daha geniş geosiyasi oyunun tərkib hissəsi kimi görünür. Əvvəla, qeyd etmək lazımdır ki, bu cür iddialar daha çox siyasi ritorika xarakteri daşıyır. Çünki regionda alternativ nəqliyyat və logistika xətləri mövcuddur. Azərbaycan və Gürcüstan üzərindən keçən marşrutlar, xüsusilə Bakı-Tiflis-Qars dəmir yolu və Qara dəniz limanlarının genişləndirilməsi, resursların daşınması üçün kifayət qədər imkan yaradır. Bu baxımdan yalnız mineralların ixracı üçün yeni marşrutun yaradılması iqtisadi baxımdan o qədər də əsaslı görünmür.
Əslində “Tramp marşrutu”nun mahiyyəti təkcə iqtisadi deyil. Bu layihə daha çox Cənubi Qafqazda formalaşan yeni geosiyasi düzənin bir elementidir. O, regionda nəqliyyat balansının dəyişməsi, Ermənistanın kommunikasiyalara qoşulması və Azərbaycanın tranzit rolunun daha da güclənməsi kimi strateji məqsədlərlə əlaqələndirilir. Eyni zamanda bu cür təşəbbüslər Rusiyanın regiondakı ənənəvi təsir mexanizmlərini zəiflədən alternativlərin ortaya çıxmasına xidmət edir. Daha real yanaşma ondan ibarətdir ki, ABŞ regionda balans yaratmağa, Rusiyanın təsirini məhdudlaşdırmağa və Çinlə rəqabət çərçivəsində yeni iqtisadi marşrutlar formalaşdırmağa çalışır.
Məhz bu səbəbdən “Tramp marşrutu” kimi layihələr ətrafında yaranan müzakirələr təkcə bir nəqliyyat xətti ilə bağlı deyil. Bu, daha çox Cənubi Qafqazın artıq təkqütblü deyil, çoxqütblü rəqabət məkanına çevrildiyini göstərir. Rusiyanın narahatlığı da məhz buradan qaynaqlanır - region ölkələrinin alternativ tərəfdaşlara yönəlməsi və yeni dəhlizlərin Moskvanın nəzarətindən kənarda formalaşması onun mövqelərini zəiflədir, ona görə “qaçaqmal yolu” kimi təqdim edir.
“Zəngəzur dəhlizində avtomobil yolunun 90%-i, dəmir yolunun 70%-i tamamlanıb”. Bunu Prezident İlham Əliyev aprelin 2-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən söyləyib. Dövlət başçısı bildirib ki, bu gün qarşıda duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarını genişləndirməkdir. Göründüyü kimi, TRİPP adlanan marşrutun açılması regionda baş verən gərginliklərə baxmayaraq əsas hədəflərdən biri olaraq qalmaqdadır. Bu logistikanın işə düşməsi hazırkı eskalasiyalar səbəbindən real görünməyə bilər, amma bölgədə müharibələr əbədi deyil. Sadəcə, Zəngəzur dəhlizinin açılmasına indi ciddi maneələr görünməkdədir. Hazırda ABŞ ilə döyüşən İranın bu layihəni əvvəldən “qırmızı xətt” adlandırıb əleyhinə çıxması indi Rusiyanı həvəsləndirib. Ona görə qonşu ölkənin rəsmiləri ürəkli açıqlamalar verirlər. Rəsmi Moskva inanmağa başlayıb ki, postmüharibə dövründə İranla birlikdə dəhlizin “Tramp marşrutu” adı ilə açılmasına əngəl olmağı bacaracaqlar. Belə bir riskin olması Ermənistan üçün də ciddi başağrısına çevriləcək.

Deputat Elşad Musayev “Yeni Müsavat”a bildirib ki, Overçukun sözləri obrazlı ifadədir: “Bu layihə Orta dəhlizin bir hissəsidir və beynəlxalq bir logistikadır. Şərqdən Qərbə açılan bu yol yükdaşımalarında məsafəni və xərcləri azaldacaq. Bu yolun yalnız bir hissəsi var ki, Naxçıvanla quru yolu təmin edir. Azərbaycan da məhz həmin öhdəliyin Ermənistan tərəfindən yerinə yetirilməsini gözləyir. Bizi bu yola ABŞ şirkətinin, yoxsa Rusiyanın nəzarət etməsi çox da narahat etmir. Çünki 8 avqustda ABŞ ilə Ermənistan sənəd imzalayıblar və razılaşıblar. Odur ki, məsuliyyəti tərəflər daşıyır. Biz istənilən halda yolun açılmasını tələb edirik. Lakin Rusiya və İran "Tramp yolu"na maneə yaratsalar, razıyam ki, bölgədə yeni gərginliyə səbəb olacaq".
Deputata görə, Rusiya məsələyə qısqanclıqla yanaşır, hərçənd özünün də iştirakı mümkündür: “Məncə, Rusiya rəsmiləri bu bəyanatları verməkdə tələsirlər. İranın müharibədə müqaviməti elə təsir bağışlayır ki, bundan sonra regionda yenə Moskva və Tehranın diktəsi hakim olacaq. Ancaq belə düşünmürəm. Hər iki dövlətin sanksiyalar altında olması və girdikləri müharibələr onları xeyli zəiflədib. Sadəcə, Overçuk və Rusiya hakimiyyəti son baş verənlərdən belə ruhlanıblar. Halbuki ABŞ kimi supergüc bütün addımlarını hesablayaraq atır və "Tramp yolu" ilə bağlı da nəzərdə tutulan plan var. Aydın məsələdir ki, dünyada dəhlizlər və logistikalar uğrunda rəqabət gedir. Rusiya bundan narahatdır. Çünki Cənubi Qafqazda mühüm marşrut xəttinə nəzarəti itirir. İndi İranın əngəl olacağı ümidi ilə yenidən fəallaşmağa başlayıblar. Biz də tələsməli deyilik və regionda baş verənlərin yekununu gözləməliyik. Əgər İran müharibədən çıxaraq özünü bərpa edə bilərsə, onda aqressor kimi meydana çıxacaq və razıyam ki, Zəngəzur dəhlizinə mane olmağa çalışacaq. Odur ki, bizə gözləmək qalır".
Qeyd edək ki, 15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhfə verəcək. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3 milyard dollar tranzit gəliri əldə edəcək. Bu, həmçinin sülhün iqtisadi dividentləri deməkdir.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”