ABŞ və İsrail bizim qonşuluğumuzda daha bədheybət İran yaratdı; müvəqqəti dayanan savaşın Trampın qazanc marağı ilə bağlı olması primitiv görünə bilər, amma təəssüf ki, gerçək bundan artığı deyil
ABŞ kimi nəhəng gücə sahib ölkənin prezidenti Donald Trampın böyük siyasətdə naşılığı çoxdan bilinən faktdır. Adam ən azı 50 ildir ki, əmlak biznesindən tutmuş çox-çox fərqli sahələrdə pul qazanmağa öyrəncəlidir. Sovet sistemində siyasətçi çilingərlikdən başlayıb, sonra “Partşkola” sınağından keçib vəzifə pillələrinə qalxardı. Fərasətlisi bəlkə pulu özünə yer edəndən sonra qazanardı. Tramp kimilər isə pulu qazanıb siyasətə “arxa qapı”dan gəliblər və bu çətin sahədə “piyada”lığı nə qədər gizlətməyə çalışsalar da, alınmır...
Əvvəldən də bəlli idi ki, Trampın İranla davası ideoloji və ya siyasi fikir ayrılıqlarına görə deyil. Ümumiyyətlə, Amerika dövlətinin ideolojisi elə pul üzərində bərqərar olub, insafən ədalətli və pis idarə olunmur. Bu səbəbdən amerikalı siyasətçilər dövlət ideologiyası kimi “boş-boş şeylərdən” danışmırlar. Onların nəzərində ideoloji qarşıdurmaları asanlıqla aradan qaldırmaq olar, əsl problem iqtisadi və mənfəət baxımından fikir ayrılığıdır. Trampın razılaşdığı atəşkəs kimi...
Trampın fevralın 28-dən bəri İranı “dağıdaram, məhv edərəm” deyəndə də daha çox kapital davası aparırdı. Onu özündən çıxaran ancaq və ancaq puldur. Yadınıza salın, Zelenskiyə ən sərt ittihamı da o vaxt deyir ki, Ukrayna rəhbəri pul istəyir. Elə özündən əvvəlki prezidenti də dollarları Ukraynada havaya sovurduğuna görə hələ də söyür.
Tramp əvvəldən də gizlətmirdi ki, İranı neft və qaz ehtiyatlarına nəzarət etmək üçün ram etmək istəyir. Bir gün əvvəl isə dəliyə dönməsinin əsl səbəbi (və ya səbəblərindən biri) İranın Hörmüzdən pul qazanmaq şərti idi. İran bildirmişdi ki, Hörmüz boğazından keçmək üçün hər gəmidən ən azı 2 milyon dollar almaq niyyətindədir. Müharibədən əvvəl Hörmüz boğazından gündəlik təxminən 135 gəmi keçirdi. Bu axın davam edərsə, İran gündəlik təxminən 270 milyon dollar qazana bilər. Deməli, SEPAH generallarının illik gəlirləri 100 milyard dolları keçəcək, o halda neçə gündür bahalı raketləri İrana atan Trampa nə çatacaq? Rus demişkən, bublikin ortasımı?
Trampın İranla 40 gündür davam edən savaşı həm də Hörmüz boğazına görə idi. Dünyanın düzənini dəyişən bu zehniyyət işinə yarayanda beynəlxalq hüququ, dəniz yollarının azadlığı ilə bağlı konvensiyaları önə çəkirdi. Amma unudur ki, hakimiyyətə gələndən onun sözünə baxmayan ölkələrin boğazından da o sıxır, iqtisadi sanksiyalar və ağır maliyyə yükü tətbiq edir...
Atəşkəslə dayanan həngamənin Trampın qazanc marağı ilə bağlı olması bəzilərinə primitiv görünə bilər, amma təəssüf ki, gerçək bundan artığı deyil. Yaxın Şərqdə hazırkı vəziyyətə bais olan İsrail Trampın iki həftəlik atəşkəs qərarından guya təəccüblənib. İki gün əvvəl Trampla Netanyahu danışmışdı və böyük ehtimal atəşkəs qərarı birgə razılaşdırılmışdı. İsrail umduğunu bu müharibədə tam ala bilmədi, çünki bu dəfə İranı içəridən yıxacaqlarına çox inanmışdılar. Amma müəyyən nəticələr də əldə ediblər. İsrail İrandan əl çəkməyəcək, amma hazırkı mərhələdə daha artığı mümkün də deyil. Dayanmaq istəməyən vardısa, o da Tramp idi. Çünki müəyyən mənada oyuna gətirilib: pullar bir yana, imici də zədələnib.
“Bu gecə bütün bir sivilizasiya məhv olacaq və heç vaxt geri qaytarılmayacaq. Bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək”, – deyə Tramp İrana verdiyi vaxtın bitməsindən sonra nə baş verəcəyini bu sözlərlə təsvir etmişdi. Əlbəttə ki, bunlar boş təhdidlər idi. Çünki Tramp “sivilizasiya” anlayışının bütün siyasi-fəlsəfi mənalarını bilmir, ya da bu ifadəyə özünəməxsus məna verirdi. Adətən, sivilizasiya müəyyən bir bölgənin, etnik qrupun və ya millətin inkişaf səviyyəsini ifadə edir (məsələn, Yunan sivilizasiyası, Qərb sivilizasiyası və s.). Ona görə söhbət konkret məkandan – İrandan gedirdisə, o halda Trampın dediklərindən çıxan məna bu idi ki, İranın dövlət quruluşu, mədəniyyəti və tarixi məhv olacaq.
Bir daha qeyd edirəm ki, Trampın bu sözün dərin mənalarını bildiyinə şübhəm vardı. Çünki hətta “dəli” adlandırılan Kim Çen In da düşmənlərini bu cür ifadələrlə hədələdiyini xatırlamıram. Putin də vaxtilə demişdi ki, “Rusiyanın olmadığı dünya bizə lazım deyil”. Bu da dünyaya ağır təhdid idi. Amma “sivilizasiya məhv olacaq” kimi təhdid ilk dəfədir ki, supergüc ölkənin lideri tərəfindən səsləndirilirdi.
Trampın bu xəbərdarlığından bir neçə saat keçmişdi, amma dünya elə də narahat görünmürdü. Nələrin baş verə biləcəyi ilə bağlı müxtəlif ehtimallar vardı- enerji obyektlərinə zərbələr, quru əməliyyatları, hətta taktiki nüvə silahı atmaq... Trampın İrana verdiyi vaxt Bakı vaxtı ilə saat 04 radələrində bitdi, olanlar oldu... Tramp paylaşdığı paylaşımda bunları yazdı: “İran İslam Respublikasının Hörmüz boğazının TAM, DƏRHAL və TƏHLÜKƏSİZ AÇILMASINA razılıq verməsi şərtilə, iki həftə müddətində İrana qarşı bombardman və hücumları dayandırmağa razıyam”. İranın xarici işlər naziri də bildirib ki, İran hərbi nəzarəti altında növbəti iki həftə ərzində Hörmüz boğazından keçidə icazə veriləcək. 
SEPAH generalları ABŞ-dən təhlükəsizlik zəmanəti, sanksiyaların ləğvini, proksi qüvvələrə hücumların dayandırılmasını və infrastrukturun bərpası üçün kompensasiya tələb edirdilər. Amma onların da istədiyi olmadı. Onlar da bu savaşdan bir az nəfəs dərmək, ən mühümü “simalarını” qoruyub saxlamaq istəyirlər. Sima demişkən, İran dağılmadı, amma Amerika və İsrail daha bədheybət İran yaratdı və üzə çıxardı.
Demokratlar indi Trampın əvvəlki “yıxaram, kəsərəm” öyünməsini yada salıb atəşkəsə razılaşmasına lağ edirlər, respublikaçılar isə bu qərarı “hiyləgər taktiki addım” kimi qiymətləndirirlər.
Atəşkəsə görə vasitəçi olan ölkəmizin dostu Pakistana təşəkkür düşür. Tanrı Azərbaycanı və dünyamızı qorusun.
Nazim Sabiroğlu
Musavat.com