AZ

35 il öncə Qubadlıda ermənilər tərəfindən qətlə yetirilən Oleq Babakın xatirəsi Poltavada anılıb

Poltava, 8 aprel, AZƏRTAC

35 il öncə, 1991-ci il aprelin 7-də Qubadlı rayonunda mülki Azərbaycan vətəndaşlarını qoruyarkən silahlı erməni birləşmələri tərəfindən qətlə yetirilən Oleq Babakın xatirəsi doğulub-böyüdüyü Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində anılıb.

AZƏRTAC xəbər verir ki, anım tədbirindən öncə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşesi, birinci dərəcəli kapitan Əziz Nuriyev, səfirliyin müşaviri Fərid Babayev, Poltavadakı diaspor rəhbəri Füzuli Qənbərov O.Babakın valideynlərinə baş çəkiblər.

Oleq Babakın məzarı ziyarət edilib, xatirəsi ehtiramla anılıb. Anım tədbirində müharibə veteranları, O.Babakın valideynləri, ictimai nümayəndələr iştirak ediblər.

Hərbi atteşe Əziz Nuriyev bildirib ki, Azərbaycan dövləti milliyyətindən asılı olmayaraq Vətənimizin bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçənlərin hər birinin xatirəsini əziz tutur, ailələrinə yardımlarını davam etdirir.

O.Babakın anası Nadiya Babak AZƏRTAC-a açıqlamasında onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib: “O, qəhrəmanlığı ilə insanların sevgisini qazandı. Oğlum Azərbaycanda mülki şəxslərin həyatını xilas edib və qəhrəmancasına həlak olub. Azərbaycan xalqı Oleq Babakın göstərdiyi qəhrəmanlığı unutmayıb. Onun xatirəsi Azərbaycan xalqı tərəfindən həmişə əziz tutulur, yad edilir. Azərbaycan dövləti bizə hər zaman yardım göstərir”.

Poltava vilayətinin Piryatin şəhər merinin müavini Qennadi Brovar da AZƏRTAC-a açıqlamasında bildirib ki, Oleq Babak tək Ukraynanın deyil, həm də Azərbaycan xalqının qəhrəmanıdır: “O, tərəddüd etmədən canını qurban verib, çünki valideynləri ona bunu öyrədiblər, onu insanpərvər, əsl qəhrəman, xeyirxah insan kimi böyüdüblər", - deyə Qennadi Brovar əlavə edib.

Oleq Babak 1967-ci il fevralın 25-də Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində doğulub. SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı 21-ci briqadanın siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan Oleq Babak 1991-ci ilin martından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirərkən qoruyarkən silahlı erməni birləşmələri tərəfindən qətlə yetirilib. Ölümündən sonra o “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Poltava
Seçilən
12
2
azertag.az

3Mənbələr