AZ

Sorğular danışır: Paşinyan öndədir, amma risk güclüdür

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Ermənistanda növbəti parlament seçkiləri hələ rəsmi elan olunmasa da, ictimai rəy sorğuları artıq siyasi gündəmin əsas indikatoruna çevrilib.

“Gallup International”ın açıqladığı son nəticələrə əsasən, hakim “Mülki Müqavilə” partiyası 24,3 faizlə digər siyasi qüvvələri qabaqlayır. Onu 13,4 faizlə “Güclü Ermənistan” partiyası, 7,9 faizlə “Çiçəklənən Ermənistan” və 5,5 faizlə Robert Koçaryanın liderlik etdiyi blok izləyir. Eyni sorğuda iştirak edənlərin 51,9 faizi seçkilərdə mütləq iştirak edəcəyini, 8,6 faizi isə ehtimal daxilində qatılacağını bildirib. Bu rəqəmlər hazırkı siyasi nisbətləri göstərsə də, seçkinin real nəticələri ilə eyniləşdirilməsi üçün kifayət qədər əsas yaratmır.

Mövcud mənzərə onu göstərir ki, Nikol Paşinyanın komandası hələ də siyasi səhnədə əsas aktor olaraq qalır, lakin bu üstünlük mütləq deyil. 24 faiz səviyyəsində dəstək faktiki olaraq cəmiyyətin böyük hissəsinin ya alternativ axtarışında olduğunu, ya da qərarsız mövqedə qaldığını göstərir. Bu isə seçki prosesində “sabit elektorat”dan daha çox “dalğalanan seçici” faktorunun önə çıxacağını deməyə əsas verir. Ermənistan kimi siyasi baxımdan həssas və tez dəyişən gündəmə malik ölkədə seçici davranışı son mərhələdə ciddi transformasiyaya uğraya bilər.

Seçkinin taleyini müəyyən edəcək digər mühüm faktor isə müxalifətin struktur vəziyyətidir. Hazırkı göstəricilər göstərir ki, alternativ siyasi qüvvələr parçalanmış vəziyyətdədir və vahid siyasi platforma formalaşdıra bilməyiblər. Bu isə hakim partiyanın nisbi üstünlüyünü qoruyan əsas mexanizmdir. Əgər müxalif düşərgə seçkiyə qədər konsolidasiya olunmasa, səslərin bölünməsi davam edəcək və bu, Paşinyanın yenidən hakimiyyətini qorumasını asanlaşdıracaq. Lakin əks ssenaridə, yəni vahid namizəd və ya blok formalaşarsa, siyasi rəqabətin kəskinləşməsi qaçılmaz olacaq.

Digər tərəfdən, seçici fəallığı məsələsi də kritik əhəmiyyət daşıyır. Sorğuda yalnız yarıdan bir qədər çox seçicinin qəti iştirak edəcəyini bildirməsi onu göstərir ki, seçkinin nəticəsini passiv elektoratın davranışı müəyyən edə bilər. Əgər bu kütlə seçkiyə aktiv şəkildə qoşularsa, mövcud siyasi balans dəyişə bilər. Əks halda, ən təşkilatlanmış və səfərbər olan siyasi qüvvə üstünlük qazanacaq.

Ümumilikdə, hazırkı rəy sorğuları Paşinyanın favorit olduğunu göstərsə də, bu, onun qələbəsinin artıq təmin olunduğu anlamına gəlmir. Ermənistanın daxili siyasi dinamikası, mümkün yeni hadisələr, sosial-iqtisadi vəziyyət və təhlükəsizlik faktorları seçkiyə qədər vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər. Buna görə də indiki rəqəmlər daha çox siyasi temperaturu ölçən göstəricilər kimi qiymətləndirilməlidir, yekun nəticə isə hələ açıq olaraq qalır.

Ruslan Zəngəzur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
bakivaxti.az

2Mənbələr