AZ

Mehriban Abasquliyeva TƏBİB i ittiham etdi Məhkəmə

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Respublika Perinatal Mərkəzdə yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə Mehriban Abasquliyevanın ifadəsi davam edib.

O bildirib ki, əvvəlki direktorla təhvil-təslim zamanı yanğın siqnalizasiya sistemi işləməyib və bununla bağlı TƏBİB-ə məlumat verib.

Mehriban Abasquliyevanın sözlərinə görə, 14 il ərzində mərkəzin yanğın siqnalizasiya sistemi işləməsə də, mərkəz fəaliyyətini davam etdirib: “Mənim mərkəzin fəaliyyətini dayandırmaq, xəstələri qəbul etməmək kimi səlahiyyətim olmayıb. Bütün xəstəxanalar xəstələri Səhiyyə Nazirliyinin 2013-il 24 saylı əmrinə əsasən qəbul edir. Mərkəzə kənddən gələn qadınlar da var idi. Yerli xəstəxanalar onları qəbul edir, əgər lazımdırsa, bizə göndərirdilər. Tibb müəssisəsinin kateqoriyasının artırılması ilə bağlı müraciət etməmişəm. O, bizim səlahiyyətimizdə deyil, prosedurun necə olduğunu bilmirdim. Bizdə olan küvəzlərin sayı barədə məlumat TƏBİB-də var idi. Biz küvəz sifariş verə bilmirdik, TƏBİB-dən göndərilirdi. Votsap qrupu var idi, qrupun admini TƏBİB-in mütəxəsisi idi, xəstələr göndəriləndə həmin qrupa yazılırdı. Mənim hər hansı bir tibbi avadanlıq almaq səlahiyyətim olmayıb. Mən 2022-ci ilin, eləcə də 2024-cü ilin büdcəsində iştirak etməmişəm. Əgər alınacaq avadanlıq kiçik büdcə ilə həll olunurdusa, mən ala bilirdim. Bu səbəblərdən mərkəzin mühasibi işləyə bilməyəcəyini bildirərək işdən ayrılmışdı. Mən TƏBİB-ə iki ay yalvardım ki, bizə “buxqalter” göndərsinlər”.

Mehriban Abasquliyeva qeyd edib ki, mərkəzə direktor təyin ediləndən sonra TƏBİB-in İdarə Heyətinin sədri ora gəlib: “Fevral ayında böyük yoxlama oldu. TƏBİB-dən gələnlər problemlərlə bağlı aktlar yazmışdılar, mən həmin aktları görməmişəm. Yeni otaqların açılması ilə bağlı TƏBİB-ə məlumat verilmişdi. Özləri də gəlib həmin otaqları görmüşdülər. TƏBİB-in mütəxəssisi daima mərkəzə gəlirdi”.

Daha sonra proses cinayət işində olan sənədlərin tədqiqi ilə davam edib.

Növbəti proses aprelin 15-də davam edəcək.

Qeyd edək ki, 2004-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi, bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
14
globalinfo.az

10Mənbələr