O qeyd edib ki, görülən işlər çərçivəsində “28 May” stansiyası ətrafında iki ərazidə – Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma zonası və “Cəfər Cabbarlı” stansiyasının yaxınlığında yerləşən iki hazırlıq şaxtasının qazıntısı aparılıb:
“Bu şaxtalar inşaatın aparılması, texnika və materialların inşaat meydançasına endirilməsi məqsədilə istifadə olunur. “Cəfər Cabbarlı” stansiya yolundan başlayaraq əsas tunel sahəsinə qədər olan iki yanaşma sahəsinin tikintisi başa çatdırılıb.
Tikinti işləri ərazinin ağır geoloji mühitinə uyğun olaraq ən təhlükəsiz inşaat üsullarından Yeni Avstriya metodu ilə aparılır. Bununla da sahədə optimal texniki təhlükəsizlik tam təmin olunub.
Tikinti prosesi yerüstü sahədə avtobusların, dəmiryol vağzalının, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarının fəaliyyətinə heç bir maneə yaratmır. Ərazidən bütün istiqamətlərdə piyadaların təhlükəsiz hərəkəti üçün yollar təmin edilib.
Qeyd edək ki, 200 metrə yaxın tunelin inşası başa çatana qədər qatarların hərəkəti “İçərişəhər-Əhmədli” (habelə “Əhmədli-Həzi Aslanov” məkik hərəkət mənzili), “Dərnəgül-Nizami” və indiki kimi “Cəfər Cabbarlı-Xətai” olmaqla təşkil ediləcək. Tikintinin növbəti mərhələsində sərnişinlər “28 May” və “Nizami” stansiyaları arasında yerüstü nəqliyyatdan istifadə edəcəklər”.
“Eləcə də müvafiq digər avadanlıq, qurğu və sistemlərin quraşdırılması başa çatdıqdan sonra Qırmızı (“İçərişəhər-Həzi Aslanov”) və Yaşıl (“Dərnəgül-Xətai”) xətlər tam müstəqil fəaliyyət göstərməyə başlayacaq. Sərnişinlər Yaşıl xətdən Qırmızı xəttə və əksinə “28 May-Cəfər Cabbarlı” keçidindən istifadə edəcəklər”.