2 həftəlik atəşkəs və danışıqlar.
Bəs sonra?
SEPAH bayram edir, “qələbə” mahnıları oxuyur.
Dağılmış, sarsılmış, xaraba qalmış ölkənin ən çox ehtiyacı olan şey “Qələbə!” qışqırıqlarıdır. SEPAH da bunu yaxşı bilir.
Üstəlik, legitim olmayan, insanların nifrət bəslədiyi bir hakimiyyəti qorumaq üçün ən sınanmış viaqradır.
Səddam Hüseyn də qələbə havası oxutdururdu. Böyük bir koalisiya ilə vuruşdu, sonadək duruşunu pozmadı.
Onlarla düşmən təyyarəsi vurmuşdu. Onlarla düşmən əsgəri öldürmüşdü.
Bacara bilmədilər onunla.
“İraq yaşayır, yaşayacaq!”, – deyirdi.
Atəşkəs dönəmində Səddam Hüseynin ilk işi “Qələbə!” mahnısını oxumaq istəməyən şiələrin və kürdlərin əzilməsi oldu. ABŞ və qonşu ölkələr kürdlərlə şiələri ayağa qaldırdılar. Sonra çəkildilər qırağa. Səddam isə onları kimyəvi qazlarla zəhərlədi.
İraq olsun, görən SEPAH kimləri əzməyə qalxacaq?
Tramp geri çəkilməzdən öncə “kürdlər bizə xəyanət etdilər. Silahı özlərində saxladılar”, – dedi.
Özlərində deyərkən – İraqda, yoxsa İranda?
Silah İrandakı kürdlərdədirsə, iş var.
Hər bir halda İran ölkəsini və camaatını bu hala salmış bir rejimlə xalqın arası çətin düzələ. Tezliklə repressiyalar başlaya bilər.
İki həftə az vaxtdır. SEPAH ağıllı və tədbirli olsa, danışıqlarla bu müddəti uzada da bilər.
Trampa da fasilə lazımdır. Körfəz açıldı, neft qiymətləri aşağı düşdü. Arada İran dağıldı, 10 illər geri düşdü.
Tramp indi atını demokratların üzərinə sürəcək.
Bəs SEPAH? Atəşkəsi uzadıb nə edəcək? Dağılmış ölkəni bərpa edə biləcəkmi?
Bu dağıntılar içində ölkənin birliyini qoruyub-saxlaya biləcəkmi?
Səddam Hüseyn qoruya bilmədi.
Koalisiyaya qarşı ilk savaşdan sonra hakimiyyətdə 10 il qaldı.
Sonunu bilirsiniz.
Ona qarşı koalisiyada kimlər yox idi – Yaponiyadan Yeni Zelandiyaya, Almaniyadan Seneqala, Sinqapurdan Hondurasadək.
Hətta Suriya, Türkiyə də var idi.
İsrail isə yox idi.
Qıraqdan gələn düşmənlə savaşmaq bir işdir, öz xalqı ilə yollaşmaq ayrı.
SEPAH isə yollaşmaq yox, savaşmaq bacarır.
SEPAH qələbə çalıb, əlbəttə. Öz ölkəsi və orada yaşayan xalqlar üzərində.