İtalyan qəzeti “La Repubblica”, Donald Trampın vasitəçiliyi ilə ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşması barədə təhlil dərc edib. Nəşrin fikrincə, Amerika prezidenti hərbi əməliyyatın əvvəlində vəd etdiyi demək olar ki, heç bir şeyi əldə etmədən atəşkəsə razılaşıb. Oxuməni.az TASS –a istinadla xəbər verir ki, bu, bütün kampaniyanın məqsədəuyğunluğunu şübhə altına alır.
Tramp İrana ilk zərbələrin vurulması barədə əmr verərkən, Tehranada hakimiyyətin dəyişməsinin zəruriliyini açıq bəyan etmiş və hətta iranlıları küçələrə çıxmağa çağırmışdı. Lakin münaqişə zamanı Ağ Evdən gələn siqnallar getdikcə daha ziddiyyətli olur, bəyan edilən məqsədlər isə davamlı olaraq dəyişirdi. Rejimin devrilməsi əvəzinə, İranın təcavüzə cavab olaraq faktiki olaraq blokladığı Hörmüz boğazının açılması prioritetə çevrildi.
Bu blokadanın iqtisadi nəticələri o qədər ciddi oldu ki, hətta ABŞ-ın özündə MAGA ("Amerikanı yenidən böyük et"-red.) hərəkatının əsas seçiciləri arasında narazılığa səbəb oldu. Yanacağın qiymətinin artması və tədarükdə yaranan fasilələr amerikalıların ciblərinə ziyan vurdu, bu da Trampın siyasi mövqeyini zəiflətdi.
İranın on bəndlik təklifini Amerika lideri "danışıqlar üçün işçi baza" adlandırıb. Sənəddə sanksiyaların qaldırılması, Vaşinqtonun vurulan zərərlərə görə kompensasiya ödəməsi, İranın uranı zənginləşdirmək hüququnun tanınması və Tehranın Hörmüz boğazı üzərində nəzarəti saxlaması nəzərdə tutulur. Bu şərtlər, əslində, müharibənin başladığı bütün əsas tələblər üzrə ABŞ-ın təslim olması deməkdir.
İtalyan nəşri ritorik sual qaldırır: Tramp bu müharibəni nə üçün başlatmışdı və indi bu nəticəni ABŞ-ın münaqişədəki əsas müttəfiqi olan İsrail necə qəbul edəcək? Məqalədə vurğulanır ki, atəşkəs, böyük ehtimalla, Amerika diplomatiyasının və hərbi gücünün məğlubiyyəti kimi qəbul ediləcək.
Almaz Həsənli