AZ

Bir mahnı, bir ömür: “Ayrılıq” nəğməsinin sədasında yaşayan səs

Bu gün Əməkdar artist Yaqub Zurufçunun anadan olmasından 70 il ötür

Bakı, 8 aprel, AZƏRTAC

Yaqub Zurufçu Azərbaycan musiqi mədəniyyətində özünəməxsus iz qoymuş sənətkarlardandır. Onun səsi yalnız bir ifa vasitəsi deyildi, həm də xalqın duyğularını, ağrı-acısını və ümidlərini ifadə edən güclü bir vasitə idi. Vətənpərvərlik ruhunda səsləndirdiyi mahnılarla o, geniş dinləyici auditoriyasının qəlbində dərin iz buraxmış, milli musiqimizin sevənlərini öz ətrafında birləşdirmişdir.

Sənətkarın repertuarında vətən mövzusu xüsusi yer tutub. Bu mahnılarda Azərbaycan xalqının milli ruhu, azadlıq arzuları və torpağa bağlılığı bədii şəkildə əks olunub. Onun ifaları təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün də mənəvi körpü rolunu oynayıb, onlara vətən həsrətini bir az da yaxınlaşdırıb.

“Ayrılıq” mahnısı isə onun yaradıcılığının zirvələrindən biri hesab olunur. Bu əsər sadəcə bir mahnı deyil, ayrılığın ağrısını, həsrətin dərinliyini və insan ruhunun incə çalarlarını özündə əks etdirən duyğusal bir etiraf kimidir. Yaqub Zurufçunun bu mahnını ürəkdən, səmimi və təsirli şəkildə ifa etməsi onu dinləyicilərə daha da yaxınlaşdırmış, Azərbaycan musiqisində onun adını yaddaqalan sənətkarlar sırasına daxil etmişdir.

AZƏRTAC xəbər verir ki, bu gün unudulmaz sənətkar, Əməkdar artist Yaqub Zurufçunun anadan olmasının 70-ci ildönümü tama olur.

Yaqub Zurufçu 1956-cı ilin aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. 7 yaşında Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub, elə o illərdə Təbrizin uşaqlar proqramında iştirak edib və "Cücələrim" mahnısı ilə həm Azərbaycan, həm də İranda dillər əzbəri olub. 11 yaşında isə xalq mahnıları və bəstəkar mahnıları ilə tez bir zamanda tanış olan və məharətlə ifa edən Yaqub Zurufçu, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnılarını ifa edib.

Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsilinə başlayıb. Eyni zamanda Tehran operasının xorunda öz musiqi fəaliyyətini davam etdirib. 1979-cu ildə İranda xalq inqilabından 1 il sonra-1980-ci ildə İranı tərk edib. Almaniyaya köçən müğənni öz musiqi təhsilinə Hamburq şəhərində başlayıb və vokal sənəti üzrə bakalavr diplomunu, daha sonra Amerikanın Florida ştatının Miami şəhərində isə Miami Universitetində vokal sənəti üzrə magistr diplomunu alıb.

Ürəyində Azərbaycan musiqisi sevdası olan Yaqub Zurufçu hər zaman milli musiqi ruhuyla yaşayıb və Azərbaycana gəlmək ən böyük arzularından biri olaraq qalıb. Nəhayət, 1989-cu illərin əvvəllərində Azərbaycanın məşhur müğənnilərindən biri, Xalq artisti Gülağa Məmmədov Almaniyada olanda Yaqub Zurufçunun “Ayrılıq” mahnısına çəkmiş olduğu sadə klipi görüb heyrətə gəlib. Klipi Azərbaycana gətirib və televiziyada yayımlayıb. “Ayrılıq” mahnısı Azərbaycanın milli mənəvi dirçəlişinə yön verərək, Azadlıq hərəkatı zamanında da çox sevilib və 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, “Vətən” Cəmiyyətinin köməyi ilə müğənni ilk dəfə Azərbaycana gəlib.

O, ABŞ vətəndaşı olmaqla bərabər 2009-cu il iyulun 15-də Azərbaycan vətəndaşlığını da alıb. 2009-cu il sentyabrın 17-də "Azərbaycan Respublikasının Əməkdar artisti" adına layiq görülüb.

Yaqub Zurufçu 2021-ci il sentyabrın 14-də 65 yaşında vəfat edib və Bakıda dəfn olunub.

Seçilən
19
1
azertag.az

2Mənbələr